Siz azadlığınızı bir fincan çaya qurban edərdinizmi?

Britaniya dənizçiləri qaçaqmalçıları təqib edirlər. 18-ci əsrdə Britaniyanın demək olar bütün sahilboyu qəsəbələri bu və ya digər dərəcədə qaçaqmalın hesabına dolanırdılar Fotonun müəllifi National Maritime Museum
Image caption Britaniya dənizçiləri qaçaqmalçıları təqib edirlər. 18-ci əsrdə Britaniyanın demək olar bütün sahilboyu qəsəbələri bu və ya digər dərəcədə qaçaqmalın hesabına dolanırdılar

Belə bir səhnəni təsəvvürünüzə gətirin: Xəlvəti bir buxtada qayıq heyəti tələsə-tələsə çay yükünü boşaldır ki, bir kənarda səbirsizliklə gözləyən və bura qoşqu atlı arabaları ilə gəlmiş adamlara ötürsün. Burada gömrükçülərin gəlib-gəlmədiyinə göz qoyan qarovullar da var...

18-ci əsrdə çay o qədər populyar idi və ona o qədər tələbat var idi ki, bəzi britaniyalılar o vaxtlar çox imtiyazlı olan bu içkiyə görə azadlıqlarını riskə qoya bilərdilər.

Bundan başqa tam 200 il ərzində qaçaqmalçılıq Britaniya iqtisadiyyatının mühüm hissəsi olmuşdu.

Çay qaçaqmalçılığının səbəbi çaya qoyulmuş son dərəcə yüksək gömrük rüsumlarında idi. Çayı ölkəyə qanuni yolla gətirənlər böyük rüsumlar ödəməyə məcbur idilər.

18-ci əsrin 50-ci illərində çayın idxalına qoyulmuş rüsum 119 faizə çatmışdı. Bu rüsumdan yan keçməklə siz bir fincan çayın qiymətini iki dəfə azalda bilərdiniz.

Fotonun müəllifi Getty Images
Image caption 18-ci əsrdə çay Britaniyada müstəsna populyar içkiyə çevrilmişdi

Təəccüblü deyildir ki, belə bir şəraitdə çay alıcıları da alverçiyə və ya qaçaqmalçıya çevrilirdilər. Onları da hər addımda həbsxana, müsadirə və gəmilərinin yandırılması xofu izləyirdi.

Bir qayda olaraq qaçaqmalçılığın aktivliyi ticarətin nə dərəcədə azad olmasından asılı olur. İdxal tarifləri və gömrükxana rüsumları aşağı olanda, qaçaqmalçılıq bir elə də qazanc gətirmir.

Və əksinə, əgər hökumət idxalı bahalaşdırırsa, bu, qaçaqmalçılara gömrükdən yan keçərək böyük pullar qazanmaqda kömək edir.

Çay rüsumları

18-ci əsrdə çay Britaniyaya qanunsuz gətirilən çox mühüm mallardan biri idi. Beləki hamı çay içmək istəsə də, rəsmi qiymətlərlə hamının buna imkanı çatmırdı.

Fotonun müəllifi Getty Images
Image caption Çay yeşikləri. London 50-ci illərdə: Britaniyalıların çay sevgisi bu gün də davam edir

Hələ gəlirdən vergi tutulmayan vaxtlarda, çay bütün dövlət büdcə gəlirlərinin 10 faizini təşkil edirdi. Bu pul ölkənin bütün dəniz donanmasını saxlamaq imkanı verirdi. Lakin tariflərin 119 faizə qaldırılması qaçaqmalçılar üçün şans yaratdı.

"Yüksək tariflər və əhalinin çaya olan tələbatı qaçaqmalçılara öz xeyirlərini götürmək imkanı vermişdi" - deyir Exeter Universitetindən tarixçi Helen Doe.

18-ci əsrdə Britaniyaya ildə 3 tondan çox çay gətirilirdi. Bunun yalnız 2 min tonu qanuni idxal idi.

Bir sıra sahil qəsəbələrinin əhalisinin dolanışığı tamamilə qaçaqmalçılığa bağlı idi. Varlı mülkədarlar qaçaqmalçılıq əməliyyatlarını maliyyələşdirir, balıqçılar isə qaçaqmalçı gəmilərində işləyirdilər.

Qaçaqmalı əməliyyatlarının növləri

Londonda Milli Dənizçilik Muzeyinin eksperti Robert Blight deyir ki, qaçaqmalçılığın üç növü möcvud idi.

Fotonun müəllifi AP
Image caption Rəssam George Morlan-ın tablosu qaçaqmalçıları romantik bir əhvalda təsvir edib, amma gömrüxana əməkdaşları üçün qaçaqmalçılarla mübarizə çox təhlükəli bir iş idi

Xırda qaçaqmalçılar da vardı. Onlar balaca qayıqlarda böyük gəmilərə yaxınlaşıb mal götürür, sonra onu gizlicə satıb pul qazanırdılar. Limana daxil olan gəminin kapitanı isə çatışmayan malın "yolda xarab olduğunu" deyirdi.

Qaçamalçıların mütəşəkkil qrupları da vardı. Bunlar bütün sahil boyunca istənilən porta mal çatdıra bilirdilər.

Və nəhayət artıq limana gəlmiş, lakin hələ gömrük yoxlanışından keçməmiş gəmilərdən adi oğurluq halları da baş verirdi.

