Britaniya mətbuatı: "Rusiyanın gözü Ukrayna ilə doyan deyil"

Bu həfəsonu Britaniya mətbuatında:

  1. Sovetdən qalma"Rus dünyası" düşüncəsi
  2. İndi bircə qalmaqal Trump-a son qoya bilər
  3. İspanaqdan insan ürəyi düzəldəcəklər?

"Rusiyanın gözü Ukrayna ilə doyan deyil"

Ukrayna xarici işlər naziri Pavlo Klimkinin "The Guardian" qəzetində dərc edilmiş məqaləsində deyilir ki, Sovet İttifaqını bərpa etmək "Kremlin yeni xülyasına" çevrilib.

Nazir yazır ki, Rusiyanın motivlərini və Putin hökumətinin necə işlədiyini başa düşmək üçün üç məqam var.

Fotonun müəllifi DMITRY SEREBRYAKOV/AFP/Getty Images

Bunun birincisi Ruski mir - "Rus dünyası" deyilən Sovetdən qalma düşüncədir.

Bu düşüncənin mərkəzi dayağı Ukraynanın Böyük Rusiyanın bir parçası olduğu barədə konsepsiyadır.

Klimkin yazır ki, 1991-ci ildə ukraynalıların 92 faizi müstəqilliyə səs verəndə Rusiya çox zəif idi və səsini çıxara bilmirdi.

Lakin indi postsovet Rusiyası Ukraynanın üzərinə təzyiq göstərir. 2014-cü ildə isə xalq üsyanı Viktor Yanukoviçi devirəndə Moskva artıq buna dözə bilmədi. Krım ilhaq edildi və Rusiya, Klimkinin təbirincə deyilsə, "terrorçu və kriminalların qarışığı olan "Luqanks və Donetsk Xalq Respublikalarını" yaratdı".

Nazir yazır ki, Rusiyanın iştahası Ukrayna ilə kifayətlənmir və Moskva artıq acgözlüklə başqa keçmiş sovet respublikalarına baxır, Avropanı qarışdırmağa, transatlantik alyansı pozmağa çalışır.

"Təsadüfi deyildir ki, Kreml 20-ci əsrin ən kütləvi qatillərindən biri olan Stalinin yeni heykəllərini sifariş edib" - yazır Klimkin.

Nazirin fikrincə, ikinci məqam çoxlarına tanış olmayan hibrid müharibədir. Bu müharibədə açıq təcavüz və yaxşı düşünülmüş təbliğatla, həqiqətin Rusiya versiyasına uyğun seçkilərin keçirilməsi əl-ələ gedir.

Klimkin yazır ki, Kremlin təbliğatı köhnə sovet təbliğatını xatırlatsa da, ondan daha təkmil, daha hiyləgərdir.

Məqalədə deyilir ki, Rusiyanın yaxşı maliyyələşdirilən Russia Today və ya RT kimi telekanalları mövcud dünya nizamını sual edirlər. Bu telekanallar Rusiyanın mövqeyini açıqlamır, Qərbi gözdən salmağa çalışırlar.

Nazir yazır ki, Rusiyanın hibrid müharibəsi telekanallarla kifayətlənmir. Kreml özünün Moskva və Peterburq ətrafındakı troll fabrikləri ilə sosial medianı "zəhərləyir".

"Rusiyada yalan, sənaye miqyasına qaldırılıb" - yazır Klimkin.

"Üçüncü məqam isə budur ki, Rusiyaya etibar etmək olmaz - deyilir məqalədə, - İstənilən diplomat bilir ki, Kreml yalnız zora hörmət edir və buna görə də onunla yalnız güc mövqeyindən danışılmalıdır".

Məqalədə deyilir ki, Rusiya öz vədinə daim xilaf çıxır. 1994-cü ildə Ukrayna özünün nüvə silahından imtina edəndə, onun ərazi toxunulmazlığına dair sənədi ABŞ və Britaniya ilə yanaşı Rusiya da imzalamışdı. Rusiya bu sazişi - Budapeşt memorandumunu Krımı ilhaq etməklə pozdu.

Hazırda isə Rusiya Donbasdakı münaqişəyə son qoyacaq Minsk razılaşmasının bircə bəndinə də əməl etmir, yazır müəllif.

Ukrayna nazirinin sözlərinə görə, bu gün Rusiya 1945-ci ildən bəri Avropanın təhlükəsizliyinə və birliyinə ən böyük təhlükə təşkil edir.

Klimkin bu qənaətdədir ki, Kremlin özünü o yerə qoymamasına baxmayaraq, sanksiyalar Rusiyanı zəif salır.

"Qərb bu təhlükənin qarşısında birliyini qoruyub saxlamalı, gözünü qırpmamalıdır. O böyük britaniyalını - Winston Churchill-i xatırlayın. O, timsahı qorxusundan yemləyənlər haqqında demişdi: Onlar ümid edirlər ki, timsah onları lap axırda yeyəcək" - yazıb Klimkin.


İndi bircə qalmaqal Trump-a "son qoya bilər"

"The İndependent" Milli Təhlükəsizlik Agentliyinin keçmiş təhlilçisinə istinadən yazır ki, Donald Trump öz administrasiyasının Rusiya ilə əlaqələrinin araşdırılması nəticəsində vəzifəsindən uzaqlaşdırıla bilər.

