İtaliyada cinsi təcavüz barədə məhkəmə işi qadının "qışqırmadığı üçün" ləğv olunub

Üzünü gizlədən qadın Fotonun müəllifi kieferpix/getty
Image caption İddia olunan qurban deyir ki, baş verənlər barədə "düşünməməyə" çalışırdı (foto arxivdəndir)

İtaliyanın ədliyyə naziri deyib ki, qadının qışqırmadığı üçün cinsi təcavüzdə ittiham olunan kişiyə bəraət qazandıran məhkəmə ilə bağlı araşdırma aparacaq.

Ötən ay Turin şəhərinin məhkəməsi qərar verib ki, iddia olunduğuna görə ona hücum edən həmkarına "yetər" demək, cinsi təcavüzün baş verdiyini göstərmək üçün kifayət qədər güclü sübut deyil.

Məlumata görə, iddia olunan qurban hazırda böhtanda ittiham olunur.

Məhkəmə qərarı İtaliyada böyük qəzəb doğurub.

"Əlbəttə ki, baş verənlərə görə dəhşətə gələn qadını şəxsi reaksiyasına [görə] cəzalandırmaq olmaz", müxalif millət vəkili Annagrazia Calabria deyib.

Ədliyyə naziri Andrea Orlando nazirliyin müfəttişlərini məsələni araşdırmağa çağırıb, Ansa agentliyi xəbər verir. Hadisə 2011-ci ildə baş verib.

İddia olunan qurban Turin xəstəxanalarında işləyib. O deyir ki, ittiham etdiyi şəxs onu cinsi hərəkətlərə məcbur edirdi və tələbləri yerinə yetirmədiyi təqdirdə onu işsizliklə hədələyirdi, İtaliyanın Corriere della Sera qəzeti məlumat verir.

Nəyə görə daha güclü etiraz etmədiyilə bağlı suala cavab verən qadın məhkəmədə deyib: "Bəzən yox demək kifayətdir amma ola bilsin mən bu halda lazım olan güc və şiddəti tətbiq etmədim. Amma bunun səbəbi odur ki, güclü adamların qarşısında mən sadəcə donuram".

Məhkəmə zamanı prokurorluğun bildirdiyinə görə bu qadın uşaqlıqda təkrarən atası tərəfindən təcavüzə məruz qalıb.

Lakin hakim ittiham olunan şəxsə bəraət qazandıraraq deyib ki, qadın "şəxsi təcavüzün oyada biləcək hisləri göstərməyib". Hakim qadının dediklərini "ağlabatmaz" adlandırıb və təcavüzün "baş vermədiyini" deyib, Corriere della Sera qəzetinin məlumatında deyilir.

İttiham olunan şəxs qadınla cinsi əlaqədə olduğunu bildirsə də bunun razılaşdırılmış olduğunu deyib.

Əlaqəli mövzular