Britaniya mətbuatı: Sadə pəhrizlə sızanaqlardan qurtulmaq mümkündür?

Fotonun müəllifi Getty Images
Image caption Rusiyada müxalifət lideri, Vladimir Putin hökumətinin bundan sonra da antikorrupsiya etirazları dalğası ilə üzləşəcəyini deyib

"Bizim də onlara məhkəmə quracağımız gün yaxınlaşır"

"The Telegraph" qəzetinin müxbiri Roland Oliphant-ın məqaləsində deyilir ki, Rusiyada ötən həftəsonu həbs edilmiş müxalifət lideri, Vladimir Putin hökumətinin bundan sonra da antikorrupsiya etirazları dalğası ilə üzləşəcəyini deyib.

40 yaşlı Aleksey Navalnı hökumət korrupsiyasına qarşı etiraz aksiyasında polis zabitinə müqavimət göstərdiyinə görə 15 gün müddətinə həbs edilib.

"Siz on minlərlə insanı həbs edə bilməzsiniz" - deyib Navalnı məhkəmə zalında.

Buna baxmayaraq ötən həftəsonu Rusiya boyunca keçirilən icazəsiz etiraz aksiyalarının ardınca 1000-dək nümayişçi saxlanıb.

Onlar Navalnının tərtib etdiyi hesabatda göstərildiyinə görə korrupsiyaya bulaşmış baş nazir Dmitri Medvedevin istefasını tələb edirdilər.

Medvedevin sözçüsü bu iddiaları "şərhinə ehtiyac olmayan təbliğat hücumu" adlandırıb.

Sözçü deyib ki, Navalnı seçki ərəfəsində özünü reklam edir.

Polis Navalnının antikorrupsiya qrupunun ofisində daha 17 nəfəri həbs edib. Bu qrup etiraz aksiyalarını internetlə canlı yayınlayırdı.

Bazar ertəsi məhkəməyə gətirələn Navalnı tərəfdarlarına tvit yazıb: "Bizim də onlara məhkəmə quracağımız gün yaxınlaşır".

Ötən bazar günü keçirilmiş etiraz nümayişi 2011 və 2012-ci il aksiyalarından bu yana Putin hökumətinə qarşı ən böyük etirazdır.

Lakin 5 il bundan əvvəl olduğundan fərqli olaraq budəfəki etirazlar ölkə boyunca Novosibirsk, Yekaterinburq və Vladivostok kimi böyük şəhərlərdə yer alıb.

Kreml Navalnı və tərəfdarlarını məktəbliləri şirnikləndirərək təxribata çəkməkdə ittiham edir.

Kremlin sözçsü Dmitri Peskov deyib ki, hökumət adamların öz mövqelərini nümayiş etdirməsinə hörmətlə yanaşır, lakin eyni hörmət adamları şüurlu şəkildə çaşdıran və qanunsuz hərkətlərə cəlb edənlərə şamil oluna bilməz.

Bazar günü keçirilmiş aksiyanın coğrafi genişliyi barədə suala cavab verərkən Peskov deyib ki, Kreml etirazların miqyası barədə aydın təsəvvürə malikdir və bunu nə kiçiltmək, nə də şişirtmək niyyətində deyil.

Avropa İttifaqı aksiyada həbs olunanların dərhal azad edilməsinə çağırıb.

Cənab Navalnı gələn il keçiriləcək prezident seçkisində Vladimir Putinə qarşı mübarizə aparmaq niyyətindədir.

Lakin müxalifətçiyə çevrilmiş hüquqşünas Navalnı barəsində fırıldaqçılıq ittihamı ilə məhkumluq qüvvədədir və bu, onu seçkidə iştirakdan məhrum edə bilər.

Rəy sorğuları onun Putinə qalib gəlmək şansının çox az olduğunu göstərir, lakin onun tərəfdarları ümid edirlər ki, yüksək səviyyəli korrupsiyaya qarşı ictimai qəzəbi seçki səslərinə çevirə biləcəklər.

