Britaniya mətbuatı: Dünyada hər qırx saniyədən bir kimsə intihar edir. Niyə?

Fotonun müəllifi Getty Images
Image caption Donald Trump və Michael Flynn (oktyabr 2016)

Bu, Trump-ın axırıdırmı?

"The İndependent" qəzetində tanınmış jurnalist Nash Riggings yazır ki, kabinet istefaları, məhkəmə məğlubiyyətləri, qanunvericilik uğursuzluqları, minlərlə məhkəmə iddiası, zorlama ittihahamları, kütləvi etirazlar və prezidentlik tarixində ən aşağı populyarlıq reytinqi - bütün bunlar Donald Trump-ın sonuna çıxa bilməyib, amma bu mənada Michael Flynn dünyanın Allahdan əli göydə istədiyi pestisidə çevrilə bilər.

ABŞ ordusunun keçmiş "üçulduzlu" generalı sonradan Trump-ın müharibə qırğısına çevrilmişdi. Trump onu özünün baş milli təhlükəsizlik müşaviri etmişdi.

"Lakin bu təyinatdan 24 saat keçməmiş Trump öz dostunu timsahlara yedizdirib və Flynn-in Kremllə bəzi şübhəli əlaqələri barədə məlumat sızan kimi onu Ağ Evdən çölə tullayıb" - yazır jurnalist.

Məqalədə deyilir ki, böyük bir ehtimalla Flynn Rusiya səfiri ilə görüşərək Moskva üzərindəki ABŞ sanksiyalarının qaldırılmasını müzakirə edib.

Bundan az sonra FTB-nin direktoru James Comey deyib ki, Trump administrasiyasının Rusiya ilə əlaqələrini araşdırır. Bu araşdırmadan məqsəd prezidentin seçki komandasının prezident seçkisində Hillary Clinton-a badalaq vurub-vurmadığını üzə çıxarmaqdır.

Riggings yazır ki, elə bu məqamda Michael Flynn və onun son dərəcə anti-Trump vəkili FTB-yə mümkün olan bütün məlumatları verməyə hazır olduqlarını bildiriblər. Amma bu şərtlə ki, Flynn-ə gələcəkdə mühakimə edilməkdən immunitet verilsin.

Senat üzvləri artıq belə bir şərti rədd ediblər, lakin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi, deyəsən bu məlumatları dinləməyə maraq göstərir.

Məqalədə deyilir ki, hadisələrin bu cür inkişafı Trump-ı çox narahat etməlidir.

Riggings bunu da xatırladır ki, prezident seçkisi kampaniyası zamanı həmin bu Flynn demişdi: "Əgər kiməsə immunitet verilirsə, deməli, o, cinayət törədib".

Jurnalist yazır ki, Flynn-in nəyi danışmaq istəməsindən və bunun Trump-ın vəziyyətinə necə təsir edəcəyindən asılı olmayaraq bütün bu qalmaqal "bizim bir cəmiyyət kimi nə dərəcədə alçaldığımızı" göstərir.

Məqalədə deyilir ki, Donald Trump tamamilə və bütünlüklə Ağ Evi "murdarlayıb", Amerika xalqını yalanlarla çimizdirib və ölkənin ən yüksək vəzifəsinə çatmaq üçün bir yığın dostunu tapdayaraq üstündən keçib.

"Bəli, cənab prezident, örkən nə qədər uzun olsa da, doğanaqdan keçər. Görünür Michael Flynn tapdalayıb keçəcək dostlardan deyilmiş" - yazır Riggings.

Fotonun müəllifi Getty Images
Image caption Ehtimal edilir ki, Səudiyyənin nüvə silahına marağı, onun qonşusu və rəqibi olan İranın bu silaha marağından irəli gəlir.

Səudiyyə də nüvəyə maraq göstərir

"Express" yazır ki, Səudiyyə hökuməti nüvə proqramı tədqiqatlarını sürətləndirib və ekspertlərdən ibarət komanda yaradıb.

Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun hesabtına görə nüvə sahəsində "yeni fiqur" olan Səudiyyə özünü yeni texnologiyalarla silahlandırmağa can atır.

Washington-da mənzillənmiş bu analitik mərkəzin məlumatına görə İranın nüvə proqramı məhdudlaşdırılandan bəri, Səudiyyə krallığı belə bir proqramı inkişaf etdirməyə maraq göstərtir.

İran 2015-ci ildə özünün nüvə proqramını qısmaq üçün dünya gücləri ilə saziş imzalayıb.

Bu sazişin imzalanması ilə İranın üzərindəki bir çox beynəlxalq sanksiyalar qaldırılıb.

Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun məlumatına görə Səudiyyə nüvə proqramının erkən mərhələsindədir.

Bu da ehtimal edilir ki, Səudiyyənin nüvə silahına marağı, onun qonşusu və rəqibi olan İranın bu silaha marağından irəli gəlir.

