Norveç dünyada iri gəmilər üçün ilk dəniz tunelini tikəcək

изображение судоходного тоннеля в Норвегии Fotonun müəllifi AFP

Norveç dünyada ilk dəfə olaraq iri gəmilər üçün dəniz tuneli tikəcəyini bəyan edib. Stad yarmadasında çəkiləcək tunelin uzunluğu 1,7 km, eni isə 36 metr olacaq.

Tunel Stad yarımadasını dolanmaq məcburiyyətində qalan gəmiləri bu çətinlikdən qurtaracaq.

"Hazırda hökumət Norveç sahili boyunca ən təhlükəli suları daha təhlükəsiz və daha etibarlı yollarla təmin etmək istəyir",- deyə Norveçin nəqliyyat naziri Ketil Solvik-Olsen bildirib.

Kiçik çay gəmiləri üçün tunellər dünyanın digər regionlarında da mövcuddur.

Məsələn, Fransanın cənubunda Lanqeduk kanalının bir hissəsini belə bir tunel təşkil edir.

Lakin Stad yarımadasındakı tunel 16 min ton çəkisi olan yük və sərnişin gəmilərini, o cümlədən Norveçin məhşur olan Bergen-Kirkenes ekspress gəmisini buraxmaq qabiliyyətinə malik olacaq.

Tunelin tavanı ilə suyun səthi arasında məsafənin 49 metr olacağı planlaşdırılır. İlk əvvəl tuneldən sərnişin gəmilərinin keçməsi nəzərdə tutulub.

Uzunluğu 70 metrdən az olan gəmilərin tuneldən ödənişsiz buraxılacağı ehtimal olunur.

Tunelin tikinti layihəsinin dəyəri 2,7 milyard Norveç kronu (314 milyon dollar) təşkil edir. Tunelin tikintisinə 2019-cu ildə başlanacağı və 3-4 il davam edəcəyi gözlənilir.

Layihə müəlliflərinin məlumatına görə, mühəndislər təqribən 8 milyon ton qayalığı dağıtmalıdırlar.

Əlaqəli mövzular

Bu barədə daha geniş