Britaniya mətbuatı: Dubay barədə nə bilirsiniz?

Fotonun müəllifi STF

Şimal dənizində yenə də neft tapılıb

"Financial Times" yazır ki, Hurricane Energy şirkəti Şimal dənizindəki Şetland adalarında yeni neft yataqları kəşf edib. Bu ərazidə neft yataqlarının inikişaf etdirilməsi lisenziyalarının sahibi olan Royal Dutch Shell və BP düşünürlər ki, yeni quyular neft sənayesinə "yeni nəfəs" verəcək.

Bu, yeni əsrdə Britaniya sularında aşkar edilmiş ən böyük neft tapıntısıdır.

Hurricane şirkətinin tezliklə açıqlayacağı hesabatda onun bu ərazidə 1 kilometr dərinlikdə neft sütunu tapdığını elan edəcəyi gözlənilir.

Beləliklə, Londonda mənzillənmiş Hurricane şirkəti Britaniya şelfində ən böyük toxunulmamış yatağa sahib ola bilər.

Hələ yanvar ayında qazma işləri başlamazdan əvvəl Cenkos Securiries mərkəzinin analitiki Ashley Kelty demişdi ki, bu ərazidəki Halifax quyusu bu əsrdə Britaniyada qazılmış ən mühüm neft quyusu olacaq. O proqnoz vermişdi ki, Halifax və Lancaster adlı başqa bir quyu arasında əlaqə tapılarsa, bu, bu ərazidə 1 milyard barrel neftin olduğuna dəlalət edəcək.

Buna baxmayaraq bəzi sənaye başçıları Hurricane şirkətinin kəşfi barədə skeptik düşünürlər.

Onlar deyirlər ki, sözü gedən neft yatağı dənizin "sınmış dibində" - yəni nisbətən yumşaq çöküntü qumdaşının altında yerləşir. Şimal dənizinin əsas neft quyuları məhz yumşaq dibdən çıxırılıb.

Məhz buna görə də skeptiklərin fikrincə, Hurricane hələ bu yataqların rentabelli olacağını isbat etməlidir.

Buna baxmayaraq Huricane-in tapıntısı neft qiymətlərinin düşməsi ilə bağlı investisiyaların azaldığı bir vaxtda müsbət hadisə sayılır.

Bu əraziyə maraq göstərən neft nəhənglərindən biri də Shell şirkətidir. BP, ExxonMobil, Statoil bu bölgədə yataqların inkişaf etdirilməsi üçün 17 lisenziya əldə ediblər.

Sözü gedən şirkətlər Şimal dənizində tamamilə toxunulmamış yataqları inkişaf etdirəcəklər.

Dubay barədə nə bilirsiniz?

Fotonun müəllifi RABIH MOGHRABI

"The Daily Telegraph" yazır ki, Dubayda ən bahalı at cıdırı keçirilib. Amma bu cıdırda hər hansı yarış atına pul qoyub pul udmaq olmazdı. Çünki bu ölkədə qumar rəsmən qadağandır. Məqalədə deyilir ki, sanki hamının yaxşı tanıdığı Dubay haqqında hər şeyi bilirik. Amma bu, belədirmi?

Bunun ardınca "The Telegraph" "sizi təəccübləndirə biləcək" bəzi məsələlərdən yazır.

Burada siz, yəqin ki, bircə yerli adam görəcəksiniz

Əmirliyin yerli sakinləri əsas turist mərkəzlərindən uzaq gəzməyə çalışırlar. Buna görə də turistlərin əksəriyyəti bu ölkəyə səfərləri ərzində adətən bircə əsl yerli sakin görürlər. Bu da onların pasportuna hava limanında möhür qoyan sərhəd zabitidir.

Ümumiyyətlə, burada sərhəd xidməti demək olar, yalnız yerlilərdən ibarətdir. Əgər yerli adamlarla, adət və ənənə ilə tanış olmaq istəyirsinizsə özünüzü Şeyx Məhəmməd Mədəni Anlaşma Muzeyinə verin. Burada mədəniyyət abidələrinə turist turları da təşkil olunur, hələ yerli aşpazlar sizə milli xörəkləri hazırlamağı da öyrədə bilərlər.