Türkiyə və Yunanaıstan arasında gərginlik artır

Fotonun müəllifi LAURA BOUSHNAK
Image caption Yunanıstan və Türkiyə 1974-cü ildə Kiprə və 1996-cı ildə isə kimsəsiz adaya görə bir-birilə müharibə həddinə çatmışdılar

"The Guardian" yazır ki, Türkiyə prezidentinin öz ölkəsinin Avropa İttifaqı (Aİ) danışıqlarından çıxacağı barədə danışmasından və Yunanıstanın müdafiə nazirinin ölkəsinin istənilən təxribarata cavab verməyə hazır olduğunu bəyan etməsindən sonra Egey və Aralıq dənizləri hövzəsində gərginlik yüksəlib.

Məqalədə deyilir ki, aprelin 16-da Türkiyədə keçiriləcək referenduma görə Ankara ilə Aİ paytaxtlarının arasında gərginlik yaşanır.

Türkiyənin Qərb müttəfiqləri bu referendumun nəticəsində cənab Erdoğanın avtoritarlığının artacağından narahatdırlar.

Türkiyə prezidenti bir sıra Avropa ölkələrində onu dəstəkləyən mitinqlərin qadağan olunmasından qəzəblidir.

Bununla əlaqədar Erdoğan bəyan edib ki, referendumdan sonra Türkiyə Avropa İttifaqı üzvlüyü üçün danışıqlardan çıxmaq məsələsini də referenduma çıxara bilər.

O deyib ki, "millətimizin səbrinin hüdudları var".

Ötən həftə Erdoğan, Avropa liderləri ona "diktator" dedikcə, o da onlara "nasist" deyəcəyini elan etmişdi.

Bundan az əvvəl Yunanıstanın müdafiə naziri bəyan etmişdi ki, silahlı qüvvələr ölkənin suverenliyinə hədə yaranarsa, buna cavab verməyə hazırdır.

Yunanıstanın Osmanlı imperiyasına qarşı azadlıq müharibəsinin 196-cı ildönümünə həsr edilmiş hərbi paradda Panos Kammenos demişdi ki, "yunan ordusu istənilən təxribata cavab verməyə hazırdır".

Bundan əvvəl iki NATO üzvü 1974-cü ildə Kiprə və 1996-cı ildə isə kimsəsiz adaya görə bir-birilə müharibə həddinə çatmışdılar.

Kipr yunanlarının lideri Nicos Anastasiades CNN Greece telekanalına deyib ki, referendum ərəfəsində Türkiyədə fanatizm ab-havası yaranıb.

Türkiyənin Aİ üzvlüyünə qəbulu məsələsi uzun müddət Kipr məsələsinə görə əngəllənib. Üstəlik adanın türk və yunan icmaları arasında birləşmə danışıqları hazırda kritik məqamına yetişib.

Bundan əvvəl, ötən iyulda Türkiyədə baş tutmamış çevriliş cəhdinin ardınca Yunanıstandan vətənə qayıtmaq istəməyən türk zabitlərə görə Ankara və Afina arasında təhqiramiz söz müharibəsi baş verib. Buna səbəb o olub ki, Yunanıstanın Ali Məhkəməsi qaçaq NATO zabitlərini Ankaraya təslim etməkdən imtina edib.

"The Guardian" yazır ki, Türkiyənin hərbi dəniz və hava donanması Yunanıstanın dəniz və hava sərhədlərini demək olar, gündəlik qaydada pozur.

Məqalədə deyilir ki, udmağa çalışdığı referendum ərəfəsində millətçi hissləri qızışdırmaq məqsədilə Erdoğan 1922-ci il tarixli Lozanna müqaviləsini şübhə altına almağa başlayıb. Bu müqavilə Türkiyəyə müdaxilə edən yunan ordusu türklər tərəfindən məğlubiyyətə uğradıldıqdan sonra imzalanmışdı.

Bu arada Türkiyənin millətçi MHP partiyasının lideri Devlet Bahceli deyib ki, Yunanıstan Türkiyənin bir sıra adalarını işğal altında saxlayır.

