Aralıq dənizində 200-dən çox miqrantın ölməsi ehtimalı narahatlıq doğurub

Xilasetmə əməliyyatı Fotonun müəllifi Reuters
Image caption 2017-ci ildə İtaliyaya 20 mindən artıq miqrant gəlib

Liviya sahillərində gəminin batması nəticəsində 200-dən çox miqrant ölmüş ola bilər, İspaniyanın yardım təşkilatı narahatlıq ifadə edib.

Proactiva Open Arms təşkilatı deyib ki, hərəsi 100-dən çox adamı daşıya biləcək 2 aşmış qayıq ətrafında 5 cəsəd aşkarlanıb.

Təşkilatın sözçüsü Laura Lanuza-nın sözlərinə görə, Aralıq dənizindən çıxarılmış 5 cəsəd boğulduğu ehtimal edilən gənc kişilərə aiddir.

Xilasetmə işində iştirak edən İtaliya sahil mühafizəsinin nümayəndəsi 5 nəfərin ölümünü təsdiqləyib.

Amma o BBC-ə deyib ki, onlar Proactiva təşkilatının ehtimal etdiyi ölüm sayını təsdiqləyə bilməzlər. Nümayəndə heç bir qayıqdan təcili zəng almadıqlarını da əlavə edib.

Xanım Lanuza qayıqların qaçaqmalçılar tərəfindən tez-tez artıq yükləndiyi üçün azı 240 miqrantın ölə biləcəyini ehtimal edib.

Türkiyə və Yunanıstandan olan marşrut qapadıldığı üçün bu il Liviyadan İtaliya vasitəsilə Avropaya keçmək istəyən miqrantların sayı kəskin şəkildə artıb.

İtaliyanın sahil mühafizə xidməti bildirib ki, onlar son bir neçə gündə 40-dan çox xilasetmə əməliyyatında iştirak ediblər.

Beynəlxalq Miqrasiya Təşkilatı deyir ki, bu il İtaliyaya 20 mindən artıq miqrant gəlib. 559 miqrant isə bu yolda ya ölüb, ya da itkin düşüb.

2016-cı ilin ilk 3 ayında isə İtaliyaya 19 min miqrant gəlib, 350 nəfər isə həlak olub.

Bu barədə daha geniş