İsveçin paytaxtında hücum: azı 3 nəfər ölüb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Hücumdan dərhal sonra insanlar hadisə yerindən qaçmağa başlayıblar

Isveç paytaxtı Stokholmun mərkəzində yük maşını mağazanın içərisinə girərək ən azı 3 nəfəri öldürüb, İsveç polisi bildirir.

Şəhərin əsas piyada keçid küçələrindən biri olan Drottninggatan-da (Kraliçə küçəsi) baş verən hadisədə bir neçə insan xəsarət alıb.

İsveç Baş naziri Stefan Lofven ölkəyə qarşı hücum edildiyini və hadisənin çox güman ki, terror aktı olduğunu deyib.

Yük maşınının sahibi avtomobilin cümə günü oğurlandığını bildirir.

Yük maşını Ahlens mağazasının içərisinə yerli vaxtla saat 15:00 radələrində girib.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Hadisə yerində İsveç polisi

İsveç pivə istehsalçısı Spendrups, şirkətin yük maşınının bir restorana pivə apararkən oğurlandığını deyib.

"Sürücü maşını boşaldarkən kimsə sürücü oturacağına minərək avtomobili sürüb getdi", şirkətin sözçüsü TT xəbər agentliyinə deyib.

Yerli mətbuatda bir nəfərin saxlandığı deyilir, lakin polis hadisə ilə bağlı kiminsə saxlanılmasına dair məlumatı təsdiqləyə bilməyəcəyini bəyan edib.

Fotonun müəllifi Reuters
Image caption Yük maşını Ahlens mağazasına pəncərəsini qıraraq daxil olub

BBC müxbiri Frank Gardner-in mənbələri şəhərdə silahlı atəş səslərini eşitdiklərini deyirlər, lakin bu barədə rəsmi açıqlama hələ ki, olmayıb.

İki insident arasında əlaqə olub-olmaması barədə məlumat yoxdur.

Fotonun müəllifi AFP/ Getty
Image caption Hadisə yerinə xüsusi polis qüvvələri gəlib

Şahidlər yük maşınının Ahlen mağazasının ön pəncərəsindən içəri qirdiyini deyirlər.

Bir şahid BBC-yə hadisənin onun geyinmə otağında olarkən baş verdiyini və qışqırıqlar eşitdiyini deyib. "Hər yerdə qan var idi", o, əlavə edib.

Mağaza şəhərin mərkəzi qatar stansiyasına yaxınlıqda yerləşir. Hadisədən sonra insanlar stansiyadan təxliyə edilib.

Hücumun ardınca şəhərin metro sistemi də bağlanıb.

Fotonun müəllifi AFP
Image caption Polis "hər ehtimalara qarşı insidentə terror aktı kimi yanaşdıqlarını" bildirib

İsveç televiziyasından görüntülərdə yerdə insan bədənləri üzərinə parçaların sərildiyi görünür.

Stokholm universitetinin tələbəsi Alesya Rudnik BBC Rusca-ya hadisədən sonra vahimənin başladığını deyib.

"Hamı birdən mağazanın arxa çıxışına qaçaraq digər küçəyə çıxmağa cəhd etdi. Hər kəs nəyin baş verdiyini anlamadan qaçmağa başladı. Əvvəl düşündük ki, bəlkə şübhəli bir qurğu aşkar edilib. Bir neçə insan vahimə içində idilər - ağlayırdılar, qışqırırdılar, deyirdilər ki, küçədə cəsədlər var. İndi bizə ictimai nəqliyyatdan istifadə etməməmizi tövsiyə edirlər. Polis deyir ki, onlarla yaralı var, amma mən buna heç də inana bilmirəm", o, deyib.

Əlaqəli mövzular