Britaniya mətbuatı: 20 ildən sonra dünyaya xristiandan çox müsəlman gələcək

Fotonun müəllifi AFP

20 ildən sonra dünyaya xristiandan çox müsəlman gələcək

"The Daily Mail" yazır ki, yeni araşdırmaya görə, qarşıdan gələn 20 ildən sonra müsəlman qadınların dünyaya gətirdiyi uşaqların sayı xristianlardan çox olacaq.

Bu araşdırmanı aparmış Pew Mərkəzi onu da proqnozlaşdırıb ki, hazırda başqa dinlərlə müqayisədə sıraları ən sürətlə artan İslam bu əsrin sonunadək dünyanın ən böyük dini olacaq.

Təxminən həmin vaxtlarda Xristianlığın Avropada "faktiki olaraq öləcəyi" proqnozlaşdırılıb.

Son illərdə xristianlar müsəlman aləmindəki doğuşları azacıq geridə qoyaraq qlobal doğuşların 33 faizini versələr də, qlobal ölümlərin 37 faizi də onların arasında baş verir. Bu, başqa dini icmalardakı toplam ölüm hallarından iki dəfə çoxdur.

Məqalədə deyilir ki, 2015 və 2060-cı illər arasında qlobal müsəlmanların sayı 70, xristianların sayı isə 34 faiz sürətlə artmaqda davam edəcək.

Bu nöqtədə dünya müsəlmanlarının və xristianlarının sayı bərabərləşəcək.

2010 və 2015-ci illər arasında qlobal müsəlman əhalisinin sayı 150 milyon nəfər artaraq 1, 8 milyard nəfərə çatıb. 2015-ci ildə bütün dünyada 2, 3 milyard xristian vardı.

Alimlər deyirlər ki, müsəlman əhalinin artımına Şimali Amerikaya və Avropaya miqrasiya da təkan verib.

Xristianlıq 2015-ci ilə olan məlumata görə, 7, 3 milyard nəfərlik planet əhalsinin 31 faizini təşkil etməklə ən böyük dini icma olaraq qalıb.

"Xristianlıq Avropada sözün əsl mənasında ölür, - deyib sözü gedən araşdırmanın rəhbəri Conrad Hackett "The Wall Street Journal" qəzetinə, - Xristianlığın qəlbi Avropadan Afrikaya keçir".

ABŞ-da mənzillənmiş Pew mərkəzi bildirir ki, son illərdə ən böyük doğum və ölüm rəqəmləri xristianlar arasında qeydə alınıb.

2010 və 2015-c illər arasında xristian analar dünyaya 223 milyon uşaq gətirib. Bu müddətdə 107 milyon xristian dünyasını dəyişib. Bu, əslində 116 milyon nəfər artım deməkdir.

Amma Avropada elə həmin müddət ərzində ölənlər doğulanlardan 6 milyon nəfər çox olub.

Bu arada 2010 və 2015-ci illər arasında müsəlman analar 213 milyon uşaq doğub. Bu müddətdə müsəlmanlar arasında ölüm 61 milyon nəfər olub.

Dünya müsəlmanlarının 62 faizi Asiya-Sakit okean hövzəsində yaşayır. Ən böyük müsəlman əhalisinə malik ölkələr İndoneziya, Hindistan, Pakistan, Banqladeş, İran və Türkiyədir.

2050-ci ildə Hindistan müsəlmanların sayına görə ən böyük ölkə olan İndoneziyanı geridə qoyacaq.

Ötən ilin məlumatına görə, ABŞ-da bütün yaşlardan olan müsəlmanların sayı 3, 3 milyondur. Bu, əhalinin 1 faizi qədərdir.

Bu da bildirilir ki, müsəlmanların sayı onu qəbul edənlərə görə də bir qədər qalxıb.

Bununla belə, indi Xristianlıq, dinini dəyişənlərə görə ən çox "itki" verən icmadır.

Fotonun müəllifi PA

Hər 10 ölümdən biri siqaretə görədir

"The Guardian" yazır ki, yenicə aparılmış araşdırmanın nəticələrinə görə, dünya boyunca hər 10 ölümdən biri siqaret çəkmək vərdişi ilə bağlıdır və bu təhlükə bütün planet boyunca artmaqda davam edir.

Bir çox ölkələrdə tütün məmulatlarına nəzarət siyasətinin mövcud olmasına baxmayaraq, 2015-ci ilin məlumatına görə, bütün dünyada 1 milyard siqaret çəkən var.

