Britaniya mətbuatı: London və Madrid müharibə edə bilərmi?

Fotonun müəllifi PA
Image caption 300 ildir ki Britaniya Cəbəllütariqə nəzarət edir

London və Madrid müharibə edə bilərmi?

"The Guardian" yazır ki, Britaniya mühafizəkarlarının keçmiş lideri Michael Howard lazım gələrsə baş nazir Theresa May-in İspaniya ərazisində yerləşən torpaq parçası - 300 ildir ki Britaniya Cəbəllütariqə nəzarət edirgörə müharibəyə girə biləcəyini deyib.

Howard televiziya müsahibəsində xatırladıb ki, 35 il bundan əvvəl Britaniyanın başqa bir qadın baş naziri - Margaret Thatcher, Folklend adalarına görə başqa bir ispandilli ölkə - Argentina ilə müharibəyə başlamışdı.

Onun bu bəyanatı ölkənin digər siyasi partiyaları tərəfindən qızışdırıcılıq kimi tənqid olunub.

Bu bəyanatla eyni vaxtda verilmiş rəsmi bəyanatda bildirilir ki, London özünün ölkədən kənardakı ərazilərinin suverenliyini müdafiə etməyə hazırdır.

Downing Street bildirib ki, xanım May, Avropa dillərində Gibraltar kimi tanınan Cəbəllütariqin böyük naziri Fabian Picardo-ya zəng edib və ərazinin iqtisadiyyatına və adamlarına təhklükəsizlik qarantiyası verib.

O deyib ki, Britaniya, "sakinlərinin azad və demokratik şəkildə ifadə olunmuş arzularına rəğmən" bu ərazini hər hansı şəkildə İspaniyanın üsul-idarəsi altına verəcək sövdələşməyə daxil olmaq niyyətində deyil.

Britaniya müdafiə naziri, lord Michael Fallon da kifayət qədər sərt danışıb.

"Cəbəllütariq bizim tərəfimizdən müdafiə olunacaq, çünki onun suverenliyi, sakinlərinin razılığı olmadan dəyişdirilə bilməz" - deyib nazir.

Bununla yanaşı, Cəbəllütariq məsələsinin Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması danışqılarına daxil edilməsinə baxmayaraq, cənab Fallon deyib ki, İspaniya ərazinin suverenlyinin dəyişdirilməsi məsələsini rəsmən qaldırmayıb.

Britaniya Liberal Demokrat partiyasının lideri Tim Farron rişxəndlə deyib ki, ölkənin Aİ-dən ayrılmasını alqışlayanlar indi də qonşularla müharibə barədə danışırlar.

Bundan əvvəl Britaniya televiziyasında çıxış edən Cəbəllütariq lideri Picardo deyib ki, ərazi referendumda Aİ tərkibində qalmağa səs versə də, suverenlik məsələsində baş nazir Theresa May-in mövqeyini tam dəstəkləyir.

Lakin o əlavə edib ki, London Aİ ilə Brexit danışıqlarından elə nəticələr əldə etməlidir ki, Britaniyanın ayrı-ayrı hissələrinin Avropa ilə bağları qırılmasın.

Bu arada İspaniyadan alınan xəbərlərdə deyilir ki, Madrid gələcəkdə müstəqil Şotlandiyanın Avropa İttifaqına daxil olmasının qarşısını almaq məqsədi güdən vetosundan imtina edir.

Başqa sözlərlə, İspaniya indi Şotlandiyanın Britaniyadan ayrılaraq Aİ-yə qoşulacağını istisna etmir.

Kreml indi də Fransa seçkisinə "müdaxilə edir"

Fotonun müəllifi FRANCOIS NASCIMBENI
Image caption Fransız rəy sorğularına görə cənab Emmanuel Macron 26 faizlə liderdir

"The Telegraph" yazır ki, Fransanın seçki gözətçisi olan qurumu seçki prosesinə Rusiyanın saxta xəbərlər və dezinformasiya vasitəsilə müdaxiləsinə dair xəbərdarlıq edib.

Rusiyanın Sputnik xəbər agentliyi, guya prezidentliyə qalmaqallı namizəd François Fillon-un rəy sorğularına görə lider olduğu barədə həqiqətə uyğun olmayan məlumatlar yayıb.

Fransa Seçki Komissiyası Sputnikin fransızdilli bölümünü Moskvada mənzillənmiş "sosial mediada rəy sorğusu mərkəzi" Brand Analytics-in sorğu nəticələrini yaymaqda ittiham edib. Bu rəy sorğusuna görə guya "rusiyapərəst Fillon" populyarlıqda birincidir.

Əslində isə hakimiyyətin sərt nəzarətində olan fransız rəy sorğularına görə cənab Emmanuel Macron 26 faizlə liderdir, ikinci yeri ondan bir xal geridə qalan millətçi Le Pen tutur və Moskvanın üzərindən sanksiyaların qaldırılmasına tərəfdar olan Fillon isə yalnız 3-cü pillədədir və onun cəmi 19 faizi var.

Əgər Fillon-un bu nəticələri seçkiyə qədər dəyişməsə, o, gələn ay keçiriləcək prezident seçkisinin ikinci turuna keçə bilməyəcək.

Fransa Seçki Komissiyasının bəyanatında deyilir ki, Moskva bu cür yanlış məlumatlarla Fransa ictimaiyətini çaşdırmağa cəhd göstərir.

Sputnik fevralın ortalarında keçirdiyi rəy sorğusunda da Fillon-u lider eləmişdi, halbuki o elə həmin vaxt da üçüncü idi.

