Britaniya mətbuatı: Təyyarədə doğulan uşaq haranın vətəndaşı olur?

Bu həftəsonu Britaniya mediasında:

  1. Britaniya səfirinin tviti Türkiyədə panika yaradıb
  2. ABŞ-ın Suriya raket zərbələri geosiyasəti dəyişib?
  3. Təyyarədə doğulan Xədicə haranın vətəndaşı olacaq?

Britaniya səfirinin tviti Türkiyədə panika yaradıb

Fotonun müəllifi Getty Images
Image caption Britaniyanın Baş naziri Theresa May və səfir Richard Moore (foto arxivdəndir)

Britaniyada yaxşı tanınan jurnalist Patrick Cockburn yazır ki, Türkiyədə prezident Recep Tayyip Erdoğana "diktator səlahiyyətləri" verməli olan referendumun ərəfəsində ölkəni qəsd nəzəriyyələri və şübhə atmosferi bürüyüb.

İndi Türkiyədə ən adi sözü də qəsd və ya düşmənçilik kimi qəbul edə bilərlər. Məsələn, bu günlərdə Britaniyanın Ankaradakı səfiri Richard Moore adi bir tvit yazıb: "İstanbuldakı zanbaqlar baharın müjdəsini verirlər. Uraaaa!" Aşağıda gördüyünüz kimi, səfir tvitə İstanbuldakı Dolmabahçe sarayının fotosunu da əlavə edib.

Amma Türkiyə televiziyasının idman aparıcılarından Ertem Şener özünün Twitterdəki 849 min izləyicisinə yazıb ki, səfirin bahar mesajında sətiraltı məna var və əslində bu tvitdə cənab Erdoğanı ötən iyulda devirməyə çalışan çevriliş iştirakçılarına dəstək və referendumda "yox" cavabı verməyə çağırış ifadə olunub.

"Onlar Türkiyəyə belə bir mesaj verirlər: "Biz bu çevrilişdə uğur qazana bilsəydik, zanbaqlar daha tez çiçəkləyərdi. Ay Britaniya iti, bu zanbaqlar şəhidlərin qanı ilə sulanıb" - yazıb idman aparıcısı.

Fotonun müəllifi Twitter/@UKAmbRichard

Cənab Moore bu tvitdəki iddianı rədd edib və türkcə yazıb: "Ay Allah, bu axmaq kimdir görəsən?"

Məqalədə deyilir ki, idman aparıcısı Şener tək deyil. Onun Britaniya səfiri barədə tvit yazdığı gün prezident Erdoğanın özü ölkənin qərbində apardığı mitinqə belə müraciət edirdi: "Bugünkü Avropa demokratiyanın, insan haqları və azadlıqların mərkəzi deyil, zülm, zorakılıq və nasizm yuvasıdır".

Cockburn yazır ki, "Türkiyədə 7300 alim və 4300 hakim və prokuroru vəzifədən qovandan sonra Avropa ölkələrini demokratiyaya hörmətsizlikdə ittiham etmək üçün adamda üz olmalıdır".

Müəllifin fikrincə Türkiyədə 1946-cı ildən mövcud olan çoxpartiyalı demokratiyanı hazırda həbslər, təhdidlər və partiyaların işinə qarışmaqla məhv edirlər.

Məqalədə deyilir ki, Türkiyədə 231 jurnalist həbsxanadadır, 150-dən çox media qurumu bağlanıb və hətta bir televiziya jurnalisti referendumda "yox" deyəcəyini bildirib deyə işdən atılıb.

Eyni sözü referendum təşviqatı üçün müxtəlif partiyalara verilən teleefir müddəti barədə də demək olar. Məsələn hakim AKP-yə martın 30-dək olan məlumata görə təbliğat üçün 4113 dəqiqə, ötən seçkidə seçicilərin 25 faizini qazanmış müxalif CHP-yə isə 216 dəqiqə efir vaxtı verilib. Lakin bunun özü də səslərin 10 faizini qazanmış HDP-yə münasibətin yanında toya getməlidir. Efirdə cəmi bir dəqiqə olmuş bu partiyanın 59 millət vəkili hazırda həbsxanadadır.

Cockburn yazır ki, referendum təşviqatında "bəli" kampaniyasına verilmiş bu böyük imkanlara baxmayaraq rəy sorğuları "bəli" və "yox" kampaniyalarının təxminən eyni dəstəyə malik olduğunu və hətta "yox" kampaniyasının bir qədər irəli çıxdığını göstərib.

Lakin Erdoğanın opponentləri əmindirlər ki, seçicilərin necə səs verməsindən asılı olmayaraq qutulardan böyük səs çoxluğu ilə avtoritar hakimiyyətin istədiyi nəticə çıxacaq.

Müəllif yazır ki, bu deyilənlər gerçəkləşsə, onda Türkiyədə qonşu Suriya və Misirdəkinə bənzəyən rejim qurulacaq və onun parlamenti və ədliyyəsi icra hakimiyyətinin ağzına baxan "tərəfdar klublarına" çevriləcək. Halbuki müasir Türkiyənin qurucusu Mustafa Kemal Atatürk öz ölkəsini İspaniya və İtaliya kimi demokratiya görmək istəyirdi.

Məqalədə deyilir ki, hazırda Türkiyədə hökuməti dəstəkləməyənlərə az qala terrorçu damğası vurulur.

Cockburn yazır ki, Erdoğan hələlik kürd qiyamlarını yatıra bilib, lakin bütün bunlar İraq və Suriyanın şimalında kürd muxtariyyətlərinin yaranmasının qarşısını ala bilməyəcək.