Bir sözlə Dubayda gəlmələr yerlilərdən qat-qat çoxdur. Əhalinin əksəriyyətini hindlilər, banqladeşlilər, pakistanlılar təşkil edirlər.

Dubay göylənlər məskənidir, amma o qədər də yox…

Fotonun müəllifi RENE SLAMA

Son hesablamalara görə Dubayda 1344 tamamlanmış göydələn var. Amma bu, 6606 göydələni olan Honq Konqun yanında nədir ki?.. New York-dakı göydələnlərin sayı 6180-dir.

Amma hər halda dünyanın ən hündür binası - Bürc Xəlifə burada yerləşir. Onun hündürlüyü 828 metrdir.

2006-cı ildə bütün dünya kranlarının 25 faizi Dubayda işləyirdi, amma o günlər geridə qalıb. 2008-ci ilin maliyyə böhranından sonra divanə tikinti bumu səngiyib.

Dubay göydələnləri bir məsələdə də rekord vura bilməyib. Dubaydakı ən yüksək yaşayış göydələni - Dubay Marinanın hündürlüyü 413 metrdir. 2014-cü ildə bu rekordu özünün Park Avenue-dakı 426 metrlik yaşayış evi ilə New York təzələyib.

Polis maşınları qiyamətdir

Bu qədər superavtomobilləri olan Dubay polislərinə Britaniya polisləri kimi yalnız Ford maşınları verə bilməzdilər. Odur ki, burada şuluq edənləri lüks Lamborghini, Ferrari and Bentley avtomobillərində qovurlar.

2013-cü ildə polisin avtoparkında McLaren, 2014-cü ildə Bugatti Veyron peyda olub.

691 at gücündə V12 mühərrikli Lamborghini Aventador saatda 60 kilometr sürəti 3 saniyəyə yığır. Bu avtomobilin maksimal sürəti saatda 349 kilometrdir. Saatda 60 kilometri 4, 2 saniyəyə yığan BMW i8 isə avtoşların maşınlarını xəşil edə bilər.

Dubay polisinin tuluqçular dəstəsi var və "The Telegraph" qəzetinin yazdığına görə yaxşıca xahiş etsəniz, sizin üçün Mərd Şotlandiya havasını da çala bilərlər.

Abu Dabi olmasaydı

Dünyanlın ən hündür binası - Bürc Xəlifə Dubaydadır, amma bu bina qonşu Abu Dabi əmirliyinin maliyyə yardımı olmasaydı, belə vüqarla ucala bilməzdi.

Elə ona görə açılışında Bürc Dubay adlanan göyədələnin adı sonradan Bürc Xəlifə olub. Abu Dabi əmiri və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed əl-Nəhayanın şərəfinə. Yeri gəlmişkən əl-Nəhayan Dubaya maliyyə böhranı zamanı 6, 13 milyard dollarlıq dəstək verib.

Yerlilər zəngin, amma bəzən huşsuzdurlar

Dubay sakinlərinin yoxsul olmadıqlarını görmək üçün itirilmiş əşyaların statistikasına diqqət yetirmək kifayətdir.

2015-ci ildə bir nəfər Dubay hava limanının tualetində 146 min dirhəm pulunu unudub. Yəni 44 min dollar nəqd pulunu. Pulu sahibinə qaytarıblar. Ümumiyyətlə isə 2016-cı ilin ilk 4 ayı ərzində təkcə bu limanda adamlar 11264 dollarlarını "qoyub gediblər".

Dubay polisinin məlumatına görə bu hava limanında ümumi dəyəri 50 min dollar olan iki brilyant üzük də polisə verilib. 2016-cı ilin oktyabrında qiyməti 1 milyon dollar olan qızıl külçə kərpic taksidə unudulub. Onu da tapıb sahibinə qaytarıblar.

