Britaniya parlamentinə hücum: 4 nəfər ölüb, yaralılar var

Police surround suspected attacker Fotonun müəllifi PA
Image caption Parlamentin həyətində polis şübhəli olduğu düşünülən şəxsin ətrafına yığışıb

Scotland Yard Metropoliten polisi parlament və Westminster Körpüsündə baş vermiş hücum nəticəsində bir polis zabiti və bir hücumçu daxil olmaqla 4 nəfərin öldüyünü və ən azı 20 nəfərin yaralandığını bəyan edib.

Polis hadisəni terror insidenti elan edib.

Hücum yerli vaxtla saat 15:00 radələrində yaxındakı Westminster körpüsündə başlayıb.

Körpüdən keçən insanları sürdüyü maşınla vuran şübhəli parlamentdə çatdıqda maşınını parlamenti əhatə edən hasara vurub.

Maşından enən hücumçu sonra parlamentin həyətinə daxil olub və polislər tərəfindən vurulmadan əvvəl silahlı polis zabitlərindən birini bıçaqlayıb.

Fotonun müəllifi AP
Image caption Şübhəli

Xəstəxanalarda "böyük insident"

St Thomas xəstəxanasından bir həkim Westminster Körpüsündə vurulan bir qadının hücumdan sonra öldüyünü və bir neçə nəfərin yaralandığını bildirib.

Həkim bəzi yaralıların "faciəvi" xəsarətlər aldıqlarını deyib.

King's College xəxstəxanasının tibbi direktor müavini doktor Chris Palin saat 15:52 radələrindən xəstəxanada "böyük insident" elan edildiyini bildirib.

King's College xəstəxanasına ümumilikdə 8 yaralının daxil olduğunu deyən cənab Palin 2 nəfərin ağır xəsarət aldığını bildirib.

Fotonun müəllifi EPA
Image caption Parlamentin qarşısında indiyədək görülməmiş səviyyədə ciddi polis nəzarəti var.

Parlamentdə hadisə

Şahidlər yaralılara tibbi yardımın göstərildiyini və parlamentin həyətində biçaqlı bir şəxsi gördüklərini deyiblər.

Bir polisi zabitini bıçaqladıqdan sonra digər polislər tərəfindən vurulan hücumçu daha sonra dünyasını dəyişib.

Hadisə yerində Mühafizəkar millət vəkili Tobias Ellwood bıçaqlanmış polis zabitinə ağız-ağıza reanimasiya yardımı göstərməyə cəhd edib.

Bıçaqlanmış polis zabiti təcili yardım xidmətlərinin səylərinə baxmayaraq dünyasını dəyişib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Britaniya parlamenti və Westminster Körpüsünə hücumdan sonra ərazidən görüntü.

Hadisədən dərhal sonra parlament işçilərinə içəridə qalmalarına əmr verilib.

Parlament binası qarşısında polisin fəaliyyəti indiyədək görülməmiş səviyyədədir, BBC müxbiri Eleanor Garnier deyir.

O əlavə edib ki, millət vəkilləri daxil olmaqla artıq 500 nəfərin partlament binasından çıxarılaraq qonşu Westminster Abbey (Westminster Abbatlığı) binasına köçürülüblər.

The Independent qəzetinin siyasi redaktoru Tom Peck Twitter-də yazıb: "Böyük partlayış səsi qəldi. Qışqırıqlar. Səs-küy. Sonra isə atəş səsi. Hər yerdə silahlı polislər var".

Hücum baş verən zaman baş nazir Theresa May gümüş Jaguar maşınına minərək hadisə yerindən uzaqlaşdırılıb.

Yerli vaxtla saat 19:45 radələrində parlament açılaraq içəridə qalmağa məcbur edilən millət vəkilləri və parlament işçiləri bayıra buraxılıb.

Adamları "vurub getdi"

Bir şahid - Harvard-ın Avropa Tədqiqatları Mərkəzində işləyən akademik Radoslaw Sikorski Twitter-də Westminster Körpüsündə yaralı insanların yerə sərildiyi göstərən video paylaşıb.

O yazıb: "İndicə bir maşın Westminster Köpüsündə 5 nəfəri vurub getdi".

BBC aparıcısı Andrew Neil, ona daxil olan məlumata görə, Westminster körpüsündə insanları vuran maşının sonra parlament binasını əhatə edən barmaqlıqlara çarpdığını deyib.

Fransız qəzeti Le Telegramme Concarneau məktəbindən Londona səfərdə olan 15-16 yaşlı şaqirdlərdən üçünün Westminster Körpüsündə maşın tərəfindən vurulduqdan sonra xəsarət aldığını yazıb.

Digər şahidlər maşının boz rəngli Hyundai markalı avtomobil olduğunu bildiriblər.

Polis körpüyə yaralılar barədə məlumat daxil odluqdan sonra silahlı insidentə cəlb edildiyini bildirir.

Westminster metro stansiyası və parlamentə gedən yollar polisin göstərişilə bağlanıb.

Polisin bəyanatı

İnsanlara Westminster yaxınlığından uzaqda qalmaq tövsiyə edilir.

Polisin yaydığı bəyanatda bildirilir: "Polis insanlara bu ərazilərdən uzaq qalmalarını tövsiyə edir: Parlament Meydanı (Parliament Square); Whitehall; Westminster Körpüsü (Westminster Bridge); Lambeth Körpüsü (Lambeth Bridge); Victoria küçəsinin Broadway qovşağına qədər və Victoria Embankment-dən Embankment metrosuna qədər.

"Bu, təcili yardım xidmətlərinə hazırki insidentlə məşğul olmağa imkan verməyə yönələn addımdır".

"Silahlı zabitlər də daxil olmaqla polis zabitləri hadisə yerindədirlər və bizə başqa məlumat daxil olanacan bu hadisəni terror insidenti kimi qiymətləndiririk. İctimaiyyətə köməyi üçün minnətdarlığımızı bildiririk", polis deyib.

Fotonun müəllifi Reuters
Image caption Polis Westminster Körpüsündən dəlil toplayıb

Əlaqəli mövzular