Britaniya mətbuatı: Suyun neftdən baha olacağı günə çox qalmayıb

  • 20 Mart 2017
Fotonun müəllifi Reuters

Almaniyanın Trumpa borcu yoxdur

"The Guardian" yazır ki, Almaniyanın müdafiə naziri xanım Ursula von der Leyen Donald Trump-ın Almaniyanın NATO-ya və ABŞ-a "böyük məbləğdə" pul borclu olduğu barədə iddiasını rədd edib.

"NATO-da borc hesabı yoxdur" - deyib xanım Von der Leyen.

O izah edib ki, alyans üzvlərinin 2024-cü ilədək iqtisadi gəlirlərinin 2 faizinin müdafiəyə xərcləməsi dedikdə yalnız NATO xərcləri nəzərdə tutulmur.

Nazirin sözlərinə görə, Almaniyanın müdafiə xərcləri həm də BMT-nin missiyalarına, Avropanın missiyalarına və antiterror mübarizəsinə gedir.

Ötən həftəsonunu özünün Floridadakı Mar-a-Lago malikanəsində keçirən Trump şənbə gecəsi postladığı tvitdə yazırdı: "Almaniyanın NATO-ya və ABŞ-a böyük məbləğdə pul borcu var…"

Bundan bir gün əvvəl Trump Ağ Evdə Almaniya kansleri Angela Merkellə görüşmüşdü.

Trump-ın tvitdə yazdıqlarını keçmiş prezident Barack Obamanın NATO-dakı daimi nümayəndəsi də kəskin tənqid edib.

2009-2013-cü illər arasında NATO-da prezident nümayəndəsi olmuş Ivo Daalder Trumpa xitabən yazıb: "Bağışlayın cənab prezident, NATO siz deyən kimi işləmir. Bu, sizin üçün maliyyə qurumu deyil. NATO üzvləri alyansa ödənişləri ABŞ-ın onları müdafiə etməsi üçün etmirlər. Bu bizim müttəfiqlərimiz qarşısındakı öhdəliklərimizin bir hissəsidir".

Trump bundan əvvəl Almaniya və başqa NATO üzvlərini alyansa ödəniş öhdəliyini yerinə yetirməyə çağırmışdı.

Von der Leyen deyib ki, maliyyə yükünü hamı çəkmək istəyir, lakin bunun üçün müasir təhlükəsizlik konsepsiyasına ehtiyac var.

Buraya təkcə NATO xərcləri yox, həm də Avropa müdafiə ittifaqı və BMT missiyalarına xərclər daxildir.

2018-ci il üçün Almaniyanın müdafiə xərcləri 1. 4 milyard avro artaraq 38, 5 milyard avroya çatacaq.

Almaniyanın maliyyə naziri Wolfgang Schäuble deyib ki, bu, ümumi daxili gəlirin 1, 26 faizidir.

Washington səfəri zamanı xanım Merkel bəyan etmişdi ki, Almaniya ondan tələb edilən 2 faiz hədəfinə çatmağa səy göstərəcək.

Fotonun müəllifi EPA

İsrail Suriyanın havadan müdafiə sistemini dağıdacağı ilə hədələyib

"The İndependent" qəzetinin yazdığına görə, İsrailin müdafiə naziri, "Dəməşq bir daha İsrailin qırıcılarını hədəfləyərsə, Suriyanın hava hücumundan müdafiə sistemini məhv edəcəyi" ilə hədələyib.

İsrail hərbiyyəsi ötən həftə Suriya üzərində onun təyyarələrinə atılmış bir neçə yer-göy raketlərini vurduğunu bildirib. Bu insident iki qonşu arasında son illərin ən ciddi toqquşmasıdır.

İsrail hərbi-hava qüvvələrinin rəsmiləri bildiriblər ki, İsrailin dörd hərbi təyyarəsi İran tərəfindən dəstəklənən Livan Hizbullahına silah daşıyan maşın karvanını məhv etmək missiyasında olduğu vaxt onlara Suriyadan üç yer-göy raketi atılıb.

Bu raketlərdən biri İsrailin "Arrow" kimi tanınan Havadan Müdafiə Sisteminin radarına düşüb.

İsrailin müdafiə naziri Avigdor Lieberman xəbərdarlıq edib ki, suriyalılar İsrail təyyarələrinə qarşı bir daha özlərinin hava hücumundan müdafiə sistemini işlətsələr, bu sistem tamamilə məhv ediləcək.

