Britaniya mətbuatı: Dünya pasportları niyə 4 rəngdə olur?

Bu həftəsonu Britaniya mətbuatında:

  1. Türkiyə "Avropadan uzaqlaşıb"
  2. Trump-ın Rusiyadakı "biznes maraqları"
  3. Pasportların cəmi 4 rəngi olur

Türkiyə indi Avropadan həmişə olduğundan daha uzaqdır

"The Daily Mail" qəzeti Almaniyanın xarici işlər naziri Sigmar Gabriel-ə istinadən yazır ki, Türkiyənin Avropa İttifaqına qoşulmaq perspektivi heç vaxt indiki qədər uzaq olmayıb.

Fotonun müəllifi MARCUS BRANDT/Getty

Nazir həmçinin bildirib ki, Berlin Brexit-dən sonra Londonla yeni xüsusi münasibətlər qurmalı olacaq.

Der Spiegel qəzetinə verdiyi müsahibədə Gabriel deyib ki, onun Türkiyənin Avropa İttifaqına üzv olacağına dair əvvəllər də şübhələri olub, lakin o bu məsələdə özünün Sosial Demokrat Partiyasında həmişə azlıqda idi.

Məqalədə deyilir ki, 2005-ci ildə hakimiyyətə gəlməzdən əvvəl indiki kansler Angela Merkel Türkiyənin Aİ üzvlüyünün qəti əleyhdarı idi və Ankaraya ittifaqda yalnız "imtiyazlı partnyor" statusunun verilməsinə çağırırdı.

Gabriel deyib ki, onun fikrincə imtiyazlı partnyor statusu türklərin xətrinə dəyə bilərdi, çünki onlar özlərini ikinci dərəcəli avropalılar kimi hiss edərdilər. Amma Almaniya xarici işlər naziri əlavə edib ki, Britaniyanın Aİ-ni tərk etmək qərarından sonra o həmin fikrini dəyişib.

"Bu gün Brexit-ə görə situasiya kökündən dəyişib. Biz indi Böyük Britaniya ilə "xüsusi münasibətlər" qurmalıyıq" - deyib Gabriel.

Nazirin fikrincə, belə xüsusi münasibətləri indi ayrıca kateqoriya etmək mümkündür və bu mənada Türkiyəyə də belə xüsusi münasibət təklif oluna bilər.

Luksemburqun xarici işlər naziri Jean Asselborn isə Deutschlandfunk radiosuna müsahibəsində deyib ki, Türkiyənin Avropa üzərinə söz hücumu və bu ölkənin özündə qanunun aliliyinə ehtiram edilməməsi hazırda Aİ ilə Türkiyənin bir arada ola bilməyəcəyi deməkdir.

Fotonun müəllifi Uriel Sinai/Getty

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker "Bild am Sonntag" qəzetinə bildirib ki, Türkiyə, Aİ-nin onun üzvlüyünü istəmədiyinə görə yox, onun özünün Avropa standartlarına keçmək istəməməsinə görə ittifaqa üzv ola bilmir.

Juncker əlavə edib ki, Türkiyə ölüm cəzasını qaytarsa, onda onunla hər hansı üzvlük danışıqları dayandırlacaq.

Bu arada Türkiyə prezidenti Recep Tayyip Erdoğan Almaniya və Hollandiyanı "faşist" adlandırmaqla böyük qalımaqala səbəb olub.

Gabriel-in dediyinə görə, Almaniyadakı türklərin bir çoxu Erdoğanın dediklərini nə alqışlayır, nə də qəbul edir.

O deyib ki, Almaniya Erdoğana baş qoşmaqla onun kampaniyasına dəstək verməməlidir.

Nazir bildirib ki, Türkiyə rəsmiləri Almaniyanın qanunlarını pozmağa qalxsalar, ümumiyyətlə bu ölkədə hər hansı tədbir keçirmək imkanından məhrum ediləcəklər.


Trump-ın Rusiya ilə biznes maraqları üzə çıxıb?

"The İndependent" qəzeti yazır ki, Rusiyadan olan alıcılar Donald Trump-ın dəbdəbəli binalarında ev almağa 100 milyon dollar pul xərcələyiblər.

Fotonun müəllifi Spencer Platt/Getty

Bundan əvvəl ABŞ prezidenti dəfələrlə və israrla bildirirdi ki, onun Rusiyada heç bir əhəmiyyətli biznes maraqları yoxdur.

Keçən həftə çıxış etdiyi mətbuat konfransında Trump demişdi: "Mənim Rusiyada heç nəyim yoxdur. Mənim Rusiyada kreditim yoxdur. Mənim Rusiya ilə heç bir sazişim yoxdur".

Lakin Reuters-in araşdırması göstərib ki, Rusiya pasportu olan 63 nəfər Amerika boyunca dəbdəbəli Trump göydələnlərində 98,4 milyon dollarlıq mülklər alıb.

"The İndependent" yazır ki, Rusiya investorlarının Trump-a yatırdığı pulların məbləği bundan xeyli çox ola bilər, çünki bir çox mülklər anonim şəkildə ofşor şirkətlərin adı ilə alınıb.