Cockburn-ün qənaətincə Erdoğan bu referendumda hakimiyyətini genişləndirə bilsə də, bu hakimiyyətin ona nə dərəcədə səlahiyyətlər verəcəyi böyük sual altındadır.


ABŞ-ın Suriyaya raket zərbələri geosiyasəti dəyişib?

"The Guardian" yazır ki, Britaniyanın xarici işlər naziri Boris Johnson ABŞ-ın Suriyaya hava zərbələrinin ardınca "Rusiyanın Əsəd rejiminə dəstəyinin davam etməsi ilə bağlı" Moskvaya rəsmi səfərini təxirə salıb.

Məqalədə deyilir ki, bu, 2012-ci ildən bəri iki ölkənin xarici işlər nazirləri arasında ilk birbaşa görüş olmalı idi.

Britaniya XİN-in bəyanatında deyilir ki, "Suriyada baş verən son hadisələr oradakı vəziyyəti kökündən dəyişib".

Johnson deyib ki, indi bunun əvəzində o aprelin 10-11-də keçiriləcək G7 görüşündə atəşkəsin əldə olunmasına beynəlxalq dəstək məsələsini həmkarları ilə müzakirə edəcək.

Britaniya xarici işlər naziri, Əsəd rejimi dinc əhalinin üzərinə kimyəvi silahlarla hücum etdikdən sonra onu dəstəkləməkdə davam edən Rusiyanın mövqeyini pisləyir.

Lakin buna baxmayaraq ABŞ-ın dövlət katibi Rex Tillerson Moskvaya səfər edəcək və orada Rusiyaya "aydın və uzlaşdırılmış mesaj" verəcək.

Rusiya Şayrat hərbi aerodromuna ABŞ-ın raket zərbələrini "suveren dövlətə qarşı təcavüz aktı" adlandırıb.

Bu arada ABŞ-ın BMT-dəki elçisi Nikki Haley deyib ki, "Birləşmiş Ştatlar bundan sonra Əsədin kimyəvi silahlara əl atmasını gözləməyəcək".

"Biz Suriyada çox ölçülü bir addım atmışıq, bundan da artığını edə bilərik, amma ümid edirik ki, buna ehtiyac qalmayacaq" - deyib səfir.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bildirib ki, Ankara ABŞ-ın Suriyaya müdaxiləsini dəstəkləyir, lakin onu kafi saymır.

Onun fikrincə, əgər bu müdaxilə prezident Əsədin istefası baş verənədək davam etməsə, yalnız kosmetik müdaxilə sayılacaq.

Rusiyanın Müdafiıə Nazirliyi bəyan edib ki, Moskva Suriyadakı hava hücumundan müdafiə sistemini gücləndirir.

Nazirliyin sözçüsü general-mayor İqor Konaşenkov isə deyib ki, ABŞ-ın hava zərbələrinin səmərəsi az olub.

Onun dediyinə görə 59 Tomahawk qanadlı raketindən yalnız 23-ü Şayrat hava bazasına çatıb.

Lakin Pentaqon bunun əksinə olaraq bildirib ki, raketlərdən yalnız biri hədəfə dəyməyib.


13 min metr hündürlükdə doğulmuş Xədicə haranın vətəndaşı olacaq?

Kadiju Türk Hava Yolları təyyarəsində doğulub Fotonun müəllifi TURKISH AIRLINES

"The Sunday Telegraph" qəzeti yazır ki, Türk Hava Yolları şirkətinin təyyarəsi mənzil başına göyərtəsində bir əlavə sərnişinlə çatıb.

Məqalədə deyilir ki, təyyarənin heyəti hamilə sərnişin qadının 13 kilometr yüksəklikdə doğmasına kömək etməli olub.

Nafi Diaby adlı qadın Qvineyadakı Konakri şəhərindən Burkina Fasonun paytaxtı Uaqaduquya uçarkən sancıları başlanıb.

Beləliklə Kadiju və ya Xədicə adlı qız dünyaya səmada gəlib.

Boeing 737-900 təyyarəsi enən kimi ana və uşaq xəstəxanaya aparılıblar.

Hər ikisinin vəziyyəti qənaətbəxşdir.

"The Telegraph" yazır ki, bu, uşağın uçuş vaxtı doğulduğu yeganə hal deyil. Təyyarə heyətləri belə vəziyyətlərin öhdəsindən gələ bilmək üçün xüsusi hazırlıq keçirlər.

Fotonun müəllifi Turkish Airlines

Lakin indi Kadijunun doğum yeri, vətəndaşlığı maraqlı sual kimi ortaya çıxıb və ya çıxa bilər.

Fotonun müəllifi Turkish Airlines

Mövcud qanunlara görə uşaq anasının vətəndaşı olduğu ölkənin vətəndaşı olaraq qeydiyyatdan keçə bilər. Eyni zamanda o doğularkən təyyarənin üzərindən keçdiyi ölkənin vətəndaşlığına da qəbul edilə bilər.

Lakin məsələni daha da qəlizləşdirən budur ki, BMT-nin qaydalarına görə uçuşda doğulan uşaq təyyarənin qeydiyyatda olduğu ölkənin vətəndaşlığını qəbul etməlidir. Bu halda Kadijunun vətəni Türkiyə olmalıdır.

Amma son qərar Türkiyənin vətəndaşlıq qanunlarının belə bir hala yol verib-verməməsindən asılı olacaq.

Məsələn 2015-ci ildə Kanadanın üzərindən uçan təyyarədə doğulmuş Clare adlı qızın vəkilləri onun Kanada vətəndaşı kimi qeydə alınmasına çalışırdılar.