Lakin "Express" yazır ki, hazırda Səudiyyə alimlərinin diqqəti dinc nüvənin inkişaf etdirilməsinə yönəlib.

Bundan əvvəl Səudiyyə Ərəbistanı elan edib ki, qarşıdan gələn illərdə azı 16 nüvə elektrik stansiyası tikmək niyyətindədir.

Lakin Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun məlumatında deyilir ki, Səudiyyə Ərəbistanının hərbi nüvə qüdrətinə malik olmaq istəməsi çox az şübhə doğurur.

"Express" yazır ki, Səudiyyənin nüvə ambisiyaları bir çox mənada, Tehranın İranın imzaladığı nüvə sazişinə sədaqətindən asılı olacaq.

Bununla belə, sözü gedən hesabatda Səudiyyənin məxfi şəkildə nüvə silahı inkişaf etdirmək niyyətinə dair sübutlar yoxdur. Hesabatda sadəcə olaraq gələcəkdə belə ambisiyaların olacağı istisna edilmir.

Hesabatda bu da qeyd olunur ki, hətta belə ambisiyalar olsa belə, Səudiyyənin nüvə silahının inkişaf etdirilməsi üçün lazım olan infrastrukturu qurmasına çox illər lazım gələ bilər.

Hazırda Səudiyyə dinc və mülki nüvə proqramına maraq göstərdiyini gizlətmir və bu sahədə Rusiya, Cənubi Koreya və Çin kimi ölkələrlə texnologiya mübadiləsinə hazırlaşır.

Fotonun müəllifi Getty Images

İntiharları artıran depressiya - "sonsuz kədər"

"The Guardian" yazır ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə son on ildə depressiya halları 20 faiz artıb və indi bu xəstəlik əlilliyə səbəb olan xəstəliklərin içində bütün dünyada birincidir.

2015-ci ildə depressiya və dərin ruhi sarsıntı içində yaşayanların sayı 323 milyona çatıb.

DST-nin məlumatına görə bu, 2005-ci ildən bəri 18, 4 faiz artım deməkdir.

DST-nin baş katibi Margaret Chan deyib ki, bu rəqəmlər ruhi xəstəliklərə və onların müalicəsinə kifayət qədər diqqət yetirməyən ölkələr üçün həyəcan təbili olmalıdır.

DST-nin izahına görə depressiya - "davamlı qəmginlik və başqa adamlara adətən sevinc gətirən fəaliyyətə marağın itməsidir. Belə ruhsuzluq adamları adətən iki həftə və ya daha artıq müddətdə gündəlik işlərini görmək qabiliyyətindən məhrum edir.

Halsızlıq, iştaha küskünlüyü, maddələrdən aşırı istifadə, narahatlıq, lazımsızlığını düşünmək, özünə qəsd və intihar meylləri bəzən bütöv ailələri təsirləndirə bilər.

Məhsuldarlığın azalması və depressiya ilə bağlı digər xəstəliklərin vurduğu qlobal ziyan hazırda 1 trilyon dollar olaraq təxmin edilir.

DST-nin ruhi sağlamlıq və maddələrdən sui-istifadə departamentinin rəhbəri Şexar Saksena deyir ki, depressiyanın müalicəsində həm psixiloji, həm də tibbi müalicə üsulları səmərəli ola bilər.

Saksena deyir ki, belə müalicəyə ehtiyacı olanlara lazımi dəstəyin verilməsi və onların aşkar edilməsi son dərəcə vacibdir.

"The Guardian" yazır ki, DST-nin məlumatına görə hətta inkişaf etmiş ölkələrdə də depressiyadan əzab çəkənlərin 80 faizinə hələ də diaqnoz qoyulmayıb. Daha az inkişaf etmiş ölkələrdə isə bu rəqəm 80-90 faiz təşkil edir.

Müalicə almağın çətinliyi, digər tərəfdən isə lağa qoyulmaq qorxusu bir çoxlarını tibb ocaqlarına müraciətlərdən çəkindirir.

DST bildirir ki, depressiyanın müalicəsinə xərclənən hər bir dollar, daha yaxşı sağlamlıq və məhsuldarlıq yaratmaqla 4 dollar xeyir gətirir.

Saksena bildirib ki, depressiyanın vaxtında aşkar edilib müalicə olunması intihar ölümlərinin sayını ciddi şəkildə azalda bilər.

DST bildirir ki, hər il bütün dünya boyunca 800 min intihar baş verir. Bu hər qırx saniyədən bir kiminsə öz həyatına son qoyması deməkdir. Alimlərin fikrincə intiharlarla depressiya arasındakı əlaqə tam aşkardır.

Saksena deyib ki, yüksək gəlirlərə malik ölkələrdə intiharların 70-80 faizi, aşağı gəlirli ölkələrdə isə yarısı ruhi pozuntularla, ən əsası depressiya ilə bağlıdır.

Bu barədə daha geniş