Məqalədə deyilir ki, Trump-ın 7 yaşayış sahəsindəki 2044 mülk vahidi məhz ofşor şirkətləri vasitəsilə əldə olunub.

Alıcıların arasında Sankt Peterburq şəhərindəki banklardan biri və siyasi bağları olan bir neçə biznesmen var.

İnvestorlardan biri də Sankt Peterburqda mənzillənmiş Viking Bankının təsisçisi və prezidenti Aleksey Ustayevdir.

Bu Rusiyada kommunizmin çöküşündən sonra açılmış ilk investisiya bankıdır.

Ustayev Floridadakı Trump Palace kompleskində dəyəri 1, 2 milyon olan mənzil alıb.

Dövlət tikinti kombinatı Spetsstroy-un baş icraçı direktorlarından Aleksandr Yuzvik də Trump-a investisiya qoyanlardandır.

Yuzvikin şirkəti Moskvada FTX-nin təlim akademiyasında bir neçə layihə üzrə tikinti işləri aparıb.

Federal Təhqiqatlar bürosu keçmiş KGB-nin xələfi sayılır.

Sözü gedən 7 mülkdən 6-sını New York inşaat şirkəti Michael and Gil Dezer tikib.

Cənab Dezer Reuters-ə müsabəsində deyib ki, bu layihə ilkin satışdan 2 milyard dollar gəlir gətirib. Trump-ın bu məbləğdən götürdüyü faiz Dezerlərə Trump brendindən istifadəni davam etdirmək imkanı verib.

Lakin Dezer Trump-a verilən pulun məbləğini açıqlamaq istəməyib.

Miami-də aparıcı inşaat biznesmenlərindən Edgardo Defortuna deyib ki, Trump çox güman ilkin satışdan 1 və 4 faiz arasında mənfəət götürüb.

Əgər bu təxmin doğrudursa, onda Trump-ın qazancı 20 milyonla 80 milyon dollar arasında olmalıydı.

Bu açıqlamalardan sonra demokrat senator Adam Schiff deyib ki, Trump özünün bütün maliyyə maraqlarının tam miqyasını bəyan etməlidir.

Senator deyib ki, Trump-ın öz vergi sənədlərini açıqlamaqdan imtina etməsi ilə yanaşı, onun bu gəlirləri də Amerika xalqını narahat etməlidir.

Trump Organization təşkilatının sözçüsü Alan Garten deyib kiI, bu məsələ mətbuat tərəfindən süni şəklildə çşişirdilib.

Ağ Ev şərh verməkdən imtina edib.


Pasportların cəmi dörd rəngi olur

"The Mirror" qəzeti yazır ki, dünyada 200-dək ölkə olsa da, pasportların rəngi cəmi dörd cür olur.

Amma bu dörd rəngin də öz mənası var.

Fotonun müəllifi Justin Sullivan/Getty

Məsələn Britaniya pasportu qırmızıdır. Əslində Avropa İttifaqına daxil olan ölkələrin hamısının pasportları bu rəngdədir. Bircə Xorvatiyanın pasportu burqund şərabının rəngindədir. Amma elə bunu da qırmızının çaları hesab etmək olar.

Məqalədə deyilir ki, nə vaxtsa Avropa İttifaqına üzv olmaq istəyən bir neçə ölkənin də pasportları qırmızı rəngdədir.

İsveçrənin pasportu daha al qırmızıdır. Ölkənin bayrağı da elə bu rəngdədir. Hərçənd İsveçrə Aİ üzvü deyil.

Sayına görə ölkələrin ikinci böyük qrupunun pasportları mavi rəngdədir.

Deyilənlərə görə mavi "Yeni dünya ölkələrinin" pasportlarına aiddir. Karib körfəzində 15 belə ölkə var.

Cənubi Amerikada da ölkələrin bir çoxunun pasportları mavidir. Bu qrupa Braziliya, Argentina və Paraqvay daxildir. Təkcə Venesuela qırmızı rəngə üstünlük verib.

"The Mirror" yazır ki, dünyanın ən məşhur mavi pasportlarını Birləşmiş Ştatların vətəndaşları daşıyırlar, hərçənd ABŞ pasportları 1976-cı ildən bu rəngdə çap olunur.

Yəqin ki, yaşıl rəngə İslam ölkələrinin üstünlük verdiyini demək artıqdır. Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan və sair.

Amma Qərbi Afrika İqtisadi Birliyinin üzvü olan bəzi ölkələrin, məsələn Seneqal və Nigerin də pasportları yaşıldır.

Qara pasportların niyə qara olduğunu söyləmək çətindir. Ola bilsin, daha praktik rəngdir, yəni tez çirklənmir. Üstəlik də daha ciddi və daha rəsmi görünür.

Botsvana, Zambiya və Yeni Zelandiya öz pasportları üçün qara rəngi seçiblər.

Yeni Zelandiyanın milli rəngi də elə qara sayılır.