Almaniyada doğulmuş şəxslərin ilk deportasiyası

Almaniya Fotonun müəllifi Getty Images
Image caption Almaniyada Berlin yarmarkasına edilən hücumdan sonra təhlükəsizlik tədbirləri gücləndirlib

Almaniya rəhbərliyi terrorçuluq fəaliyyətində şübhəli bilinərək həbs edilmiş iki kişinin ölkədən deportasiya edildiyini bəyan edib.

Bu Almaniyada miqrant ailəsində doğulan insanların ilk deportasiya halıdır, Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Deportasiya olunmuş şəxslərə ölkəyə geri qayıtmaq da qadağan olunub. Şübhəlilərin hər ikisi bu ilin fevral ayında Almaniyanın Getinge şəhərində həbs ediliblər.

Onlardan birinin valideynləri Nigeriyadan, digərinin valideynləri isə Əlcəzairdən gəliblər.

Nigeriyalı ailəsindən olanın 22, Əlcəzair ailəsindən olanın isə 27 yaşı var. Almaniyada vətəndaşlıq təkcə doğulduğu yerə görə deyil, həmçinin bir və ya hər iki valideynin vətəndaşlığına görə müəyyən edilir.

Hüquq-mühafizə orqanları həbs edilənlərin üzərindən axtarış zamanı odlu və soyuq silah, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın bayrağının tapıldığını əsas gətirərək onların təhlükəli olduğunu qeyd ediblər.

Bununla yanaşı, rəhbərlik şübhəlilərin mümkün terror aktı zamanı odlu silahdan istifadə edib-etməyəcəyini dəqiqləşdirməyib. Onlara qarşı rəsmi ittiham təqdim olunmayıb.

Ötən ilin dekabr ayında yük avtomobilinin qəsdən Yeni il yarmarkasına girməsi nəticəsində 12 nəfər həlak olmuşdu, 49 nəfər yaralanmışdı.

Bundan sonra Almaniyada təhlükəsizlik tədbirləri gücləndirilib. Bu hücuma görə məsuliyyəti İD qruplaşması öz üzərinə götürmüşdü.

Almaniya rəhbərliyi hadisə yerindən tapılan şəxsiyyət vəsiqəsinin əsasında Tunis vətəndaşı Anis Amrini axtarışa vermişdi. Gizlənməyə nail olaraq İtaliyaya qaçan Anis sənədlər yoxlanılan zaman polislərlə atışmada öldürülmüşdü.

Berlin faciəsindən sonra Almaniya kansleri Angela Merkel sığınacaq müraciəti rədd edilmiş qaçqınların geri göndərilməsi prossesini sürətləndirməyə çağırmışdı.

Əlaqəli mövzular

Bu barədə daha geniş