Şimali Koreyanın raket sınağı "uğursuz olub"

Şimali Koreyada raket sınağı Fotonun müəllifi Reuters
Image caption ABŞ hərbiyyəsi atıldıqdan bir neçə saniyə sonra partlayan raket aşkarladığını deyib

Şimali Koreyanın raket atmaq cəhdi uğursuz alınıb, Cənubi Koreyanın müdafiə nazirliyinin rəsmiləri deyib.

Lakin neçə raketin atıldığı, yaxud necə bir silahın sınaqdan keçirildiyi məlum deyil.

ABŞ hərbiyyəsi atıldıqdan bir neçə saniyə sonra partlayan raket aşkarladığını deyib.

Şimali Koreyaya Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən hər hansı raket və ya nüvə sınaqlarının keçirilməsi qadağan olunub.

Amma ölkə belə sınaqları daha tez-tez keçirib. Mütəxəssislər hesab edir ki, bu ölkənin raket texnologiyasının inkişafına gətirib çıxara bilər.

Bu ayın əvvəlində Şimali Koreya təxminən 1,000 km uzağa uçan və Yaponiya sularında eniş edən dörd raket zərbəsi endirib.

Bu sınaq Wonsan-ın şərq sahil şəhərində aparılıb və illik ABŞ-Cənubi Koreya hərbi məşqlərinə cavab kimi dəyərləndirilir. Şimali Koreya bu hərbi məşqləri özünə qarşı hücum üçün hazırlıq kimi görür.

Fotonun müəllifi European Photopress Agency
Image caption Ötən həftəsonu ölkə lideri Kim Jong-un-un öz raket texnologiyasında irəliləyiş adlandırdığı raket mühərrikində yoxlama aparılıb

Şimali Koreyanın ABŞ-a zərbə vura biləcək qitələrarası ballistik raket hazırladığı iddia edilir.

Ölkə bundan əvvəl "raketlərin üzərinə yerləşdirmək üçün nüvə başlığını uğurla yığcamlaşdırdığını" bildirib.

Lakin əksər mütəxəssislər hesab edirlər ki, Şimali Koreya belə bir məqsədi həyata keçirməkdən hələ uzaqdır.

Ötən həftəsonu ölkə lideri Kim Jong-un-un öz raket texnologiyasında irəliləyiş adlandırdığı raket mühərrikində yoxlama aparılıb. Bu iddia müstəqil ekspertlər tərəfindən təsdiqlənməyib.

İş o yerə çatıb ki, ABŞ Dövlət Katibi Rex Tillerson Şimali Koreyanın son hərəkətləri, o cümlədən, iki ən son nüvə sınaqları ilə bağlı danışıqlar aparmaq üçün Yaponiya, Cənubi Koreya və Çini ziyarət edib.

Cənab Tillerson deyib ki, əgər Şimali Koreya Cənubi Koreyanı və ya ABŞ-ı hədələsə, hərbi variant nəzərdən keçiriləcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş