Britaniya mətbuatı: İy bilməmək niyə təhlükəli əlamət sayılır?

Fotonun müəllifi AFP

Təyyarələrdə elektron cihazları niyə qadağan ediblər?

"The İndependent" yazır ki, Türkiyə ABŞ-a 10 beynəlxalq hava limanından uçan təyyarələrin sərnişin salonlarında sərnişinlərə aid elektron cihazlarına qoyulmuş qadağanı ləğv etdirməyə çalışacaq.

Əsasən Yaxın Şərq və Şimali Afrikadakı hava limanlarının arasında İstanbul aeroportu da var.

Tükiyənin nəqliyyat naziri Ahmet Arslan bu qadağanın səhv addım olduiğunu bildirib. O deyib ki, Ankara ABŞ tərəfindən qoyulmuş bu qadağanın ləğvinə və ya heç olmasa yumşaldılmasına çalışacaq.

ABŞ təfərrüatları açıqlanmayan səbəblərlə Yaxın Şərqin 10 beynəlxalq hava limanından ABŞ-a uçan təyyarələrin sərnişin salonlarında mobil telefondan böyük hər hansı elektron cihazları, daha dəqiq deyilsə noutbuk və iPad-ləri qadağan edib.

Sərnişinlərə adı çəkilən cihazları baqaja vermək qadağan olunmur.

Bu qaydalar martın 21-dən qüvvəyə minib və qadağana əməl etməyən təyyarələrin ABŞ-a enməsinə icazə verilməyəcək.

ABŞ rəsmiləri bildiriblər ki, bu qərar "təhlil edilmiş kəşfiyyat məlumatlarının" əsasında çıxarılıb. Bu məlumatlara görə Birləşmiş Ştatlara uçan təyyarələrə davam edən hədə mövcuddur.

Rəsmilər bu məlumatın alınma vaxtını və ya hansı terrorçu qrupların hücum hazırladıqlarının xırdalıqlarına varmayıblar.

Bu məlumatı jurnalistlərə verən rəsmilər adlarının açıqlanmamasını istəyiblər.

ABŞ-a Əmmandan (İordaniya), Küveyt şəhərindən (Küveyt), habelə Qahirə, İstanbul, Ciddə və Riyaddan (Səudiyyə), Kasablankadan (Mərakeş), Dohadan (Qətər), Dubay və Abu Dabidən (Birləşmiş Ərəb Əmirlikləri) uçan təyyarələrin sərnişin salonlarında elektron cihazların olmasına icazə verilmir.

Bu qadağan 50 gündəlik uçuşu təsirləndirəcək.

Qahirə beynəlxalq hava limanındakı rəsmilər deyiblər ki, onlara təyyarə salonlarına elektron cihazların keçirilməsinə qadağan qoyulduğuna dair heç bir təlimat verilməyib.

Rəsmilər bildiriblər ki, New York şəhərinə uçan EgyptAir reysindəki sərnişinlərin salona noutbuk, iPad və başqa cihazları keçirməsinə imkan yaradılıb.

İordaniya kral aviasiyası da qadağanın hələlik həyata keçirilmədiyini bildirib.

Fotonun müəllifi Reuters

Trump-a kredit verən bank Rusiya pullarını yuyurmuş

"The Guardian" yazır ki, Donald Trump-a 300 milyon dollar kredit vermiş Almaniya bankının Kremlə bağlı kriminalların çirkli pulları yumasında iştirak etdiyi üzə çıxıb.

Məqalədə iddia olunur ki, Deutsche Bank Rusiya mənşəli azı 20 milyard dollar məbləğində çirkli pulların yuyulmasında iştirak edən 10-15 maliyyə təsisatlarından biridir.

"Global Laundramat" adı ilə tanınan bu sxem 2010-2014-cü illərdə fəaliyyətdə olub.

Qəzet yazır ki, hazırda hüquq-mühafizə orqanları möhkəm siyasi əlaqələrə malik rusların Britaniyada qeydiyyata alınmış şirkətlərdən istifadə edərək milyardlarla dollar çirkli pulu necə yuya bilmələrini araşdırır. Bu sxemə görə şirkətlər bir-birlərinə ruslar tərəfindən imzalanmış saxta kreditlər verirdilər.

Bundan sonra şirkətlər "borcu" qaytarmadıqda defolt vəziyyətinə salınırdılar. Bu Rusiya bank hesablarına Moldovaya leqal şəkildə nəhəng məbləğlər transfer etmək imkanı verirdi. Buradan isə pullar Latviyadakı Trasta Komercbanka bankında hesablara yatırılırdı.

İndi məlum olub ki, Almaniyanın ən böyük kreditorlarından olan Deutsche 2015-ci ildək həmin Trastanın təmsilçiliyini edib. Bu isə o deməkdir ki, Deutsche Trastanın Almaniya vətəndaşı olmayan müştərilərinə dollarla xidmətlər göstərib. Bu xidmət pulun Latviyadan dünya boyunca banklara köçürülməsinə imkan yaradıb.

Bu müddət ərzində ABŞ bankları Latviyanı tərk etməyə başlayıblar. Onlar bu kiçik Baltikyanı ölkənin, xüsusilə də Rusiyadan gələn çirkli pulların yuyulması üçün beynəlxalq mərkəzə çevrilməsindən narahat idilər.

