Britaniya mətbuatı: Moskvanın bir vaxtlar qovduğu terror geri qayıdır?

Fotonun müəllifi AFP/GETTY IMAGES

Moskvanın bir vaxtlar qovduğu terror geri qayıdır?

"The Telegraph" yazır ki, bazar ertəsi Sankt Peterburq şəhərinin metropolitenində törədilmiş partlayış 2013-cü ildə Volqaqradda 32 nəfəri öldürmüş iki intihar partlayışından bəri Şimali Qafqazdan kənarda edilmiş ən ölümcül hücum olub.

Məqalədə deyilir ki, həmin terror aktları 1990 və 2000-ci illərdə baş vermiş qəddar Çeçenistan müharibələrindən radikallaşmış elementlər tərəfindən törədilmişdi.

Əgər söhbət yenə də radikallaşmadan gedirsə, az qala unudulmuş xof yenidən Rusiyaya qayıda bilər.

Məqalədə deyilir ki, son bir neçə ildə Qafqazdakı qiyam səngimişdi. Buna səbəb 2014-cü il Soçi Olimpiadasından əvvəl Rusiya təhlükəsizlik qüvvələrinin genişmiqyaslı tədbirləri olmuşdu.

Sonradan bəlli olmuşdu ki, həmin kampaniya zamanı həm də problem yaradan qiyamçıların Yaxın Şərqə çıxıb getmələrinə imkan yaradılması baş verib. Gedənlərin bir daha Qafqaza qayıtmayacaqlarına ümid edilirdi.

"The Telegraph" yazırdı ki, belə bir plan əvvəl-əvvəl yaxşı işləmişdi. Volqaqraddan sonra terror aktları dalğası yaranmamışdı.

Bununla belə, terrorun "eksportu" o demək idi ki, İraq və Suriyada çoxsaylı rusdilli cihadçılar icması böyüyürdü.

Bəzi təxminlərə görə, özünü İslam Dövləti adlandıran təşkilatın sıralarında hazırda əcnəbi döyüşçülər arasında keçmiş Sovet İttifaqından çıxanlar ən böyük icmanı təşkil edirlər.

Bundan əlavə çılğınlıq və intizamları ilə fərqlənən "Rusiya" briqadaları özlərini Mosul kimi mühüm strateji yerlərdə təsdiq etmiş və keçmiş sovet respublikalarından olan cihadçılar İŞİD-in komandanlığında yüksək postlara sahib olmuşdular.

Vladimir Putin Suriyadakı müharibəsinə haqq qazandırarkən həm də bəyan etmişdi ki, terrorçu qruplaşmaları, onlar Rusiyada cihada başlamamış xaricdə məhv etmək daha münasibdir.

"Biz onlarla oralarda vuruşmalıyıq ki, buralarda vuruşmalı olmayaq" - demişdi Putin 2015-ci ildə xalqa etdiyi müraciətdə.

Məqalədə deyilir ki, Qərb cəmiyyətləri artıq öz acı təcrübələrindən yaxşı bilirlər ki, minlərlə kilometr məsafədə aparılan bombardmanlar onların öz ölkələrində radikallaşmış insanların törətdikləri terrorun qarşısını almır.

Ekspertlər, insan haqları fəalları və yerli rəsmilər illərlə xəbərdarlıq edirdilər ki, iqtisadi məhrumiyyətlər, korrupsiya və Şimali Qafqazda aparılan antiterror tədbirlərinin amansızlığı məsələsi həll edilməyənədək Rusiyadakı radikallaşmanı da aradan qaldırmaq mümkün olmayacaq.

Lakin "The Telegraph" yazır ki, hətta bu hücumun arxasında islamçıların durduğu üzə çıxsa belə, bazar ertəsi baş vermiş hücum Putinin Suriya strategiyasının və ya Şimali Qafqaz siyasətinin məğlubiyyəti kimi qəbul edilməyəcək.

Çox güman ki, eyni vəziyyətə düşən bir sıra Qərb hökumətləri kimi, Kreml də, əksinə terrora qarşı müharibəyə haqq qazandıracaq.

Fotonun müəllifi Getty Images

Trump-ın daha bir komanda üzvü Rusiya ilə bağlı araşdırılır

"The Guardian" qəzetinin məhkəmə materiallarına əsasən yazdığına görə, ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyasının siyasət müşaviri 2013-cü ildə bir Rusiya kəşfiyyat əməliyyatçısı ilə görüşərək ona enerji sənayesinə aid sənədləri ötürüb.