Mərkəzçi namizəd Emmanuel Macron bəyan edib ki, Rusiya mediası onu saxta xəbərlərlə hədəfləyib.

Cənab Macron Avropa İttifaqının Ukraynaya görə Rusiya üzərinə qoyduğu sanksiyaları dəstəkləyir. Əvəzində Moskvanın rəğbət bəslədiyi Fillon isə bildirir ki, sanksiyalar səmərəli deyil və "Soyuq müharibə" effekti yaradır.

Bundan əvvəl Rusiyanın Fransa seçki kampaniyasına kobud müdaxiləsi barədə ittihamları Fransa hökuməti və xüsusi xidmətləri də səsləndirmişdilər.

Kreml bu iddiaları və ittihamları rədd edir.

Ötən ay Fransanın ifrat sağçı lideri və cənab Putinin pərəstişkarı Le Pen Rusiya lideri tərəfindən Kremldə qəbul olunub.

Bu onun 2011-ci ildən bəri Moskvaya dördüncü səfəridir.

Onun partiyası Moskvada mənzillənmiş bankdan 9 milyon avro kredit alıb.

Fransanın təhqiqat jurnalistikası orqanı, həftəlik Le Canard Enchaîné qəzeti xəbər verib ki, ABŞ Konqresində seçmə Kəşfiyyat Komitəsinin respublikaçı rəhbəri Mike Turner Federal Təhqiqatlar Bürosunu xanım Le Pen-in Moskva ilə əlaqələrinin araşdırılmasına çağırıb.

"Ümidsizlik sindromu"

Fotonun müəllifi DELIL SOULEIMAN
Image caption İsveçin hakimiyyət orqanları qaçqın uşaqlar arasında yayılmış qəribə sindromu - uppgivenhetssyndrom və ya "ümidsizlik sindromunu" həll etməyə çalışır

"The Independent" yazır ki, İsveçin hakimiyyət orqanları qaçqın uşaqlar arasında yayılmış qəribə sindromu - uppgivenhetssyndrom və ya "ümidsizlik sindromunu" həll etməyə çalışır.

Məqalədə deyilir ki, bu sindromdan əzab çəkən sağlam yeniyetmələr İsveçdən zorla deportasiya olunacaqlarını eşidəndə komatoz vəziyyətə düşüblər.

Bu sindrom 21-ci əsrin əvvəllərindən yalnız bu Skandinaviya ölkəsində qeydə alınmağa başlayıb.

2016-cı ildə İsveçdə 60 uşağa bu sindromun diaqnozu qoyulub. Onlar fiziki baxımdam tamamilə passivləşir, hərəkətsizləşir, davamlı əsəb gərginliyi keçirir, süstləşir və susqunlaşır, yeməkdən və içməkdən intina edir, fiziki ağrıya reaksiya göstərmirlər.

Belə uşaqlar yatağa düşür və ya əlil arabasında gəzdirilir və onları boğazlarına salınan boru ilə qidalandırırlar.

Maraqlıdır ki, komaya düşmüş insanlardan alınan reaksiyalar bu uşaqlarda baş vermir, lakin müayinə onların beyin zədələnməsi keçirdiklərini göstərmir.

Bəzi həkimlər bu halı "könüllü canvermə" adlandırırlar və deyirlər ki, sindrom əsasən sığınacaq ərizələri rədd edilən və qeyri-müəyyənliklə üzləşən ailələrin uşaqlarında baş verir.

Qəzet New Yorker məcmuəsinə istinadən yazır ki, belə hal İkinci dünya Müharibəsində nasist ölüm düşərgələrində bütün ümidləri məhv olmuş məhbuslar arasında müşahidə edilirmiş.

Həkimlər deyirlər ki, bu hal insanların gəldikləri ölkələrə qaytarılacaqları və orada real təhlükə ilə üzləşəcəkləri qorxusunun təzahürüdür və artıq bir müddət İsveçə isnismiş uşaqlarda daha çox müşahidə olunur.

Məqalədə deyilir "uppgivenhetssyndrom" və ya ümidsizlik sindromu əsasən hazırkı miqrant böhranı ilə bağlı deyil və daha çox keçmiş Sovet respublikalarından gələnlər arasında qeydə alınır. Bunların bir çoxu qaraçılar kimi etnik azlıqları təmsil edirlər.

"Ümidsizlik sindromundan" əzab çəkən uşaqlardan biri də Rusiyanın Şimali Osetiya respublikasından olan Giorgi adlı oğlan uşağıdır.

O New Yorker jurnalının müxbirlərinə deyib ki, yataqda aylarla yuxuda olarkən özünü sanki şüşə qutunun içində, okeanın dərinliyindəki kimi hiss edirmiş.

Ona elə gəlirmiş ki, danışsa və ya azacıq hərəkət etsə, şüşə qutu sına, okeanın suları onu boğa bilər.

İsveç Səhiyyə və Rifah Şurasının qərarında deyilir ki, belə uşaqların müalicəsi onlara və ailələrinə sığınacaq verilməsidir.

Sənəddə deyilir ki, belə uşaqlar ailələrinə sığnacaq verildikdən bir neçə ay sonra sağalmağa başlayırlar.

Bununla belə, məqalədə deyilir ki, şuranın qərarı "uppgivenhetssyndrom" sindromundan əzab çəkən uşaqlara avtomatik sığınacaq veriləcəyi anlamına gəlmir. İsveç mirasiya qaydalarını son aylarda xeyli sərtləşdirib.

Bu da xəbər verilir ki, ölkədən deportasiya olunan uşaqlar öz vətənlərində komatoz vəziyyətdə qalmaqda davam edirlər.

Əlaqəli mövzular