Yoxa çıxan şəxsin qalıqları ilanın qarnında aşkar edilib

Adamı udmuş piton Fotonun müəllifi West Sulawesi Police
Image caption Pitonun qarnını yaran polis yoxa çıxmış kişini aşkar edib.

İndoneziya polisi pitonun qarnından yaxınlarda yoxa çıxmış yerli sakinin qalıqlarını aşkar ediblər.

İndoneziyanın Sulavesi adasının Əkbər adlı sakini bir neçə gün əvvəl palma yağı hazırlamaq üçün gedərkən yoxa çıxıb.

Axtarışa başlayan polis işçiləri qarnı qeyri-adi şəkildə qabarmış nəhəng ilanı aşkar ediblər və bu da onlarda itən kişiylə bağlı şübhələr yaradıb.

7 metr uzunluğu olan pitonun qarnı yarılıb və itkin düşən kişinin cəsədi orda aşkar edilib.

İndoneziyada yaşayan pitonun bu növü dünyanın ən böyük ilanlarından sayılır.

Bu ilanlar canlını əvvəlcə boğurlar, sonra bütöv udurlar.

Pitonlar çox nadir hallarda insanlara hücum edirlər. Lakin bəzən KİV-lərdə onların balaca uşaqları və ev heyvanlarını udması barədə məlumatlar yayılır.

Fotonun müəllifi West Sulawesi Police
Image caption Pitonlar canlını əvvəlcə boğurlar, sonra bütöv udurlar.

Polis nümayəndəsi Maşuranın (indoneziyalıların bəzisinin yalnız bir adı olur) sözlərinə görə, Əkbərin axtarışına itkin düşəndən bir gün sonra yerli sakinlərin müraciətindən sonra başlanıb.

Axtarış zamanı polis əməkdaşları pitonu Əkbərin ailəsinə məxsus palma sahəsində aşkar ediblər.

"Onlar Əkbərin özünü tapmadılar, amma yerli sakinlər sahədə hərəkət etməyən pitonu gördülər. Onlar ilanın Əkbəri udmasından şübhələndilər. İlanın qarnı yarılan zaman Əkbəri orda aşkar etdik"- deyə Maşura bildirib.

Malanq universitetindən olan bioloq Nia Kurniawan BBC-ə açıqlamasında bu cür ilanların adətən böyük ov, məsələn qaban və ya vəhşi itin arxasınca getdiklərini söyləyib.

Adətən onlar insanların yaşadığı ərazilərdən qaçırlar. Hərçənd ki, onları palma sahələrinə ovladığı heyvanlar cəlb edə bilər.

Əlaqəli mövzular

Bu barədə daha geniş