Dəməşq iddia edib ki, təyyarələrdən biri İsrailin nəzarətində olan ərazi üzərində vurularaq yerə salınıb, digəri isə vurulub. İsrail hərbiyyəsi heç bir təyyarəsinə xətər toxunmadığını bildirib.

Suriya ordusunun bəyanatında bildirilir ki, İsrail əslində Palmira yaxınlığında "İŞİD-in quldur dəstələrinə" dəstək verməyə çalışıb.

"The İndependent" yazır ki, son illər ərzində İsrailin Suriya ərazisi üzərindəki zərbələri Hizbullah qruplaşmasının silahlandırılmasına qarşı yönəlib.

Hizbullah hazırda prezident Bəşər Əsədin müttəfiqlərindən biridir.

İsrailin baş naziri Benjamin Netanyahu deyib ki, Hizbullaha müasir silahların çatdırılması barədə hər hansı kəşfiyyat xəbərinin alınması İsrail təyyarələrinin zərbəsi ilə nəticələnəcək.

Hazırda Suriya göylərində Rusiya, Suriya, ABŞ və İsrail təyyarələri ən müxtəlif əməliyyatları həyata keçirirlər.

Fotonun müəllifi Thinkstock

Su neftdən baha olacaq

"Financial Times" Fransanın Suez şirkəti rəhbərinə istinadən yazır ki, insanların, sənayenin və kənd təsərrüfatının tələbləri artdıqca su bir gün neftdən baha ola bilər.

Jean-Louis Chaussade-in Suez firması bu ay General Electric şirkətindən qiyməti 3, 4 milyard avro olan su aqreqatı alıb.

O deyir ki, yaxın gələcəkdə kimya, dava-dərman, mədənçilik və enerji kimi sənaye sahələrinin ən böyük çətinliyi adi su ilə bağlı olacaq.

"Financial Times" qəzetinin "su bir gün neftdən daha bahalı xammal ola bilərmi" sualına cənab Chaussade "bəli" cavabını verib.

Şirkət rəhbəri deyib ki, 2035-ci ildə dünya əhalisinin 40 faizi sudan korluq çəkən ərazilərdə yaşayacaq. Bu isə öz növbəsində sənaye şirkətlərini insanlarla və əkinçiliklə su uğrunda rəqabət aparmağa məcbur edəcək.

"Hökumətlər sənayelərə deyirlər: Buyurun burada işləyə bilərsiniz, amma torpağın altındakı su ilə işiniz olmasın" - deyib Chaussade.

O inanır ki, şirkətlər yaxın gələcəkdə yalnız çirkab sularının təmizlənməsinə və dəniz suyunun duzsuzlaşdırılmasına bel bağlaya biləcəklər.

Chaussade deyib ki, sənayelər üçün su xidmətlərinin 95 milyard avroluq bazarı ildə 5 faiz artımla inkişaf edəcək. Bu, ildə 3 faiz olacaq qlobal iqtisadi artımdan çoxdur.

Lakin "Financial Times" yazır ki, Suez sənaye suları bazarına investisiya yatırdığı bir vaxtda Fransanın enerji qrupu Engie neft, qaz, habelə kömür sənayesini tərk etməyə hazırlaşır.

Məqalədə deyilir ki, hazırda sənayelər qlobal suyun beşdə birindən istifadə edirlər, halbuki insanlar bunun yalnız 5 faizini istehlak edirlər. Suyun qalanı kənd təsərrüfatına gedir.

GE Water şirkəti ExxonMobil, Pfizer və Nestlé kimi şirkətlərin sudan istifadəsini və istehlakını idarə edir.

Bu ABŞ şirkətinin gəlirlərinin yarısı elə Birləşmiş Ştatlardan gəlir, lakin Chaussade deyir ki, sənaye suları üçün əsas bazar inkişaf etməkdə olan ölkələr, o cümlədən, Çindir.

O deyir ki, Çin hökuməti bundan sonra sudan normal istifadə etməyən şirkətlərin bu ölkədə zavodlar tikməsinə icazə verməyəcək.

Maraqlıdır ki, Suez şirkəti GE şirkətinin su aqreqatını Kanadanın Caisse de Dépôt et Placement du Québec pensiya fondu ilə şərikli alıb.