Brexit: Britaniya rəsmən Aİ-ni tərk etmə yoluna başlayıb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Britaniya Aİ-ə vida deyir: Həll olunmamış məsələlər

Böyük Britaniya 44 ildən sonra rəsmən Avropa İttifaqını tərk etmək istiqamətində yola başlayıb.

Theresa May Britaniyanın Aİ-dən gedişini rəsmi surətdə başladacaq məktubu imzalayıb.

Britaniyanın Aİ-dəki səfiri Sir Tim Barrow xanım May-ın imzaladığı altı səhifəlik məktubu Brüsseldə Aİ Şurasının prezidenti Donald Tusk-a təqdim edib.

Bu, formal olaraq ayrılma prosesinin başlanması deməkdir.

Fotonun müəllifi EUROPEAN PHOTOPRESS
Image caption Britaniyanın Aİ-dəki səfiri Sir Tim Barrow xanım May-ın imzaladığı məktubu Aİ Şurasının prezidenti Donald Tusk-a təqdim edib
Fotonun müəllifi PA
Image caption Theresa May Britaniyanın Aİ-ni tərk etməsini təsdiqləyən məktubu imzalayır

Keçən ilin iyun ayında Britaniya Avropa İttifaqını tərk etməklə nəticələnən referendum keçirib.

Britaniyanın Aİ-ni tərk etməsi barədə müraciəti alan Avropa İttifaqı Şurasının prezidenti deyib ki, bu nə London nə də ki, Brüsseldə xoşbəxt bir gün deyil.

Lakin Donald Tusk Brexit-də müsbət məqamların olduğunu da vurğulayıb.

"Brexit bizi, 27 ölkədən ibarət icmanı, daha qərarlı və əvvəlkindən daha vahid edib".

Onun sözlərinə görə Aİ ölkələri "qarşıdan gələn çətin danışıqlar" mərhələsində vahid qalacaq.

Danışıqlar barədə mövzunu davam edərək Donald Tusk deyib ki, o və Avropa Komissiyası 27 ölkənin maraqlarını müdafiə etmək üçün güclü mandata malikdir.


Britaniyanın ayrılma ödənişi

Böyük Britaniya hökuməti, ölkə daxilindəki siyasi müzakirələrdə ara-sıra Aİ-dən "ayrılma ödənişinin" məbləği mövzusunda da tənqidlərə hədəf olur.

Brüssel Brexitlə bağlı Londonun xərclərinin təxminən 60 milyard avro olacağını bildirir.

Aİ-dən çıxmaqla bağlı konkret danışıqların başlanmasından sonra bu rəqəm ətrafında kəskin mübahisələrin aparılacağı gözlənilir.

BBC-ə danışan Brexit naziri David Davis, 60 milyardlıq ödənişlə bağlı Brüsseldən hər hansı bir şərh almadığını bildirir.

Nə baş verdi və verəcək?

  • 29 mart, 2017-ci il - Britaniya 50-ci maddəni işə salıb
  • 29 aprel, 2017-ci il- Britaniyanın iştirakı olmadan 27 Aİ lideri sammit keçirərək Avropa Komissiyasına Britaniya ilə danışıqlar üçün mandat verir
  • May, 2017-ci il - Avropa Komissiyası danışıqlar təlimatını elan edəcək. Aİ, Aİ-Britaniya ticarət sövdələşməsinin gələcəkdə mümkün paralel danışıqları barədə nəsə deyə bilər
  • May/iyun, 2017-ci il - Danışıqlar başlayır
  • 23 aprel və 7 may, 2017-ci il - Fransada parlament seçkiləri
  • 24 sentyabr, 2017-ci il - Almaniyada parlament seçkiləri
  • Payız, 2017-ci il - Britaniya höküməti Aİ-dən çıxmaq üçün qanunvericilik təqdim edir
  • Oktyabr,2018-ci il- Danışıqlar başa çatmalıdır
  • 2018-ci ilin oktyabr və 2019-cu ilin mart ayları arası - Parlament, Avropa İttifaqı Şurası və AK mümkün müqavilələri səsverməyə qoyur
  • Mart,2019-cu il - Britaniya rəsmi olaraq Aİ-dən çıxır

Əlaqəli mövzular

Bu barədə daha geniş