Burada kişilərin sayı qadınlardan çoxdur

Dubayın 2, 5 milyon nəfərlik əhalisinin 1, 7 milyonu kişilərdir. Rəsmi statistikaya görə qadınlar əhalinin 30 faizini təşkil edirlər. Bunun əsas səbəbi budur ki, Dubay pul qazanmaq yeridir və bura gələn əcnəbilərin çoxu ailələri üçün pul qazanmağa gələn kişilərdir.

Dubay əhalisi cavandır. Əhalinin 58 faizi 25-44 yaşları arasında olanlardır. Yaşı 45-i ötənlər 15 faizdir.

Dubay həmişə Dubay olmayıb

Turizmin inkişafından əvvəl Dubayın əsas gəliri neftdən idi. Bəs neftdən əvvəl? Neftdən əvvəl isə buralar balıqçılıq, əkinçilik və mirvari qəvvaslığı və ya dalğıclığı ilə dolanırdı.

20-ci əsrin əvvəllərində Dubayda mirvari axtaran 300 qayıq var idi.

Bu qayıqlardakı kişilər may-sentyabr aylarında dənizin dibinə baş vurardılar. Onlar burunlarına sıxac, bellərinə isə yük bağlayardılar. Beləcə yükün ağırlığı ilə dənizin dibinə çatar sonra isə yükü atıb suyun üzünə qalxardılar. Hər mirvariaxtaran gündə 50 dəfəyədək suyun dibinə dalardı.

Qızıl bankomatları

Burdakı qızıl bankomatlarından 2, 5 qramlıq sikkələrdən tutmuş bir unsiya ağırlığında külçəyədək qızıl çıxarmaq mümkündür. Bu maşınların içindəki qiymət dünya birjalarına uyğun olaraq hər 10 dəqiqədən bir dəyişir.

Cihadçılar Raqqa əhalisini köçürürlər

Fotonun müəllifi AP

Özünü İslam Dövləti adlandıran təşkilat de facto paytaxtı sayılan Raqqa əhalisinə təxliyə komandası verib.

Buna səbəb olaraq ABŞ koalisiyası təyyarələrinin zərbələri nəticəsində yaxınlıqdakı su bəndinin "zəifləməsi" göstərilir.

İŞİD bildirib ki, Fərat çayı üzərində və Raqqadan 40 kilometr aralıda olan Tabqa su anbarı çat verib və üstəlik bənddəki suyun səviyyəsi qalxmaqdadır.

İŞİD bu şəhəri 2014-cü ildə Suriya qiyamçılarının əlindən alıb və qondarma xilafətin paytaxtı elan edib.

"Raqqa Sakitcə Qətliam Edilir" adlı qrupun verdiyi məlumata görə şəhər sakinləri evlərini bazar günü günortadan tərk etməyə başlayıblar.

Suriya müxalifətinin İnsan Haqları Bürosunun verdiyi məlumata görə İŞİD-in nəzarətndə olan su bəndinin işi elan edilməyən səbəblərə görə dayandırılıb.

Lakin hələlik ABŞ koalisiyası bu məlumatları təsdiq etməyib.

Bu xəbərlərdən az əvvəl Suriyanın aparıcı müxalifət qruplaşması ABŞ koalisiyasını Raqqa və onun ətrafındakı yaşayış məntəqələrinə hava zərbələrini dayandırmağa çağırmışdı.

Cenevrədə keçirilən sülh danışıqlarında iştirak edən Suriya Milli Koalsiyası (SMK) bildirmişdi ki, dinc əhali arasında getdikcə artan tələfatdan narahatdır.

SMK inanır ki, martın 21-də Raqqa ətrafındakı məktəbdə 30 dinc sakinin ölümünə səbəb məhz koalisiyanın hava zərbələri olub. Koalisiya bu iddiaları araşdırdığışnı bildirib.

ABŞ indiyədək kürdlərin üstünlük təşkil etdiyi Suriya Demokratik Qüvvələrinə qurudan və havadan dəstək verib. Hazırda SDQ Raqqa şəhəri və Tabqa su bəndi istiqamətində irəliləyir.

Suriya müxalifəti bunu da bildirib ki, hava zərbələri nəticəsində ötən həftə Raqqa vilayətində 89 dinc sakin həlak olub.