Bu da qeyd olunur ki, dünya əhalisi artdıqca, siqaret çəkənlərin də sayca artacağı gözlənilir. Hazırda dünyada hər dörd kişidən və hər 20 qadından biri siqaret çəkir.

Yeni araşdırmanın hesabatında deyilir ki, bu adamların ömürlərinin qısa olacağı gözlənilir, çünki siqaret erkən ölüm və əlilliyin səbəbi kimi, yüksək qan təzyiqindən sonra ikinci ən böyük faktordur.

Alimlər bildirirlər ki, 2015-ci ildə dünyada siqaret çəkməklə bağlı 6, 4 milyon ölüm halı olub. Bunların yarısı ən böyük əhalilərə malik dörd ölkədə - Çin, Hindistan, ABŞ və Rusiyada baş verib.

Lancet tibb jurnalında dərc olunmuş hesabatda deyilir ki, bütün bunlara baxmayaraq tütün məmulatlarına nəzarət siyasəti də öz bəhrəsini verib.

Dünya Səhiyyə Təşkilatının 2005-ci il Konvensiyasını 180 ölkə imzalayıb. Bu Konvensiya ictimai yerlərdə siqaret çəkilməsinin yasaq edilməsini, siqaretlərə yüksək vergi qoyulmasını, tütün məhsullarının reklam və marketinqinin qadağasını tövsiyə edir.

1990-2015-ci illər arasında siqaret çəkən kişilərin sayı 35 faizdən 25 faizə enib. Qadınlar üçün bu rəqəm müvafiq olaraq 8 və 5 faiz olub.

Siqaret çəkənlərin sayı ən kəskin şəkildə Latın Amerikasında, xüsusən də Braziliyada azalıb.

Lakin Washington Universiteti Səhiyyə Ölçü və Qiymətləndirilməsi İnstitutunun apardığı araşdırmanın nəticələrində deyilir ki, əksər ölkələr siqaretlə mübarizədə cüzi uğur qazana biliblər.

Bu da deyilir ki, kişilər arasında siqaret çəkmək vərdişi qadınlardan daha geniş yayılsa da, bu adəti tərgidənlərin ən böyük payı kişilərə düşür. Qadınlar arasında siqaret çəkənlərin sayında çox az fərq qeydə alınıb.

Araşdırmanın müəlliflərindən doktor Emmanuela Gakidou deyib ki, hazırda dünyada 933 milyon gündəlik qaydada siqaret çəkən var və bu, "şoka salan rəqəmdir".

Hesabatda ayrı-ayrı ölkələrə dair həyəcanlı məlumatlar da var. Məsələn, Rusiyada son 25 ildə siqaret çəkən qadınların sayı artıb. Elə Qərb ölkələri də var ki, bunlarda hər üç qadından biri siqaret çəkir.

Siqaret ölümlərinin sayına görə kədərli liderlik Çin və İndoneziyaya aiddir.

Fotonun müəllifi Other
Image caption (Foto- Arxiv)

Kaliforniya polisi "su pərisinə" rast gəlib

"The İndependent" yazır ki, ABŞ-ın Kaliforniya ştatının polis zabitləri özünü "su pərisi" adlandıran qadının kimliyini müəyyənləşdirməyə çalışırlar.

Qadın polis zabitlərinə adının Joanna, özünün isə su pərisi olduğunu deyib.

O Fresno şəhərində aşkar edilərkən saçları yaş idi və yaxınlıqdakı göldən çıxdığını deyirdi.

Sonrakı müayinə qadının hər iki ayaq pəncəsində barmaqların bir-birinə bitişik olduğunu göstərib.

Qadın ona verilən əksər suallara "bilmirəm" cavabı verir.

Fresno polisi "The İndependent" qəzetinə bildirib ki, qadın aprelin 4-də, səhər saat 3 radələrində gölkənarı yolla gedərkən aşkar olunub.

Onu buradan Fresno xəstəxanasına aparıblar.

Polis qadının davranışını "cəfəng" və "müəmmalı" adlandırır. Xəstəxana mənbələri onun "şüurlu" olduğunu, lakin suallara cavab verməkdə çətinlik çəkdiyini bildiriblər.

Ən son məlumata görə, polis qadının kimliyini aşkar etdiyini güman edir və hazırda məlumatların rəsmi təsdiqini gözləyir.

Əlaqəli mövzular