Britaniya mətbuatı: Türkiyə və Rusiya arasında kürdlərə görə inciklik düşüb

Fotonun müəllifi Getty Images

Türkiyə və Rusiya arasında kürdlərə görə inciklik düşüb

"Financial Times" yazır ki, Turkiyə Rusiyanın bu ölkədəki işlər müvəkkilini Xarici İşlər Nazirliyinə dəvət edib.

Buna səbəb Suriyada kürdlərin nəzarətində olan ərazidən atılan snayper gülləsinin türk əsgərini öldürməsi olub.

Məqalədə deyilir ki, Rusiya qüvvələri Suriyanın sərhəd bölgələrində fəallaşıblar və Rusiya telekanalları rəsmi adı "monitorinq məntəqəsi" olan vahidləri qoşun hissələrinin yeridilməsi kimi təqdim edir.

Ankara həm sözü gedən snayper insidenti, həm də Rusiya əsgərlərinin kürd döyüşçülərlə şəkil çəkdirməsi ilə əlaqədar narazılığını bildirib.

Bu barədə bəyanatı Türkiyə XİN-in sözçüsü Hüseyin Müftüoğlu verib.

Suriyadakı kürd YPG qüvvələri Türkiyədə PKK-nın qolu kimi terrorçu təşkilat hesab olunur və Türkiyənin Suriya ərazisinə müdaxiləsinin başlıca hədəfidir.

Hökumət rəsmiləri bildirirlər ki, Türkiyənin Rusiya ilə son vaxtlarda yaxınlaşmasının praktik məqsədi Suriyada münaqişənin sona çatdırılmasıdır.

Münaqişə 3 milyon qaçqının Türkiyəyə pənah gətirməsinə səbəb olub. Bundan fürsətlənən kürdlər ABŞ-ın dəstəyi ilə Suriyanın şimalında iki yarımmuxtar ərazi yarada biliblər.

Ankara ilə Moskva arasında münasibətlər 2015-ci ildə Rusiya hərbi təyyarəsi Türkiyə tərəfindən vurulub salındıqdan sonra korlanmışdı.

Lakin sonradan Moskva və Ankara arasında yaxınlaşma baş verdi və ruslar hətta Hələbdəki türkiyəyönlü döyüşçülərin oradan evakuasiyasına kömək etdi.

Lakin Türkiyə Rusiyanın Mənbic şəhəri yaxınlığındakı fəaliyyətindən narahatdır. Suriyada Fərat çayının qərb sahilində yerləşən bu şəhərə kürd YPG qüvvələri nəzarət edir.

YPG qüvvələrinin Mənbicdə olması ABŞ tərəfindən dəstəklənir. ABŞ YPG qüvvələrini İŞİD-ə qarşı mübarizəsində müttəfiq kimi görür.

Türkiyənin bu şəhəri mühasirəyə almaq cəhdi Rusiya tərəfindən dəstəklənən Suriya rejimi ilə YPG kürdlərinin torpaq dəyiş-düyüşü nəticəsində baş tutmayıb.

Türkiyənin baş naziri Binali Yıldırım bu hadisəni "bayraq yarışı" adlandırmışdı.

Snayper insidentindən əvvəl Rusiya təyyarələrinin əl-Bab şəhərinə hava reydi zamanı üç türk əsgəri təsadüfən öldürülmüşdü.

Türkiyə və Rusiya arasında münasibətlər yaxşılaşsa da, Moskva Türkiyə tərəvəzi üzərindəki sanksiyaları hələlik qaldırmayıb. Türkiyə iş adamlarına Rusiya vizalarının verilməsində də müşküllüklər var.

Digər tərəfdən Rusiya taxılının, qarğıdalı və günəbaxan dəninin idxalı sahəsində də yeni əngəllər ortaya çıxıb.

Türkiyə Rusiya taxılı üçün ikinci böyük bazar sayılır.

Fotonun müəllifi Getty Images

Almanlar "süni günəş" yaradırlar

"The Guardian" yazır ki, Almaniya alimləri ekoloji baxımdan təmiz yanacaq əldə edilməsi məqsədilə "dünyanın ən böyük süni günəşini" qururlar.

Köln şəhərinin 50 kilometrliyindəki Juliks qəsəbəsində keçirilən "Synlight" eksperimentində istifadə edilən 149 projektor təbii günəş işığından 10 min dəfə parlaq işıq verir.

Lakin bu məqsədlə bütün projektorların işığı eyni bir nöqtəyə tuşlanıb. Belə bir quruluşa malik aqreqat 3500 C dərəcə istilik yaradır ki, bu da domna sobasındakı temperaturdan üç dəfə çoxdur.

Almaniya Aerofəza Mərkəzinin tədqiqat direktoru, professor Bernard Hoffschmidt deyir ki, bütün projektorların yandığı vaxt otağa girən hər hansı adam sadəcə olaraq külə çevrilə bilər.