2013-cü ildə ABŞ-ın maliyyə nəzarəti təsisatlarının təzyiqi altında Amerikanın JP Morgan Chase bankı Latviyaya dollar xidmətlərinin göstərilməsini dayandırıb.

2014-cü ildən sonra yalnız iki Qərb bankı Latviyadan dollar transferləri qəbul etməyə razı idi. Bunlar Almaniyanın Deutsche və Commerzbank bankları idi. Axırda Deutsche Bank da 2015-ci ilin sentyabrında Trasta Banka xidmət göstərilməsini dayandırıb.

6 aydan sonra isə Latviya hökuməti bu bankı bağlayıb. Hökumət qərarında deyilirdi ki, bank çirkli pulların yuyulmasının qarşısını alan mexanizmlərdən istifadə etməyib.

Latviya maliyyə nazirinin müavini Maija Treija deyib ki, Trasta vasitəsilə transfer edilən pullar ya "oğurluq", ya da "kriminal mənşəli" idi.

Bu bank əslində keçmiş Sovet İttifaqı respublikalarından çıxarılan pulu "Avropa İttifaqı maliyyə sisteminə köçürürdü".

Bu arada Deutsche Bank başqa bir həssas məsələnin araşdırılmasına başlayıb. Fevral ayında aşkar olub ki, bank özünün özəl filiallarından biri vasitəsilə prezident Trump-a köçürülmüş bir neçə kreditin Rusiya ilə bağlı olub-olmadığının araşdırılmasına başlayıb. Trump bu bankdan 300 milyon dollarlıq kredit alıb.

Bəzi mənbələrin verdiyi məlumata görə, Moskva ilə hər hansı əlaqə aşkar edilməyib. Bu həm də prezident ailəsinin Deutsche müştəriləri olan başqa üzvlərinə də aiddir. Söhbət Trump-ın qızı İvanka, onun əri Jared Kushner və Kushner-in anası Seryl Stadtmauer-dən gedir.

Ötən yanvarda Britaniya və ABŞ Deutsche Bankın Moskva ofisindən həyata keçirilən başqa bir çirkli pulların yuyulması sxeminə görə bankın üzərinə 630 milyon dollarlıq cərimə qoyub.

Məlum olub ki, bank 10 milyard dollar məbləğində Rusiya mənşəli pulların yuyulmasının qarşısını ala bilməyib.

Bu sxemdə iştirak etmiş zəngin Rusiya biznesmenlərinin adları çəkilmir.

Digər tərəfdən Deutsche Bankın Trump-a kredit vermiş özəl filialının Global Laundromat sxemi ilə əlaqəsi müəyyən edilib.

Təhqiqat Jurnalsitlərinin Beynəlxalq Konsorsiumu və "Novaya qazeta" qəzetinin apardığı araşdırmadan bəlli olub ki, Rusiyadan çıxarılan pulların böyük bir qismi qondarma ofşor şirkətlərində itib, qalanları isə brilyant, dəri pal-paltar və ev avadanlığı kimi lüks mallara xərclənib.

Fotonun müəllifi Getty Images

Çiyələyin iyini bilməmək niyə qorxuludur?

"The Telegraph" yazır ki, iybilmə qabiliyyətini orta və ya daha ahıl yaşlarında itirən adamlar erkən ölüm riski ilə üzləşə bilərlər.

Stockholm Universitetinin alimləri 40 və 90 yaşları arasında olan 1774 nəfərin həyatını 10 il müddətində müşahidə etdikdən sonra belə bir nəticəyə gəliblər.

Müşahidə altında olan insanlardan 13 müxtəlif iyin müəyyən edilməsi istənmişdi.

Təcrübə göstərib ki, adamların ölmək riski onların bu testdən necə keçmələri ilə bağlı olub.

Bu test zamanı hər hansı iyin düzgün müəyyən edilməməsi və ya ümumiyyətlə hiss edilməməsi ölüm riskini 8 faiz artırırdı.

Bu araşdırma təsdiq edib ki, insanın iybilmə qabiliyyəti yaşlanmaqda olan beynin necə fəaliyyət göstərdiyini nümayiş etdirə bilər.

Alimlər qrupuna başçlılıq edən doktor Jonas Olofsson deyib ki, iybilmə qabiliyyətinin zəifləməsi və ya itməsi ilə demensiya xəstəliyi arasındakı əlaqə çoxdan təsdiq edilmişdi, lakin yeni təcrübə bunun həm də erkən ölüm riski ilə bağlı olduğunu göstərib.

Alim deyib ki, gələcəkdə bu əlaqənin bioloji mexanizmi öyrəniləcək.

Harvard Universitetinin apardığı təcrübələr göstərib ki, Altsaymer xəstəlindən əzab çəkən insanlar 10-dək ən geniş yayımış iyləri təyin etməkdə çətinlik çəkirlər. Bunlar limon, nanə və çiyələk kimi qoxulardır.

Alimlər düşünürlər ki, beyin hüceyrələrinin kirəcləşməsi iybilmə sinirlərinin işinə mane olur.

Bununla yanaşı iybilmə qabiliyyətini müvəqqəti itirən adamlar bundan narahat olmamalıdırlar. Bu, sinusit deyilən başqa bir xəstəliklə bağlı ola bilər.