Britaniya mətbuatı: Qız bakirəliyinin alqı-satqısı da biznes olub

Fotonun müəllifi Getty Images

London "bir gün peşiman olacağı qərar qəbul edib"

"The Guardian" yazır ki, Almaniya kansleri Angela Merkel Britaniyanın baş naziri Theresa May-in əsas Brexit tələblərindən birini qətiyyətlə rədd edib.

Xanım May ölkəsinin Avropa İttifaqından (Aİ) çıxmasına dair danışıqlarla eyni vaxtda Britaniya və Aİ arasında gələcək münasibətlərin müzakirəsini istəyirdi.

Kansler Merkel deyib ki, "biz əvvəlcə bizi birləşdirən bağları necə sökəcəyimiz barədə razılığa gəlməliyik".

"Yalnız bundan sonra, ümid edirəm ki, tezliklə gələcək münasibətlərimiz barədə danışıqlara başlaya bilərik" - deyib Merkel.

Aİ-nin əsas təsisatları və qalan 27 üzvü Britaniyanın ayrılması ilə əlaqədar yaranacaq bir sıra problemlərin Brexit barədə əsas danışıqlardan əvvəl həll edilməsini tələb edirlər.

Söhbət ilk növbədə Britaniyada yaşayan və işləyən Avropa vətəndaşlarının gələcəyindən gedir.

Bu arada Avropa Şurasının prezidenti, Polşanın keçmiş baş naziri Donald Tusk Theresa May-in Brexit barədə rəsmi məktubunu aldığını təsdiq edib və deyib: "Özümüzü aldatmayaq ki, guya bu çox yaxşı bir gündür".

Tusk deyib ki, indi Britaniyanın məktubu əsasında bu ölkənin Avropa İttifaqından çıxması prosedurları işlənib hazırlanacaq və bu barədə bir ay müddətində məlumat veriləcək.

"Daha nə əlavə edə bilərəm, - deyib Tusk, - Biz artıq indidən sizin üçün darıxmışıq. Sağ olun, salamat qalın".

Lakin Avropa İttifaqının digər üzvləri Britaniyanın ittifaqdan çıxması barədə belə mütəəssir edən sözlər deməyiblər. Fransa prezidenti Francois Hollande deyib ki, "Brexit britaniyalılar üçün ağrılı olacaq".

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker deyib ki, Birləşmiş Krallıq "bir gün peşiman olacağı qərar qəbul edib".

Bununla yanaşı, o deyib ki, Avropa İttifaqı Britaniya vətəndaşları üçün Avropanın assosiativ vətəndaşı olmaq qapılarını açıq saxlayır.

Bu o deməkdir ki, Avropa İttifaqı vətəndaşı olaraq qalmaq istəyən britaniyalılara belə bir hüquq verilə bilər.

"The Guardian" yazır ki, Britaniyanın Aİ-dən çıxması barədə qərar Avropa Parlamentində səsə qoyulub təsdiq edilməlidir və bu bütün hallarda iki ildən tez baş verməyəcək.

Bu iki il müddətində Britaniyaya Aİ ilə sərbəst ticarəti hüququ verilməsə də, Birləşmiş Krallıq Aİ-dən tam ayrılanadək Avropa Məhkəməsinin yurisdiksiyasında olacaq.

Avropa rəsmiləri bildirirlər ki, hətta Britaniya Aİ-dən tam ayrıldıqdan sonra da bu ölkədə yaşayan Avropa vətəndaşları Aİ məhkəmə instansiyalarına müraciət edə bilərlər.

Fotonun müəllifi Getty Images

Şimali İrlandiya da Britaniyanı tərk edə bilər

"The İndependent" qəzetinin yazdığına görə, müxalif leyborist partiyasının lideri Jeremy Corbyn deyib ki, Britaniyanın bir parçası olan Şimali İrlandiyanın milli assambleyası İrlandiya Respublikası ilə birləşmək barədə referendum keçirmək qərarı qəbul edərsə, bu muxtar əyalətə belə bir hüquq verilməlidir.

Bundan az əvvəl Şotlandiyanın milli parlamenti bu əyalətin müstəqilliyi üçün referendumun keçirilməsi barədə qərar qəbul edib.

Cənab Corbyn deyib ki, Şimali İrlandiya və İrlandiya Respublikasının xalqları sərhəd üzərindən sərbəst keçmək hüququnu saxlamalıdırlar.

