Britaniya mətbuatı: Qaynata-qaynana ilə ilk görüşdə nəyi etməli və nəyi etməməli?

Fotonun müəllifi AFP
Image caption Hollandiyanın ictimai NOS telekanalının verdiyi xəbərə görə türk əsilli Hollandiya vətəndaşları prezidenti açıq şəkildə tənqid etdiklərinə görə ölkədən buraxılmırlar.

Xarici vətəndaş olan türkləri Türkiyədən niyə buraxmırlar?

"The İndependent" yazır ki, prezident Recep Tayyip Erdoğanı tənqid etdikləri düşünülən 100-dək Hollandiya vətəndaşı olan türkün Türkiyədən çıxışına imkan verilmir.

Məqalədə deyilir ki, Hollandiyanın ictimai NOS telekanalının verdiyi xəbərə görə türk əsilli Hollandiya vətəndaşları prezidenti açıq şəkildə tənqid etdiklərinə görə ölkədən buraxılmırlar.

Telekanal bunu da bildirib ki, Almaniya, İsveçrə və başqa Avropa ölkələrində yaşayan çox sayda ikili vətəndaşlığı olan türklər də tarixi vətənlərindən hazırda yaşadıqları ölkələrə qayıda bilmirlər.

Bunların böyük əksəriyyəti Türkiyəyə tətilə və ya qohumlarını görmək üçün gələnlərdir.

Bu da xəbər verilir ki, ölkədən buraxılmayanların bir çoxu müsəlman vaiz Fethullah Gülenin tərəfdarı olmaqda günahlandırılır.

Hollandiya Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyədən buraxılmayan vətəndaşların dəqiq sayının bilinmədiyini söyləyib, beləki onların heç də hamısı Hollandiya konsulluqlarına rəsmi müraciət etməyiblər.

Sözçü bunu da əlavə edib ki, Hollandiya yalnız rəsmən kömək üçün müraciət edənlərə fəal yardım göstərməyə çalışır.

Hollandiya XİN bildirib ki, bu məsələ ilə bağlı Türkiyə hakimiyyət orqanlarına rəsmi müraciət olunub.

Cənab Erdoğan Gülen hərəkatını iyul çevriliş cəhdinin arxasında durmaqda ittiham edir və hərəkatın davamçılarını "terrorçu" adlandırır.

Bu ittihamla Türkiyədə müəllimlər və jurnalistlər də daxil artıq 42 min adam repressiyalara məruz qalıb.

Avropa ölkələri və ABŞ Türkiyənin Gülen hərəkatı barədə iddialarına şübhə ilə yanaşıb. Britaniya parlamentinin Xarici Əlaqələr Komitəsi çevriliş cəhdində Gülen hərəkatının iştirakına dair Ankaranın göstərdiyi dəlilləri "gülünc və təsadüfi" adlandırıb.

Türkiyə və Avropa ölkələri arasında münasibətlər bir sıra Avropa İttifaqı üzvlərinin öz ərazilərində Erdoğan hökumətinin təşkil etdiyi mitinqləri qadağan etdikdən sonra korlanıb.

Bu mitinqlərdə rəsmi Ankaranın nümayəndələri 16 aprel referendumu üçün hökumətin xeyrinə təbliğat aparırdılar.

Hollandiya, Almaniya və Avstriya belə mitinqləri qadağan etdikdən sonra, Ankara bu ölkələri "nasist" kimi hərəkət etməkdə günahlandırıb.

"The İndependent" yazır ki, Türkiyənin Avropadakı səfirlikləri xarici vətəndaşların Türkiyədən buraxılmaması ilə bağlı sorğulara cavab vermir.

Amerika varlıları yoxsullardan 15 il çox yaşayır

Fotonun müəllifi Mario Tama
Image caption ABŞ səhiyyəsi dünyanın ən bahalı səhiyyəsidir

"The Guardian" yazır ki, "vaxtı pulla ala bilməzsiniz… əgər Amerikada deyilsinizsə…"

"ABŞ cəmiyyətində getdikcə artan bərabərsizlik o deməkdir ki, indi varlı amerikalılar yoxsul həmvətənlərindən 15 ilədək çox yaşayırlar" - yazır Britaniyada çıxan Lancet tibb jurnalı.

Araşdırmaçıların fikrincə bu uyğunsuzluq Amerikanın səhiyyə sisteminin özündən qaynaqlanır.

ABŞ səhiyyə sistemi mənfəət götürən sığorta şirkətlərinə söykənir və bu səbəbdən də dünyanın ən bahalı səhiyyəsidir.

Buna görə də alimlər belə bir nəticəyə gəliblər ki, səhiyyə xidməti insan haqları kimi təsdiq olunmalıdır.

Bu hesabata yazdığı girişdə senator Bernie Sanders vurğulayır ki, səhiyyənin məqsədi səhmdarları varlandırmaq yox, adamları xəstəliklərdən xilas etməkdir.

"ABŞ səhiyyəsi dünyanın ən bahalı, ən bürokratik, ən israfçı və ən səmərəsiz səhiyyə sistemidir" - yazıb senator.

Sanders sözü gedən hesabatın müəllifləri kimi bu qənaətdədir ki, hazırda yalnız yaşlılara tətbiq olunan Mediacare sistemi yaşından asılı olmayaraq hamıya şamil edilməlidir.

