London hücumu: "İslam Dövləti" məsuliyyəti öz üzərinə götürüb

London Fotonun müəllifi Getty Images
Image caption Hücum parlament yaxınlığındakı ərazidə baş verib.

Özünü İslam Dövləti adlandıran qruplaşma iddia edir ki, çərşənbə günü Londonda baş verən hücumu "İslam Dövlətinin əsgəri" həyata keçirib.

Metropoliten polisi hücumçunun İngiltərənin Kent qraflığında doğulmuş 52 yaşlı Khalid Masood olduğunu deyib.

Parlament binası yaxınlığında avtomobillə adamları vurduqdan sonra polisə ölümcül bıçaq xəsarətləri yetirən hücumçunun özü polis atəşilə öldürülmüşdü.

Polis Khalid Masood-un hücum baş verdiyi zaman araşdırılma altında olmadığını və onun hücum törətmək niyyətində olması barədə məlumat olmadığını deyib.

Lakin polis Khalid Masood-a keçmişdə fiziki hücum, fiziki xəsarət törətmək, silah daşımaq və başqa ittihamlarla hökm oxunduğunu bildirib.

Silahlı insident zamanı xəsarət alanlar arasında 3 fransalı məktəbli və iki Rumıniya vətəndaşı var.

Ötən il avtomobil hücumuna məruz qalan Fransa və Almaniya liderləri Britaniyaya dəstək bildiriblər.

ABŞ prezidenti Britaniya təhlükəsizlik qüvvələrini tərifləyərək itkilərə bağlı baş sağlığını bildirib.

"Belçika terrora qarşı mübarizədə Britaniyanın yanındadır", - Belçikanın baş naziri Charles Michel öz Twitterində yazıb.

Baş sağlığını Rusiya, Türkiyə və Kanada hökumətləri də bildirib.

Çərşənbə günü hadisə ilə bağlı Parisdəki Eyfel qülləsinin işıqları söndürülüb.

Həbslər

Hücumdan sonra həyata keçirilmiş polis reydləri nəticəsində 8 nəfər saxlanılıb, polis bildirir.

Çərşənbə günü Parlament binası yaxınlığında hücumçu idarə etdiyi avtomobillə səkidəki adamları vurduqdan sonra polisə ölümcül bıçaq xəsarətləri yetirib. Hücum edən şəxs hadisə yerində hüquq-mühafizəçilərin atəşilə öldürülüb.

Son məlumata görə, silahlı insidentdə 40 yaşlı qadın və 50 yaşlı kişi həyatını itirib. Polis onların adlarını açıqlamır.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Britaniya parlamentində hücumdan sonra təcili yardım xidmətlərinin tədbirləri

Həlak olan polis zabiti 48 yaşlı Keith Palmer-dir. O, 15 il ərzində polis orqanlarında xidmət edib.

Xəsarət almış 29 adama tibbi yardım göstərilib. Onlardan 7 nəfərin vəziyyəti kritik sayılır.

Scotland Yard Metropoliten polisinin terrorçuluqla mübarizə bölməsinin rəhbəri ötən gecə ərzində həyata keçirilən əməliyyatda yüzlərlə polis əməkdaşının iştirak etdiyini bildirib.

Mark Rowley 6 ünvanda axtarışların aparıldığını qeyd edib.

O, Birmingham, London və "ölkənin digər hissələrində araşdırmaların davam etdirildiyini" bildirib.

Fotonun müəllifi AFP
Image caption Çərşənbə günü baş verən hücumdan sonra parlament ətrafındakı ərazi polis nəzarəti altındadır.

Mark Rowley hücum edən şəxsin təkbaşına hərəkət etdiyi qənaətində olduğunu deyib.

"Əminliklə deyə bilərik ki, hazırkı mərhələdə ictimaiyyətə əlavə hədələrin olduğu barədə konkret məlumata malik deyilik".

Daha əvvəl Westminster körpüsündə avtomobilin insanlar üzərinə sürülməsi nəticəsində 3 nəfərin öldüyü bildirilirdi.

Lakin Scotland Yard polis qərargahının qarşısında çıxış edən Mark Rowley iki nəfərin öldüyünü qeyd edib.

Polis hadisəni terror aktı kimi qiymətləndirir.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Bu barədə daha geniş