Britaniya mətbuatı: Ana südünü də ixrac etmək olarmış…

Fotonun müəllifi Getty Images

Yeni terrorçunun siması: tək və təhlükəli

"The İndependent" qəzetində London terror hücumunun ardınca tanınmış jurnalist Sean O'Grady yazır ki, Britaniya paytaxtında törədilmiş bu son hadisə terrorun yeni simasını nümayiş etdirib.

Məqalədə deyilir ki, terrorun yeni növü daha az mükəmməl olsa da, onun da qurbanları hədəfləməsi kortəbiidir.

Başqa sözlərlə fərdlər səviyyəsində törədilən bu terror üçün də qurbanların kimliyi qətiyyən rol oynamır.

Fransanın Nitsa şəhərində və daha sonra Milad ərəfəsində Berlində törədilmiş hücum göstərdi ki, yeni terror üçün adi yük maşını da silah rolunu oynaya bilir.

"İbrət dərsi göz önündədir: maşını olan hər bir kəs ondan terror aktı törətmək üçün istifadə edə bilər və belə terrorun qarşısını almaq, demək olar, mümkün deyil" - yazır jurnalist.

Məqalədə deyilir ki, martın 22-də baş vermiş hücumdan sonra Westminster sarayında və hökumət binaları yerləşən Whitehall-da yeni, daha sərt təhlükəsizlik tədbirləri görmək, məsələn qorunan ərazinin perimetrlərini genişləndirmək mümkündür.

Parlament meydanı, Westminster körpüsündəki təhlükəsizlik rejimini də dəyişmək olar. Amma bütün bunların praktik faydası bir elə də böyük olmayacaq.

Sean O'Grady yazır ki, çox güman bu hücumun ardınca təhlükəsizik qüvvələrinin maliyyələşdirilməsi də gücləndiriləcək. Lakin bütün bunlar ictimaiyyətin təhlükəsizliyi üçün tam qarantiya ola biləcəkmi?

Axı yeni terror əsrində bu əməli törətməyə qabil olanların artıq əl-Qaeda və İŞİD kimi təşkilatlardan birbaşa verilən komanda və təlimatlara ehtiyacı qalmır.

Müəllifin fikrincə, ayrı-ayrı fərdlər tərəfindən törədilən belə aktlar barədə əvvəlcədən kəşfiyyat məlumatı əldə etmək də çətindir.

Müasir terrorçuların adamları öldürmək və yaralamaq üçün mükəmməl planlara və ya bahalı, mürəkkəb cihazlara da ehtiyacı yoxdur.

Həqiqət isə bundan ibarətdir ki, nə qədər təhlükəsizlik tədbirləri görülsə də, əvvəl-axır belə terrorçulardan birinin "bəxti gətirəcək".

Fotonun müəllifi PA

Kambocalı körpələrin süd payını Amerika bəbələri yeyir

"The Guardian" yazır ki, BMT-nin uşaq fondu kambocalı anaların ianə etdikləri döş südünün bir kommersiya şirkəti tərəfindən ABŞ-dakı qadınlara satılmasını kəskin tənqid edib.

UNİCEF bildirib ki, belə bir hal yoxsul qadınların körpələrini qida azlığı qarşısında qoya bilər.

Kamboca hökuməti bu məsələyə müdaxilə edəndən sonra BMT də Utah ştatında yerləşən Ambrosia Labs şirkətinin qurduğu bu "ticarəti" sərt şəkildə pisləyib.

Associated Press agentliyinin Pnom Pen müxbiri xəbər verir ki, Kamboca gömrük idarəsinin məlumatına görə, ölkənin maliyyə naziri Aun Porn Moniroth ana südünün ixracatını qadağan edən sərəncamı imzalayıb.

Lakin xəbər verilir ki, bu biznesin gələcəyi hökumət və şirkət arasında aparılacaq danışıqlarda müəyyən ediləcək. Müsbət nəticə əldə olunarsa, Kambocadan ana südünün ixracı bərpa oluna bilər.

"The Guardian" yazır ki, döş südü uşaqlarını öz südləri ilə qidalandıra bilməyən amerikalı qadınlar arasında yüksək tələbata malikdir.

Lakin UNİCEF hesab edir ki, amerikalı anaların ehtiyacları inkişaf etməkdə olan ölkələrdəki körpələrin ac qalması hesabına həll edilməməlidir.