Məqalədə deyilir ki, "hər bir vətəndaş səhiyyə, təhsil və pensiya hüququna malik olmalıdır".

"Bu radikal ideya deyil, alma piroqunun özü kimi əsl Amerika ideyasıdır" - yazır Sanders.

Bu araşdırma bir sıra mühüm rəqəmləri də ortalığa çıxarıb: Cəmiyyətin 1 faizini təşkil edən varlılar ən yoxsul 1 faizdən 15 il çox yaşayırlar.

Məqalədə deyilir ki, son onilliklərdə varlılarla yoxsullar arasında ömür uzunluğu gözləntisi uçurumu daha da dərinləşib.

Bu da qeyd olunur ki, aşağı gəlirlərə malik amerikalıların üçdə biri tibb xidmətinin bahalığına görə müalicə oluna bilmir.

Müqayisə üçün bu da bildirilir ki, bu rəqəm Kanadada 7, Birləşmiş Krallıqda isə cəmi 1 faizdir.

Bunun nəticəsində yoxsulluq getdikcə daha çox xəstəlik və ölümlə xarakterizə olunur. Təbabətin son illərdəki böyük tərəqqisinə baxmayaraq yoxsullarla varlılar arasında ömür uzunluğu fərqi artmaqda davam edir.

Məqalədə deyilir ki, bu proses cəmiyyətdə gəlirlər arasında artan fərqin fonunda gedir.

Məsələn 1970-ci ildən bəri əhalinin ən varlı 1 faizinin gəlirləri iki dəfə artıb.

Bu, Birləşmiş Ştatları Çili, Meksika və Türkiyəni çıxmaq şərtilə ən bərabərsiz ölkə edir.

Buna baxmayaraq 2009-cu ilin noyabrında Konqres tərəfindən təsdiq edilmiş səhiyyə sistemi qanunu və ya Münasib Səhiyyə Qanunu (Affordable Health Care for America Act) vəziyyəti bir qədər yaxşılaşdırıb.

Tibbi sığortası olmayan amerikalıların sayı 2010-cu ildəki 48, 6 milyon nəfərdən 2015-ci ildə 28, 6 milyona düşüb.

Dərmana pulu çatmayanaların faizi isə 41-dən 35-ə enib.

Qaynata-qaynana ilə ilk görüşdə nəyi etməli və nəyi etməməli?

Fotonun müəllifi ISHARA S.KODIKARA
Image caption Britaniyada gəlin və ya bəy namizədlərinə məsləhət: "Oturmazdan əvvəl oturduğunuz yeri yoxlayın. Sizin döşəkçə bildiyiniz evin iti ola bilər"

"The Telegraph" qəzeti olduqca aktual məsələyə toxunub. Qaynata və qaynana ilə ilk görüşdə nəyi etməli və nəyi etməməli.

Yazıçı Fiona Gibsonun məqaləsi əsasən gələcək qaynata və qaynanaları ilə görüşə gedən qadınlara ünvanlanıb.

"Onları dərhal öpməyə çalışmayın. Özləri buna maraq və hərəkət göstərsələr, o başqa məsələ" - yazır müəllif.

"Ziddiyyətli söhbətlərdən qaçın". Müəllifin fikrincə "Brexit, mühacirlər, din, səhiyyə sisteminin vəziyyəti, özəl və dövlət təhsili, Donald Trump" belə xatalı mövzulardandır.

Ən xatasız mövzuları seçin: "Nə gözəl pəncərə çərçivələriniz var", "Nə gözəl tortdur" və sair.

"Hədiyyəsiz getməyin. Çiçək və bir şüşə abırlı şərab kifayətdir. Kitab bağışlamaq riskli məsələdir…"

"Oturmazdan əvvəl oturduğunuz yeri yoxlayın. Sizin döşəkçə bildiyiniz evin iti ola bilər".

"Borc istəməyin. Nə pul, nə də kitab şkafındakı qədim kitablardan birini... Belə çıxa bilər ki, siz artıq onların evində kəşfiyyat işinə başlamısınız".

"Gecə sizə verilən yataq ləvazimatına ağız büzməyin. Ayrı-ayrı qoyulmuş təkadamlıq çarpayıları gecənin ortasında sürüyüb birləşdirməyin. Ola bilsin ki, qonşu otaqda lap ikiadamlıq çarpayı da var…Amma bunun sizə dəxli yoxdur…"

"Ev sahiblərindən müharibə vaxtı evakuasiya olunub-olunmadıqlarını soruşmayın. Güman ki, onlar uzaqbaşı 1952-ci ildə doğulublar".

"Qabağınıza qoyulanı yeyin. Sizi köpdürən yeməklərin siyahısını oxumayın. Ümumiyyətlə həzm sistemi ilə bağlı söhbətlərə toxunmayın".

"Söhbət zamanı öz valideylərinizdən də danışa bilərsiniz. Amma lovğalıq edib, "bizimkilər ziyalıdır" kimi replikalar verməyin".

"Onların yanında siqaret çəkməyi heç ağlınıza da gətirməyin".

"Cümlənizə "siz heç düşünmüsünüzmü ki…" kimi ibarələrlə başlamayın. Xüsusən də söhbət onların divanının üzünü pəncərəyə çevrimək təklifindən gedirsə…"

"Türmədəki qohumunuzu burada yada salmasınız da olar".