Trump-ın keçmiş məsləhətçisi Ukraynadan 750 min dollar ödənişi "gizlədib"

Paul Manafort. File photo Fotonun müəllifi Reuters
Image caption Paul Manafort Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin məsləhətçisi olub

Ukraynada Donald Trump-ın keçmiş kampaniya rəhbəri Paul Manafort-a gizli pul ödənişləri barədə yeni ittihamlar üzə çıxıb.

Millət vəkili Serhiy Leşenko əlində 2009-cü ildə cənab Manafortun Rusiya-yönümlü siyasi partiyadan aldığı 750 min dollarlıq ödənişi gizlətdiyini sübüt edən dəlil olduğunu iddia edib.

Cənab Manafort keçmişdə Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin məsləhətçisi olub.

O, pul alması ilə bağlı iddiaları rədd edir və onun sözçüsü iddiaları "əsassız" adlandıraraq təkzib edib.

Cənab Manafort Trump kampaniyasına 2016-cı ilin mart ayında qoşulub və prezidentə respublikaçı partiyasının namizədliyini qazanmağa kömək edib. Nəticədə iyun ayında o, seçki kampaniyasının rəhbəri vəzifəsinə ucaldılıb.

2016-cı ilin avqust ayında Ukraynanın Anti-Korrupsiya Bürosu cənab Manafortun adını hallandırıb və bu, ABŞ-da qalmaqala səbəb olub. Cənab Yanukoviçin vaxtilə rəhbərlik etdiyi Regionlar Partiyasının əllə yazılmış və qanundan kənar mühasibatlıq siyahısında onun adı çəkilib.

Nəticədə cənab Manafort Donald Trump-ın seçki kampaniyasına rəhbərlik vəzifəsindən istefa verməyə məcbur olub.

Hazırda cənab Manafort Rusiya və Trump kampaniyası arasında iddia edilən əlaqələrə dair təhqiqatda araşdırılan şəxslərdən biridir.

Çərşənbə axşamı günü keçmiş təhqiqatçı jurnalist və hazırda millət vəkili cənab Leşenko cənab Manafortın imzasını daşıdığı idda edilən bir hesab sənədini paylaşıb.

Hesabda qeyd edilən 750 min dollarlıq məbləğ Belizdə qeydiyyatda olan ofşor şirkəti tərəfindən Qırğızıstan bankı vasitəsilə ödənib.

Lakin cənab Manafort-un sözçüsü Jason Maloni iddiaları rədd edib.

Bu barədə daha geniş