İrlandiya Respublikası Avropa İttifaqının üzvü olduğuna görə onun Britaniyanın Şimali İrlandiya əyaləti ilə sərhədi indiyədək açıq idi, lakin indi, Londonun Avropa İttifaqından çıxmaq qərarından sonra "iki İrlandiyanı" ayıran sərhəd Avropa İttifaqı ilə Britaniyanı ayıran sərhədə çevriləcək.

Bu isə o deməkdir ki, İrlandiya Respublikası ilə Şimali İrlandiya arasında olan açıq sərhəd bağlana bilər.

Bu ayın əvvəllərində İrlandiya Respublikası ilə birləşməni istəyən millətçi Sinn Fein partiyası Şimali İrlandiyanın yerli məclisində 27 mandat qazanıb.

Şimali İrlandiyanın bundan sonra da Birləşmiş Krallığın bir hissəsi olaraq qalmasını istəyən ittifaqçıların 28 mandatı var.

Cənab Corbyn habelə deyib ki, Birləşmiş Krallıq Avropanın vahid bazarını da tərk etməlidir, çünki ittifaq üzvü olmadan vahid bazarın üzvü olmaq mümkün deyildir.

Məqalədə deyilir ki, görünür cənab Corbyn Avropa İttifaqının gömrük ittifaqını vahid bazarla çaş-baş salıb.

Gömrük ittifaqına gəldikdə, məsələn Türkiyə də bu təşkilata üzvdür. Digər tərəfdən, məsələn Norveç Avropa İttifaqının üzvü olmasa da, vahid bazara çıxışı var.

"The Evening Standard" qəzeti isə yazır ki, Britaniyanın Brexit naziri David Davis-in dediyinə görə, əgər Şimali İrlandiya əhalisi İrlandiya Respublikası ilə birləşmək barədə referendum vasitəsilə qərar qəbul edərsə, London irlandların iradəsinə tabe olacaq.

Nazirin sözlərinə görə, Şimali İrlandiya ayrıca bir ölkə kimi Avropa İttifaqının üzvü olaraq qala bilməz, amma İrandiya Respublikası ilə birləşərsə, onda bu, avtomatik qaydada baş verəcək.

Fotonun müəllifi Getty Images

Bakirəlik alqı-satqısı

"The Mirror" qəzeti yazır ki, bir yeniyetmə qız bakirəliyini bir Honq Konq biznesmeninə 2 milyon 300 min avroya satıb.

18 yaşlı Aleexandra Kefren hələ ötən noyabrda Britaniya telekanallarından birinə demişdi ki, bakirəliyini çox baha qiymətə satmaq niyyətindədir.

İndi isə adının çəkilməsini istəməyən milyonçu müştəri düşüb.

Aleexandra bu sövdələşməni Almaniyada mənzillənmiş Cinderella Escorts şirkəti vasitəsilə həyata keçirib. Bu ziddiyyətli şirkətin biznesi elə qızların bakirəliyinin alqı-satqısını təşkil etməkdir.

Əslən Rumıniyadan olan Aleexandra Britaniya televiziyasına müsahibəsində demişdi ki, bu ideya onun başına ilk dəfə 15 yaşında olarkən "Ədəbsiz təklif" filminə baxdıqdan sonra gəlib.

"The Mirror" yazır ki, qız bu fikirlərini səsləndirməklə o vaxt televiziya tamaşaçılarını şoka salmışdı.

"Onda 15 yaşım vardı və düşündüm ki, mən də bəkarətimi sata bilərəm - demişdi Aleexandra, - İnternetdə axtarış aparıb görmüşdüm ki, bəzi qızlar özlərini 3, 5 milyon avroya və hətta daha baha qiymətə satırlar".

"Mən çox yoxsul ölkədə yaşayıram və valideynlərimə ev almaqda kömək etməliyəm" - demişdi yeniyetmə.

"The Mirror" yazır ki, Cinderella Escorts şirkəti Almaniyanın Dortmund şəhərində mənzillənib. Şirkətin qurucusu 26 yaşlı Jan Zakobielskidir.

O özünün ziddiyyətli biznesini müdafiə edib: "Heç kim bu cavan qızları nəyə isə məcbur etmir".

"Ağılları da var, seks barədə şəxsi rəyləri də" - deyib Zakobielski.

Əlaqəli mövzular