Məqalədə deyilir ki, rusiyalı Viktor Podobnı Soyuq müharibə sayağı Rusiya casus zəncirinin üç üzvündən biri kimi ittiham olunur. Məhkəmə sənədlərinə əsasən, Podobnı o vaxtlar New Yorkda enerji məsləhətçisi kimi çalışan Carter Page-i kəşfiyyat məlumatı mənbəyi kimi casusluğa cəlb etməyə çalışıb. Kəşfiyyat məlumatlarında Page-in kod adı Male-1 kimi gedirdi.

Page Trump-ın kampaniyası zamanı qısa müddətdə onun siyasət müşaviri olub, lakin sonra kampaniyanı seçkidən əvvəl tərk edib və Ağ Ev bildirir ki, prezidentin onunla heç bir əlaqəsi yoxdur.

Page hazırda Trump-ın başqa əməkdaşları kimi 2016-cı il seçkisinə Rusiyanın müdaxiləsini və Trump-ın Rusiya ilə mümkün bağlarını araşdıran FTB təhqiqatının subyektlərindən biridir.

Bazar ertəsi Page Associated Press agentliyinin suallarına cavab verməkdən imtina edib. Lakin o BuzzFeed News agentliyinə Male-1 adının ona aid olduğunu təsdiqləyib.

Trump qətiyyətlə bildirir ki, o və ya komandasının üzvləri seçki kampaniyası zamanı Rusiya ilə heç bir əlaqədə olmayıblar.

Bunun əvəzində Trump ABŞ kəşfiyyat orqanlarını onu gözdən salmaq məqsədilə təhqiqat məlumatlarını mediaya sızdırmaqda və keçmiş Obama administrasiyasını onu güdməkdə ittiham edir.

Trump bazar günü yazdığı növbəti tvitdə bildirirdi: "Əsl məsələ GÜDÜLMƏ və SIZDIRMADIR! Sızdıranları tapsınlar".

Məqalədə deyilir ki, Page-in Podobnı ilə əlaqələri Trump onu özünə xarici siyasət müşaviri edəndən üç il əvvəl baş verib.

Trump və onun müşavirləri Page-in onların kampaniyasına necə daxil olduğu barədə suallara yayğın cavablar verirlər.

Məhkəmə sənədləri arasında Podobnı-nın casus zəncirinin başqa bir həlqəsi olan Sporışev-lə söhbətinin stenoqramı da var. Bu kommunikasiyada söhbət Page-dən gedirdi.

"Mənim xoşuma gəlir ki, o hər şeyi qəbul edir, - deyirdi Podobnı, - Hazırda onun həvəsi məni qane edir. Mən də ona çox şeylər vəd etmişəm".

Fotonun müəllifi Getty Images

Qazanan kişiyə minnətdarlıq vacibdir

"The Independent" yazır ki, ər və ya arvadın ailə sədaqətsizliyi həm də onların aldıqları maaşlardan asılıdır.

Ailə münasibətləri eksperti İndia King bildirir ki, ailə xəyanəti üçün ər və ya arvadın kifayət qədər resursları, daha doğrusu yaxşı gəlirləri olmalıdır.

King "Femail" məcmuəsinə verdiyi müsahibədə deyib ki, ailə sədaqətsizliyi adətən maaşı daha çox olan partnyordan başlanır.

Ekspertin fikrincə, belə sədaqətsizliyin qarşısı alına bilər, lakin bu halda evə daha az maaş gətirən tərəf çox qazanana minnətdar olduğunu ifadə etməlidir.

İndia King-in sözlərinə görə "ailə qarşısında xidmətləri" kifayət qədər qiymətləndirilməyən kişilər xəyanətə daha meylli olurlar.

Ekspertin fikrincə, qadınlar işdə və karyerada uğurlu olan ərlərini tərfləməyə adət etməlidirlər. Hərçənd ekspert bunu da əlavə edir ki, belə yanaşma geridəqalmışlıq və ya seksizm əlaməti kimi də qiymətləndirilə bilər, lakin bir həqiqətdir.

"Kişi üçün hörmət oksigen kimi lazımlıdır, kişilər bunun təşnəsidirlər. Əgər siz ona ehtiram göstərsəniz, o sizi əlində bəsləyəcək" - deyir ekspert qadınlara müraciətlə.

"Kişilər bilirlər ki, onların rolu qorumaq, təmin etmək və güzəran yaratmaqdır. Qadının rolu isə bunu minnətdarlıqla qəbul etmək və kişinin əməyini qiymətləndirməkdir" - deyir King.

Ekspert düşünür ki, fədakarlığı və əməyi evində qiymətləndirilməyən kişi bu dəyəri başqa yerdə, ona daha böyük qiymət verən bir başqasında axtaracaq.

King hesab edir ki, kişinin davamlı olaraq danlanması və daimi deyinmələr də eyni nəticələrə səbəb ola bilər.

Əlaqəli mövzular