Misir: Kopt kilsələrində partlayış nəticəsində "azı 45 adam" həlak olub

Tanta hücumundan sonra qurbanların qohumları kilsənin qarşısında toplanıb Fotonun müəllifi Reuters
Image caption Tanta hücumundan sonra qurbanların qohumları kilsənin qarşısında toplanıb

Bazar günü Misirin iki Kopt kilsəsində baş verən partlayışlar nəticəsində azı 40 adam həlak olub, rəsmilər deyir.

İskəndəriyyədə, Müqəddəs Mark Kopt Kilsəsinin qarşısında baş verən partlayışda 16 adam həlak olub. Hadisə zamanı Kopt Kilsəsinin başçısı Papa II Tawadros həmin kilsədə idi, lakin ona zərər dəyməyib, dövlət mediası xəbər verir.

Daha əvvəl Misirin Tanta şəhərindəki Müqəddəs George Kopt kilsəsində baş verən partlayışda 29 nəfər həlak olub.

Özünü İslam Dövləti adlandıran qrup hücumu həyata keçirdiyini deyir.

Prezident İlham Əliyev misirli həmkarı Əbdülfəttah əs-Sisiyə başsağlığı verib. "Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı", AzerTag rəsmi xəbər agentliyi Prezident Əliyevdən sitat gətirir.

"Biz dinc insanlara qarşı yönəlmiş belə qəddar əməllərdən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

İskəndəriyyədə ölənlər arasında dörd polis var, Misirin Daxili İşlər Nazirliyi məlumat verir. Onlar canlı bombanı kilsəyə buraxmayandan sonra o, özünü girişdə partladıb.

Qahirədən 94 km məsafədə yerləşən Tanta şəhərində baş verən partlayış səcdəgahın yanında baş verib.

Hadisə İsa Məsihin Yerusəlimə müzəffər girişi günü baş verdiyi üçün kilsələrdə adamların sayı çox idi.

Fotonun müəllifi EPA
Image caption İlk partlayış Tanta şəhərində baş verib