Donald Trump Fotonun müəllifi Chip Somodevilla/Getty Images

Keçmiş əks-kəşfiyyat zabiti John Schindler deyib ki, əgər administrasiyanın seçkini pozmaq məqsədilə Rusiya ilə əlaqələrinə dair iddialara görə ABŞ prezidentinə qarşı ittiham irəli sürülərsə, onun prezidentliyinə son qoyula bilər.

CBC radiosuna danışan Schindler deyib ki, əgər ittiham təkcə onun ətrafındakılara deyil, həm də Trump-ın özünə qarşı irəli sürülərsə vəziyyət kökündən dəyişəcək.

"Bu halda o istəsə də, istəməsə də kreslosunu tərk etməli olacaq" - deyib keçmiş agent.

Cənab Schindler deyib ki, FTB-nin təhqiqatı, Konqresin aktları və mümkün müstəqil araşdırma nəticəsində Trump və onun komandasının Rusiya ilə iddia edilən əlaqələri ictimailəşə bilər.

Bu müsahibədən az əvvəl FTB-nin direktoru James Comey təsdiq etmişdi ki, onun idarəsi həm Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsi, həm də Moskva ilə Trump-ın seçki kampaniyası arasında mümkün əlaqələrə dair iddiaları araşdırır.

Mümkün Rusiya əlaqələrini bağlı qapılar arxasında Konqres komitələri də araşdırırlar.

Amma belə ehtimallar da var ki, bu araşdırmalar nəticəsiz qala bilər.

Vaxtilə prezident Nixon-un impiçmenti ilə nəticələnmiş Watergate qalmaqalını faş etmiş jurnalistlərdən biri - Carl Bernstein deyib ki, Trump öz kampaniya komandasının üzvləri ilə Rusiya arasındakı əlaqələri ört-basdır edib.

Schindler də qəbul edir ki, təhqiqat bir tərəfə gedib çıxmaya bilər, amma hər bir imkanda Trump ikiyə, üçə, dördə bölünərək xırdalanır.

Trump-ın keçmiş kampaniya meneceri Paul Manafort Vladimir Putinə xeyir verəcək təkliflə çıxış etməkdə ittiham olunub və hazırda bu, Amerika kəşfiyyatının apardığı araşdırmanın diqqət mərkəzindədir.

Cənab Manafort bu təhqiqatın çərçivəsində ifadə verməyə razılaşıb və hazırda Konqresin Kəşfiyyat Komitəsinin onu dindirməsini gözləyir.

Schindler-in fikrincə, Manafort-un ifadə verməyə razılaşması onu göstərir ki, o, bir sıra federal ittihamlarla üzləşə biləcəyini bilir və "havanı bir az təmizləməyə çalışır".

Keçmiş kəşfiyyatçı deyib ki, indi Trump-ın ətrafından bir nəfərə qarşı da belə iddialar qalxsa, onda onun üçün əsl problem başlanacaq.

"Məsələ hələlik o mərtəbəyə çatmayıb. Amma o gün yaxınlaşmaqdadır" - deyib Schindler.


İspanaqdan insan ürəyi düzəldəcəklər?

"The Sunday Telegraph" yazır ki, alimlər adi ispanaq yarpağını canlı ürək toxumasına çevirə biliblər.

Fotonun müəllifi JUAN CEVALLOS/AFP/Getty Images

Məqalədə deyilir ki, bu kəşf insanın şaxələnən, nazik damarlarının əvəzləyicisinin yaradılmasına imkan verəcək.

İndiyədək alimlər şaxəli kapilyarların surətini çıxarmaq üçün 3D printerlərindən istifadə etməyə çalışırdılar, amma uğur qazana bilmirdilər.

Amma indi ispanaq yarpağı ilə edilmiş ixtira ümid etməyə imkan verir ki, bitki yarpaqlarının damarlarından insanın qan-damar sisteminin replikasiyası üçün istifadə oluna bilər.

Buna qədər alimlər süni şəkildə insan toxumasının kiçik fraqmentlərini yarada bilmişdilər, amma bunu daha geniş miqyasda həyata keçirmək mümkün olmurdu.

Alimlər deyirlər ki, yeni metod sağlam ürək toxumasının yaradılmasına imkan yaradacaq. Belə toxumalar infarkt keçirmiş pasientlərin həyatının xilas edilməsinə böyük əhəmiyyətə malikdir.

Məqalədə deyilir ki, heyvan və bitki orqanizmləri gövdələrinə kimyəvi maddələri müxtəlif şəkildə çatdırırlar, lakin bu ötürməni həyata keçirən şəbəkələr xeyli oxşardır.

Worcester Politexnik İnstitunun alimləri yazırlar ki, "hüceyrəsizləşdirilmiş" bitkilərin yetişdirilməsi elmin yeni sahəsinə çevrilə bilər.

Məqalədə deyilir ki, alimlər süni ürək yaradılması məqsədilə ispanaq yarpaqlarının hüceyrlərini "təmizləmiş" və bundan sonra yarpaq damarlarına insanın qan hüceyrələrinə bənzəyən maye vurmuşlar.

Onlar daha sonra bu damarlarda insan hüceyrləri "əkərək" bunun içərisinə qan kapilyarlarını yükləmişlər.

Worcester İnstitutundan biotibbi mühəndislik professoru Glenn Gaudette deyib ki, bitkilərdən toxuma mühəndisliyində istifadə edilməsi bu sahədəki bir çox problemləri həll edə bilər.