İsveç tacirləri

Amma çayın dadını bilən təkcə britaniyalılar deyildirlər. 18-ci əsrdə çay qaçaqmalçılığının inkişafında onun İsveçdə də populyar içkiyə çevrilməsi böyük rol oynamışdı.

Fotonun müəllifi Thinkstock
Image caption Göteborq Ost-İndiya şirkətinin İsveç əməliyyatları üçün əsas mərkəz idi

Ost-İndia şirkətinin İsveç bölümündən olan tacirlər ən keyfiyyətli Çin çayı ala bilirdilər. Çünki onlar başqa Avropa tacirlərindən fərqli olaraq barter ticarətinə girişmir, aldıqları mal üçün təmiz gümüş ödəyirdilər.

Əslində bunların əksəriyyəti 1745-ci ildə Yakobit üsyanı yatırıldıqdan sonra İsveçə qaçmış şotland siyasi qaçqınları idi.

Əlbəttə, onlar Hannover kral ailəsinin Britaniya hökumətinə vergi ödəməməkdə utanmalı bir şey görmürdülər.

Bu ticarət o qədər populyar idi ki, Şotlandiya və şimali İngiltərə qraflıqlarının qəzetləri qaçaqmal çayının reklamlarını da dərc edirdilər. Onlar mallarına "Göteborq çayı" adını vermişdilər.

Fotonun müəllifi Getty Images
Image caption Mühafizəli anbarları olan xüsusi portların tikilməsi Londona gələn gəmilərdən oğurluq halları ilə mübarizədə böyük rol oynamışdı

Exeter Universitetindən tarixçi Derek Janes deyir ki, bir çox britaniyalı çay tacirləri üçün qaçaqmalı almaq iqtisadi əhəmiyyət kəsb edirdi.

"Britaniyanın Ost-İndia şirkəti çayın idxalı üzərində inhisara malik idi. Buna görə də əgər Edinburqdakı bir tacirə çay almaq lazım idisə, o, Londona getməli, çayın pulunu, həm də əvvəlcədən ödəməli idi. Amma eyni malı qaçaqmalçıdan alanda rüsumların olmadığına görə mal iki dəfə ucuz başa gəlirdi. Bundan başqa qaçaqmalçılar çayı kandara gətirirdilər və hətta dörd aylıq kredit də verirdilər. Bundan sərfəli ticarət ola bilərdimi?" - deyir tarixçi.

Belə qanunsuz ticarətə qurşananlardan biri də John Nisbet idi. Onun bu işdə əli o qədər gətirmişdi ki, məşhur memar John Adamsa Şotlandiyadakı Aymaut şəhərində malikanənin tikilməsi üçün layihə sifariş etmişdi. Bu malikanədə çay tayları üçün bütöv anbarlar olmalı idi.

Çox vaxt belə olurdu ki, gömrük xidmətinin əməkdaşları gəmilərin birindən siqnal alanda artıq çox gec olurdu və qaçaq yük gizli yolla sahilə çatdırılırdı. Bəzən də qaçaqmalçı gömrükçülərlə dil tapıb müsadirə olunmuş malını geri ala bilirdi.

"John Nisbetin yükü gəmi ilə birlikdə müsadirə olunanda onun vəkili demişdi ki, ortalıqda şahid olmadığından gömrükçülər sövdələşməyə girməyə məcbur olmuşdular. O 250 funt sterlinq ödəmişdi ki, malını geri qaytarsınlar. Nisbet hələ bu maldan xeyir də görmüşdü" - deyir tarixçi Derek Janes.

Nəzarətin güclənməsi

1784-cü ildə hökumət başa düşdü ki, yüksək tariflər xeyir gətriməkdən daha çox problemlər yaradır. Beləliklə, hökumət çay üçün alınan rüsumu 12, 5 faiz azaltmışdı. Bununla da əhalinin böyük hissəsinin əli bu qiymətli içkiyə çatırdı. Bu o demək idi ki, qaçaqmalçılar dolanmaq üçün başqa mala keçməli idilər və bu mal alkoqol oldu.

Fotonun müəllifi Getty Images
Image caption Napoleonla müharibə başa çatdıqdan sonra Britaniya hərbi dəniz donanması La Manş boğazı üzərində nəzarəti tamamilə ələ almışdı və qaçaqmalçılar üçün gözdən yayınmaq daha da çətinləşmişdi

Napoleon müharibəsi illərində qaçaqmalçılıq fəallaşmışdı, lakin 1815-ci ildən sonra Britaniyanın hərbi dəniz donanması dənizlərə nəzarəti ələ almış və qaçaqmalçıların vəziyyəti çətinləşmişdi.

Nəticədə qaçaqmalçıların çoxu müflis olmuşdu. Çünki yüklərin və gəmilərin müsadirəsi ilə nəticələnmək təhlükəsi olan bu fəaliyyət növünün riskinə girməyə dəyməzdi.

Lap axır nəticədə isə iqtisadiyyat özü qaçaqmalçılığın işini tamamilə bitirmişdi. Britaniya öz üzərinə azad ticarətin qarantı öhdəliyini götürmüş və beləliklə qaçaqmalçılıq sərfəli iş olmaqdan çıxmışdı.

Məhz bu dəyişikliklərə görə bugün biz həbsxnaya düşməkdən qorxmadan rahatca oturub çayımızı içə bilirik.

Əlaqəli mövzular