UNİCEF-in Kambocadakı təmsilçisi İman Maruka deyib ki, ana südü ehtiyatları yoxsul və köməksiz qadınların mənfəət naminə istismarı hesabına yaradılmamalıdır.

Maruka deyib ki, ana südü də qan kimi insan toxumasıdır və onun bu şəkildə kommersiyalaşdırılması qadağan olunmalıdır.

Kambocada qida çatışmazlığı uşaq rifahının ən müşkül problemi olara qalır və ana südü uşaqların qidalandırılması və sağlamlığı üçün əsas komponent sayılır.

UNİCEF bildirir ki, hətta körpələri altı aylığına çatmış analar da onları döş südü ilə qidalandırmaqda davam etməlidirlər.

Təşkilat tövsiyə edir ki, analar körpələrini tam şəkildə iki yaşınadək gündə azı beş dəfə döş südü ilə qidalandırmağa çalışmalıdırlar.

Birləşmiş Ştatlarda internet vasitəsilə döş südü satışı geniş yayılıb. Analar müvafiq internet saytlarında öz südlərini satışa çıxarırlar. Analar bu reklamlarda yaxşı qidalandıqlarını və sağlam olduqlarını da göstərirlər.

Lakin Ambrosia Labs şirkəti bu iddiadadır ki, o özünün Kambocadan iri həcmlərdə ana südü idxalı ilə daha etibarlı xidmət göstərir.

Şirkət bu məqsədlə südlərini aldığı qadınlardan qan analizləri götürür və onların sağlam olduqlarına əminlik əldə edir.

Yalnız bundan sonra dondurulmuş süd ABŞ-a nəql olunur və burada sterilləşdirildikdən sonra amerikalı qadınlara satılır.

Ambrosia Labs şirkəti iki kişi tərəfindən təsis edilib. Onlardan biri - Bronzson Woods Kambocadakı Mormon missiyasında işləyib. O və şəriki Ryan Newell iddia edirlər ki, döş südü ticarəti həm yoxsul kambocalıların dolanışığına kömək edir, həm də ana südü korluğu çəkən amerikalı qadınların əlindən tutur.

Bronzson Woods deyir ki, onlar Dünya Səhiyyə Təşkilatının tövsiyəsinə uyğun olaraq öz körpələrini 6 ay ərzində əmizdirmiş qadınların südünü alırlar.

"Biz başqa körpələrin südünü onların əlindən almırıq, - deyib Newell, - Biz analardan artıq qalmış südlərini götürürük. Başqa cür bu süd onsuz də istifadəsiz qalacaqdı".

"The Guardian" yazır ki, Ambrosia Labs şirkəti yoxsullar yaşayan ərazidə 30 qadından süd götürür.

Newell deyir ki, bu qadınlar öz südlərini satmasaydılar, ya pal-paltar fabriklərində işləməli olacaq, ya da küçələrə düşəcəkdilər.

Onun sözlərinə görə, döş südü şirkətində bu qadınlara verilən pul, pal-paltar fabriklərindəki maaşdan iki-üç dəfə çoxdur.

"Əksinə onlar evlərində oturur və uşaqlarına daha yaxşı baxmaq imkanı qazanırlar" - deyir biznesmen.

Fotonun müəllifi Thinkstock

Dördayaqlı uşaq uğurla əməliyyat olunub

"The Telegraph" yazır ki, dörd ayaq və iki onurğa ilə doğulmuş uşaq İllinoysdakı Advocate Children's Hospital xəstəxanası cərrahlarının apardığı mürəkkəb əməliyyat nəticəsində indi özünü normal hiss edir və normal da böyüyəcəyi gözlənilir.

Dominika adlı bu qız uşağı Qərbi Afrikadakı Fil Dişi Sahilində, çox nadir xəstəliklə doğulub.

O ana bətnində öz əkizinin ona yapışmış hissələri ilə dünyaya gəlib.

Əkiz dölün tamamilə inkişaf etməmiş aşağı ətrafları Dominikanın boyun və bel hissəsinə yapışmış vəziyyətdə idi.

Buna görə də körpə, başqa çağaların etdiyi hərəkətləri edə bilmirdi.

Məqalədə deyilir ki, Dominikanı 5 cərrahın daxil olduğu 50 nəfərlik tibb komandası əməliyyat edib.

Uşaq uğurlu cərrahiyyə əməliyyatından sonra onu övladlığa götürmüş ailəyə verilib.