Məhz buna görə də eksperiment qoruyucu radiasiya kamerasında aparılır.

Bu eksperimentdən məqsəd hidrogen yanacağının əldə olunması üçün təbii günəş işığının enerjiyə çevrilməsini öyrənməkdir.

Günəş işığını güzgülərlə suya yönəldən günəş stansiyaları artıq mövcuddur.

Bu stansiyalar günəşin istiliyini buxara çevirərək elektrik istehsalını təmin edir.

Synlight eksperimentində məqsəd isə eyni prinsipdən istifadə etməklə sudan hidrogeninin alınması və bunun təyyarə və avtomobil yanacağı kimi işlədilməsi mümkünlüyünün öyrənilməsidir.

Synlight hazırda böyük həcmlərdə enerjidən istifadə edir. Bu, dörd ailənin bir il ərzində işlətdiyi elektrik enerjisinə bərabərdir.

Lakin alimlər inanırlar ki, bir gün projektorların əvəzinə təbii günəş işığından istifadə edə biləcəklər.

Doktor Hoffschmidt deyib ki, təyyarə və avtomobilləri karbon qazından azad yanacaqla təmin etmək üçün milyardlarla ton hidrogenə ehtiyac olacaq.

Fotonun müəllifi SPL

Xərçəng xəstəliyi bəxtəbəxtdir

"Telegraph" yazır ki, ABŞ alimlərinin yeni araşdırması xərçəng xəstəliklərinin üçdə ikisinin qaçılmaz olduğunu göstərib.

Alimlərin fikrincə, xərçəng xəstəliklərini yaradan hüceyrələrin bölünməsi zamanı gen zəncirində baş verən təsadüfi səhvlərdir.

Halbuki geniş yayılmış elmi qənaətə görə xərçəng mutasiyalarına ətraf mühit faktorları və irsi meyllilik səbəb olur.

Lakin indi alimlər bildirirlər ki, xərçənglərin böyük əksəriyyəti DNT-nin bölünməsi zamanı sırf təsadüfdən baş verən qüsurlardan yaranır.

ABŞ-dakı Johns Hopkins Kimmel Xərçəng Mərkəzinin aparıcı həkimi Cristian Tomasetti deyib ki, xərçəng riskinin azaldılması üçün siqaret kimi zərərli adətlərin tərgidiləməsi tövsiyə olunur, lakin bölünən hüceyrələrin çoxsaylı səhvlərə yol verməyəcəyinə qarantiya yoxdur.

Science jurnalında dərc olunmuş məqalədə deyilir ki, bütün xərçəng xəstəliklərinin üçdə ikisi DNT-nin surətinin çıxarılması zamanı xərçəng yaradan mutasiyalara görə baş verir.

Doktor Bert Vogelstein isə deyir ki, hüceyrələrin belə səhvlərə yol verməsi hətta ən sağlam həyat tərzi keçirən adamlarda da baş verə bilir.

Alimlər qrupu bu nəticəyə gəlməzdən əvvəl xərçəngin 32 növü zamanı yaşanan anormallıqları öyrəniblər.

Nəticələr göstərib ki, xərçəng xəstəliyinə bir və ya daha çox kritik gen mutasiyası səbəb olur.

Xərçəngin müəyyən növləri - prostat vəzinin, beynin və sümüyün xərçəngi zamanı mutasiyaların 95 faizinə səbəb DNT-nin özünü köçürməsi zamanı baş verən səhvlər olur.

Mədəaltı vəz xərçənginin 77 faizi DNT-nin köçürülməsi zamanı baş verən qüsurlarla bağlıdır. Amma ağ ciyər xərçənginin yalnız 35 faizi hüceyrə bölunməsi səhvlərinə görə baş verir.

Alimlərin fikrincə, xərçənglərin yalnız 29 faizi həyat tərzi və yalnız 5 faizi irsiyyətlə bağlıdır. Qalanı, necə deyərlər bəxtəbəxtdir.

Alimlər DNT-nin özünü köçürərəkən buraxdığı səhvi kompüterdə yazarkən buraxılan hərf səhvləri ilə müqayisə edir.

Məsələn, əgər siz yuxulu deyilsinizsə və kompüterinizin klaviaturasında "boşa gedən" hərflər yoxdursa, yazınızda səhvlər də az olacaq.

"Amma səhvlər bütün hallarda baş verəcək, çünki heç kəs bundan sığortalanmayıb" - deyir doktor Vogelstein.

Bununla belə, Londondakı Xərçəng Araşdırmaları Mərkəzinin direktoru Mel Greaves deyir ki, xərçənglər təsadüf nəticəsində yaransa da, onların böyük bir qisminin qarşısının alınması mümkündür.