"Kimsə bu tərbiyəsiz uşağa başa salmalıdır ki, bizim səbrimizlə oynamasın. Əgər yunanlar yenidən dənizə düşmək istəyirlərsə, ovlanmaq istəyirlərsə, buyursunlar, türk ordusu hazırdır. Kimsə Yunanıstan hökumətinə 1922-ci ildə nə baş verdiyini izah etməlidir. Yoxsa biz Egey üzərindən güllə kimi şığıyıb onlara tarix dərsi keçə bilərik" - deyib millətçi lider.

"The Guardian" yazır ki, yunan rəsmiləri Türkiyənin davakar ritorikalarından narahat edən həm də Ankaranın Aİ-dən uzaqlaşmaq perspektividir.

Trump "yunanları sevirıəm" desə də, onların narahatlığını azaldacaq heç bir addım atmayıb.

Mən ki, gözəl deyildim

Fotonun müəllifi PIERRE ANDRIEU
Image caption Rachel Crawley bir çox yeniyetmələr və cavanlar üçün az qala dərdə çevrilən sızanaqlardan qurtarmağın yolunu tapıb.

"The İndependent" yazır ki, İngiltərədə gözəllik yarışının iştirakçılarından biri adi pəhrizlə "aqressiv sızanaqlardan" xilas olub və eyni zamanda təcrübəsini Instagram səhifəsində paylaşıb.

Məqalədə deyilir ki, Rachel Crawley bir çox yeniyetmələr və cavanlar üçün az qala dərdə çevrilən bu bəladan qurtarmağın yolunu tapıb.

O üzündəki dəhşətlı sızanaqları gizlətməyə çalışsa da, illərlə başqalarının lağlağısına və tənələrinə tuş gəlib.

Məhz bu sızanaqlara görə 18 yaşlı Rachel gözəllik yarışında iştirak etmək təklifini rədd etməli olub.

İndi, 4 ildən sonra, 22 yaşı olan administrator müavini üzünün dərisini sağlamlaşdırmaq üçün apardığı mübarizənin gündəliyini paylaşıb. O günbəgün apardığı mübarizənin detalları ilə yanaşı üz dərisinin yaxşılaşdığını göstərən fotoları da dərc edib.

O bu selfie postlarındda özünün kosmetakasız simasını göstərmək utancaqlığının üstündən aşa bilib.

Onun son fotolarında üz dərisinin əhəmiyyətli dərəcədə yaxşılaşdığı görünür. Rachel buna görə çox sadə bir pəhrizə minnətdar olduğunu yazır.

O öz üzərində eksperiment apararaq bəzi qidalardan imtina edir və ya əksinə tamam başqa qidalara keçirdi.

Bu eksperimenti təhlil edən Rachel bu nəticəyə gəlib ki, şəkər və daha çox çörəyin tərkibində olan karbohidratlar aqressiv sızanaq hücumunun əsas baiskarlarıdır.

"Mən bu qidaları yeməkdən cəmi üç gün idi ki, imtina etmiş, onları sağlam yağlarla zəngin olan qidalarla əvəzləmişdim. Daha yeni sızanaqlar peyda olmurdu" - yazırdı Rachel.

Sağlam yağlar dedikdə o ilk növbədə avokado, qara şokalad, soyutma yumurta, pendir, yağlı balıq, qoz-fındıq, balqabaq tumu və zeytun yağını nəzərdə tuturdu.

Rachel öz sadə pəhrizinin sirlərini belə paylaşıb: "Heç bir dərmansız-filansız. Yalnız yüksək yağlılığı olan bitkilər. Emal olunmuş heç bir qida. Əsl maksimum təbii qida və üzə yüngülcə qulluq".

"The İndependent" yazır ki, üzündəki sızanaqlar azaldıqca Rachel-in özünə inamı da artıb.

O indi Miss Preston 2017 Gözəllik yarışının finalçısıdır.