Britaniya mətbuatı: Qadınlara cinsi təcavüz edən niyə qadın oldu?

Fotonun müəllifi Getty Images

Qadınlara cinsi təcavüz edən niyə qadın oldu?

"The Telegraph" yazır ki, qadını zorlamaqda ittiham edilərək məhkum olunmuş transgender şəxs dövlət səhiyyəsi sistemində cinsiyyət dəyişikliyi əməliyyatından keçdikdən sonra qadın həbsxanasına tranfer edilib.

Əvvəllər Martin Ponting adı ilə tanınan 50 yaşlı bioloji kişi cinsiyyəti dəyişdirildikdən sonra Jessica Winfield ad və soyadını qəbul edib.

Bundan sonra 12 il əvvəl ömürlük həbs cəzasına məhkum edilmiş bu şəxsi Cambridge-dəki sərt rejimli Whitemoor həbsxanasından Surrey-dəki Bronzefield qadın həbsxanasına köçürüblər.

Qəzet yazır ki, bu transfer onun gətirildiyi qadın həbsxanasındakı məhbusların narahatlığına səbəb olub.

Onlardan bəziləri özlərinə qəsd edəcəkləri ilə hədələyiblər.

Qadın zorlamaq üstündə məhkum edilmiş Winfield-in iki qurbanından biri mətbuata deyib: "Bu qərar zorlama qurbanlarını ələ salmaq kimidir. Bu mənim və onun digər qurbanının üzünə türürmək kimidir".

Zorlama qurbanı beş il bundan əvvəl hadisənin psixoloji travmasını geridə qoymaq məqsədilə ona təcavüz etmiş şəxsə həbsxanada baş çəkib və bu zaman onun artıq qadın qiyafəsində olduğunu görüb.

"The Telegraph" yazır ki, Winfield kişi həbsxanasından qadın həbsxanasına keçirilən ilk zorlama məhkumu deyil.

Qanuna görə məhbusun cinsiyyəti rəsmi şəkildə təsdiq edilərsə həbsxana rəsmiləri onun tələbini yerinə yetirməjk məcburiyyətindədirlər.

Transgender məhbuslar dövlət səhiyyəsi tərəfindən cinsiyyət dəyişikliyi cərrahiyyə əməliyyatı hüququnu ilk dəfə 1999-cu ildə qazanıblar. O zaman bu məhkəmə iddiası ilə 6 məhbus çıxış etmişdi.

"The Mirror" yazır ki, Winfield iki yeniyetmə qızı zorladığına görə 1995-ci ildə ömürlük həbs cəzasına məhkum edilib, lakin artıq gələn il azad ediləcəyinə ümid bəsləyir.

Lakin Winfield-in cinsi təcavüzünə məruz qalmış qurban deyib ki, cərrahiyyə onun cinsiyyətini dəyişsə də, beynini dəyişməyib və o bəd əməllərini, xüsusən də uşaqlara qarşı davam etdirə bilər.

Ötən ay zorlama və qətlə görə həbsxana cəzası çəkən başqa bir məhbus - bir vaxtlar qəzetlərin xəbər başlıqlarında olan Ian Huntley xahiş edib ki, başqa məhbuslar onun adını "Lian" olaraq tələffüz etsinlər. Bu İan adının qadın versiyasıdır.

43 yaşlı uşaq qatili Huntley 2002-ci ildə iki qız uşağlnı qətlə yetirdiyinə görə azı 40 il azadlıqdan məhrum edilmişdi.

Fotonun müəllifi YASIN AKGUL/AFP/Getty Images

Erdoğan referendumu udsa, Yaxın Şərq yanaca

"Express" qəzeti yazır ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan ölkəsində konstitusiya islahatına yol açacaq referendumda qalib gəlmək üçün əlindən gələni əsirgəmir, çünki konstitusiyaya dəyişiklik ona yeni və limitsiz səlahiyyətlər verəcək.

Məqalədə deyilir ki, cənab Erdoğanın bu referendumda qalib gəlmək cidd-cəhdləri hətta Türkiyəni Avropanın bir neçə ölkəsi ilə diplomatik toqquşamaya gətirib çıxarıb.

Lakin tanınmış Yaxın Şərq ekspertlərindən biri "Express" qəzetinə deyib ki, Erdoğanın bu referendumdan qalib çıxması bütün Ərəb dünyası boyunca böyük xaosa səbəb ola bilər.

Abdel Mottaleb əl-Hüseyni deyib ki, cənab Erdoğanın bu referendumda məqsədinə nail olması bütün region üçün faciəli nəticələr verəcək.

Ekspert deyir ki, söhbət xüsusilə də regiondakı kürdlərdən gedir. Onun fikrincə Erdoğan hüdudsuz səlahiyyətlər əldə etdikdən sonra barışığa olan bütün ümidlərin üstündən xətt çəkiləcək.

