Eurovision: Rusiya təmsilçisinə peyklə iştirak təklifi

Samoylova Fotonun müəllifi Maria Antipina/TASS

Rusiyanın Eurovision təmsilçisi Ukraynada keçiriləcək müsabiqəyə peyk rabitəsi vasitəsilə canlı qoşula bilər, Avropa Yayım İttifaqı (AYİ) bəyan edib.

Ukrayna Yuliya Samoylovaya "ölkə qanunlarını pozması" səbəbilə giriş qadağası tətbiq edib. AYİ bundan təəssüfləndiyini deyib.

Çərşənbə günü Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat katibi Yelena Qitlyanskayanın Facebook səhifəsində verdiyi məlumata görə, Rusiya təmsilçisinə qoyulan 3 illik qadağa Samoylovanın Ukrayna qanunvericiliyini pozması barədə məlumatlara əsasən verilib.

Qitlyanskaya məhz hansı qanundan söhbət getdiyini dəqiqləşdirməyib. Lakin məlumdur ki, Rusiyaya birləşdirilmiş Krımda konsert verən Samoylova yarımadaya gedərkən Ukrayna hakimiyyətindən icazə istəməyib.

Bəyanatda AYİ "Eurovision mahnı müsabiqəsinin qeyri-siyası xarakterini qorumaq üçün" problemə cözüm axtardığını vurğulayaraq Rusiyanının Kanal Bir telekanalına "indiyədək görünməmiş imkan" vermək qərarına gəldiyini bildirib.

AYİ Yulia Samoylovanın ikinci yarımfinalda peyk rabitəsi vasitəsilə Rusiyadan canlı iştirak etməsini və onun iştirak hüququ qazandığı təqdirdə, finalda da eyni yolla iştirak etməsini təklif edib.

Bunun müsabiqənin "60 illik tarixində edilmədiyini" deyən AYİ, qərarın müsabiqənin bu ilki "Fərqliliyi Qeyd Etmək" mövzusunu və "Eurovision-un inkluzivlik dəyərini" qorumaq üçün verildiyini bildirib.

Eurovision mahnı müsabiqəsinin İcraçı Nəzarətçisi Jon Ola Sand "ifacıların hamısını ev sahibliyi edən şəhərdə görmək niyyətilə Ukrayna hakimiyyəti ilə dialoqun davam etdiyini" deyib.

Eurovision-a rəhbərlik edən Səlahiyyət Qrupunun rəhbəri Frank-Dieter Freiling Ukrayna rəhbərliyinin qadağanı icra etməyəcəklərinə ümid bəslədiyini deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş