Sankt-Peterburq: partlayışı intiharçı törətmiş ola bilər

Sankt Peterburq şəhərində metro stansiyasında partlayış Fotonun müəllifi AFP/GETTY IMAGES
Image caption İnterfaks and Tass xəbər agentlikləri bildirir ki, şübhəli şəxs artıq müəyyən edilib

Sankt-Peterburq metrosunda partlayışa qatarda qalıqları tapılmış bir kişi tərəfindən partladılmış bomba səbəb ola bilər, Rusiyanın təhqiqatçıları deyirlər.

Sankt-Peterburq metrosuna partlayıcı cihazı sərnişinlərdən biri gətirə bilərdi, onun kimliyi müəyyənləşdirilib, Rusiyanın Təhqiqat Komitəsi bildirib.

Həmin şəxs barədə məlumatlar təhqiqat davam etdiyi üçün hələlik açıqlanmır.

Komitənin nümayəndəsi Svetlana Petrenko onu da əlavə edib ki, kişinin qalıqları "Texnologiya İnstitutu" və "Sennaya" stansiyaları arasında hərəkət etmiş qatarın üçüncü vaqonunda aşkarlanıb.

Bundan əvvəl Respublikanın Milli Təhlükəsizlik Komitəsindən (RMTK) məlumat verilib ki, partlayış törətmiş şəxs əslən Qırğızıstandandır və Rusiya vətəndaşıdır,

"İlkin məlumatlara görə, terror aktını törədən Oş sakini, 1995-ci il təvəllüdlü Rusiya vətəndaşı Akbarjon Cəlilovdur," RMTK deyib.

Rəsmilər həmin şəxsin ikinci bir bomba da yerləşdirdiyini güman edir.

Bazar ertəsi günorta saatlarında iki metro stansiyası arasında baş vermiş partlayışda azı 51 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə zamanı 10 nəfərin həlak olduğu xəbər verilib. Daha sonra ölüm sayı 11-ə qalxıb.

Sankt Peterburq rəsmiləri tərəfindən 3 günlük matəm elan olunub.

Şübhələr və təhqiqatlar

RİA Novosti Nazirliyin mətbuat katibi kimi Rahat Sulaymanova istinadən məlumat verib ki, Qırğızıstanın xüsusi xidmət orqanları rusiyalı həmkarları ilə daim əməkdaşlıq edir.

Lakin Qırğızıstanın Moskvadakı səfirliyi bildirib ki, Rusiya hakimiyyəti əslən Qırğızıstandan olan şəxsin Sankt-Peterburqda terror aktında iştirakının mümkünlüyü ilə bağlı hələ də Bişkekə müraciət etməyiblər.

Rusiya istintaq komitəsi "terror aktı" maddəsi ilə cinayət işi qaldırıb.

Bundan əvvəl Rusiya mətbuatı yazıb ki, partlayış törətməkdə şübhəli bilinən kişi təxminən 23 yaşındadır və Mərkəzi Asiyadandır.

İnterfaks deyib ki, şübhəlinin radikal İslamla əlaqələrə malik olduğu ehtimal edilir.

Amma prezidentin sözçüsü Dmitry Peskov partlayışın intiharçı tərəfindən törədilib-törədilməməsi barədə şərh verməyib.

Daha bir agentlik, Tass bildirib ki, partlayışın törədilməsində qadın da iştirak edə bilər.

Fotonun müəllifi Reuters
Image caption Rusiya prezidenti Vladimir Putin hadisə yerində

Partlayış törədilən zaman şəhərdə olan Rusiya prezidenti Vladimir Putin bazar ertəsi axşam saatlarında hadisə yerini ziyarət edib.

Rusiya təhqiqatçıları hadisənin "terror aktı" olmasından şübhələndiklərini desələr də, bu barədə az məlumat veriblər.

Hadisəyə görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Baş nazir Dmitri Medvedev Facebook-da partlayışın "terrorçu hücumu" olduğunu yazıb.

Dünya liderləri partlayışı pisləyiblər. Almaniya kansleri Angela Merkel partlayışı "vəhşi akt" adlandırıb.

Ağ Ev bildirib ki, prezident Donald Trump cənab Putinlə telefonda danışıb və ona günahkarların məsuliyyətə cəlb olunması üçün "tam dəstək" təklif edib.

Rusiyada oxşar hadisələr olubmu?

Fotonun müəllifi ALEXANDER DEMIANCHUK/TASS
Image caption Sankt Peterburq şəhərinin metro sistemi gündəlik 2 milyondan çox insan tərəfindən istifadə edilir

Gündəlik 2 milyondan çox insanın istifadə etdiyi Sankt-Peterburq şəhərinin metro sistemi bundan əvvəl hücuma məruz qalmayıb.

Lakin Rusiyada bir neçə nəqliyyat qovşağı hücuma məruz qalıb. 2010-ci ildə Moskva metrosunda iki intiharçı hücum nəticəsində 38 nəfər həlak olub.

Bir il sonra, Moskva və Sankt-Peterburq arasında gedən sürətli qatarda bomba partlayıb və 27 nəfər ölüb, 130 nəfər xəsarət alıb.

Hər iki hücuma görə məsuliyyəti İslamçı qruplar üzərinə götürüb.

Əlaqəli mövzular

Bu barədə daha geniş