Əl-Hüseyni bildirib ki, öz səlahiyyətlərini artırandan və bütün türklərin dəstəyini əldə edəndən sonra Erdoğan kürdlərin muxtariyyət arzularını məzara göməcək.

Ekspertin qənaətinə görə bütün bunlar kürd qruplaşmaları tərəfindən törədilən terror aktlarını intensivləşdirəcək və Ankaranın buna reaksiyası daha şiddətli olacaq.

Əl-Hüseyni deyib ki, Erdoğan İraq və Suriya kürdləri üzərinə hücumlarını gücləndirə bilər.

Ekspert bildirib ki, artıq indidən İraq və Suriya ərazilərində Türkiyə hərbçiləri var. Onlar rəsmən PKK-ya qarşı vuruşduqlarını bildirsələr də, əslində işğalçı qüvvə funksiyasını daşıyrılar.

Əl-Hüseyninin fikrincə, hazırda Yaxın Şərqdə sünni Körfəz ölkələri ilə şiə İran arasında kövrək balans mövcuddur, lakin Türkiyənin bölgəyə daha fəal müdaxiləsi bu balansı poza bilər.

Ekspert bildirib: "Türkiyə prezidenti Qətər, Səudiyyə Ərəbistanı və İordaniya ilə alyans istəyir, lakin onun istəyi həm də bu alyansda başçı olmaqdır".

Əl-Hüseyni belə bir nəticəyə gəlir ki, bütün bunlar Yaxın Şərq regionuna od sala bilər.

Fotonun müəllifi Getty Images

Neftin qiyməti 50 dollardan aşağı enə bilər

"Financial Times" qəzeti yazır ki, riskli investisiyalarla işləyən hedge tipli fondlar neft qiymətlərinin qalxma proqnozlarını azaldıblar və bu, qiymətlərin bir barel üçün 50 dollardan aşağı düşəcəyinin siqnalı ola bilər.

Son həftə ərzində bu fondlar minimum və maksimum neft qiymətləri arasındakı proqnoz məsafəsini də ixtisar ediblər.

Neft qiymətləri ötən həftə son üç ayda ən aşağı həddinə düşüb və bu isə öz növbəsində OPEC-in qiymətləri qaldırmaq üçün gördüyü tədbirlərin uğuruna şübhələri artırıb.

OPEC və Rusiya da daxil bir sıra neft ixracatçısı olan ölkələr neft qiymətlərinin enişinin qarşısını almaq üçün hasilatı ixtisar etmək barədə razılaşma imzalamışdılar. Bununla da dünya anbarlarını boşaltmaqla neftə olan tələbatın və qiymətlərin dirçəlməsi gözlənilirdi.

Hazırda Brent markasından olan neftin qiyməti bir barel üçün 50 dollardan bir qədər yüksəkdə qalxıb-enir.

Saxo Bank firmasının analitiki Ole Hansen deyib ki, ABŞ anbarlarında neftin çoxalması və OPEC-in hasilatı ixtisar etmək strategiyasının uğuruna şübhələr nəhayət hedge fondlarından gözlənilən reaksiyaya səbəb olub.

Brent markasından olan neftin qiyməti bu il ərzində qalxdığı ən yüksək qiymətdən 12 faiz aşağı sürüşüb.

Bundan əvvəl hedge fondları OPEC və Rusiyanın hasilatın ixtisarına dair razılaşmasına dəstək verirdilər.

Bu qərar qəbul edildikdən sonra ötən dekabrda neft qiymətləri 25 faiz artım görmüşdü.

Lakin 2017-ci ilin əvvəllərindən ABŞ-ın neft hasilatçıları hasilatı artıraraq gələcək kontraktların imzalanmasına girişdilər, bu isə qiymətləri müəyyən həddə "kilidləmiş" oldu.

Neft qiymətləri, nəhayət iki həftə bundan əvvəl, Səudiyyə, ABŞ neft hasilatının dirçəldiyini və anbarlardakı neftin azalmadığını etiraf edəndən sonra aşağı sürüşməyə başlayıb.

Nəticədə fondlar da proqnoz qiymətlərini martın əvvəlindəki qiymətlərdən 9 faiz aşağı olaraq müəyyən ediblər. Beləliklə, fondların maksimum və minimum qiymətlər arasında müəyyən etdiyi məsafə az qala yarıbayarı azalıb.

Bazar ertəsi JPMorgan 2017-ci il üçün neft qiyməti proqnozunu 55, 75 dollara endirib.

Bu ondan xəbər verir ki, 2018-ci il üçün qiymətlər bundan da aşağı ola bilər.

Buna baxmayaraq bir çox neft ticarətçiləri inanırlar kli, OPEC-in hasilatı ixtisar etmək planı əvvəl-axır bəhrəsini verəcək.

Onlardan bir çoxları ümid edirlər ki, ilin ikinci yarısı anbarlarda olan izafi neftin həcmi azalacaq və onda hedge fondları da bazarı təlatümə gətirən proqnozlarını sabitləşdirəcəklər.

Bu barədə daha geniş