Britaniya mətbuatı: Həsən Ruhani prezidentliyini itirə bilərmi?

Fotonun müəllifi EPA

Rusiya və İran ABŞ-a hədə-qorxu gəlir

"The İndependent" yazır ki, Rusiya və İran Birləşmiş Ştatlara onların da "qırmızı xətlərinin" olduğu barədə xəbərdarlıq ediblər.

Moskva və Tehran bəyan ediblər ki, ABŞ bu qırmızı xətləri keçsə, onlar da "gücdən istifadə etməklə" cavab verəcəklər.

Suriyada törədilmiş kimyəvi hücuma cavab olaraq ötən cümə günü Birləşmiş Ştatların Suriyanın Xan Şeyxun hərbi aerodromuna raket zərbələri endirməsinin ardınca, prezident Bəşər əl-Əsədi dəstəkləyən alyans birgə bəyanatla çıxış edib.

Bu bəyanatda deyilir ki, gələcəkdə "qırmızı xətti kimin keçməsindən asılı olmayaraq", ona qarşı qətiyyətli cavab tədbiri görüləcək.

"Amerikanın Suriyada həyata keçirdiyi təcavüz qırmızı xəttin keçilməsi deməkdir. Bundan sonra biz kim olmasından asılı olmayaraq hər hansı təcavüzkara və ya qırmızı xətlərin keçilməsinə güclə cavab verəcəyik və Amerika bizim cavab verməkdə qüdrətimizi bilir" - deyilir qrupun vahid komandanlıq mərkəzinin bəyanatında.

ABŞ prezidenti Donald Trump deyib ki, Homs yaxınlığındakı Şayrat aerodromuna 60 Tomahawk raketi ilə zərbə endirilməsi "dünyanı təmsil edirdi".

Suriya qüvvələri tərəfindən Xan Şeyxunda həyata keçirildiyi iddia olunan kimyəvi hücum nəticəsində 70 nəfər həlak olub.

Bazar günü verdiyi bəyanatda Birləşmiş Krallığın müdafiə naziri lord Michael Fallon Rusiyadan Əsədin "ipini çəkməyi" tələb edib.

Nazir deyib ki, "Moskva Xan Şeyxunda baş vermiş hər bir ölüm üçün məsuliyyət daşıyır".

Lord Michael bildirib ki, hücum onların "gözləri qarşısında" baş verib və indi Vladimir Putin Əsədin bütün kimyəvi silahlarını məhv edəcəyi barədə vədinə əməl etməlidir.

Ekspertlər ölümlərə guya qiyamçıların kimyəvi silah qurğusunun səbəb olduğu barədə iddianı rədd edirlər.

Britaniya, ABŞ və Fransa cənab Əsədin rejimini, müxalifətin nəzarətində olan şəhəri qazla boğmaqda ittiham edirlər, lakin Dəməşq iddia edir ki, o özünün kimyəvi silah cəbbəxanasını beynəlxalq birliyin tələbi ilə, hələ 2013-cü ildə məhv edib.

Amma Rusiya Müdafiə Nazirliyinin bəyanatı bu iddia ilə ziddiyyət təşkil edir. Nazirlik bildirmişdi ki, kimyəvi qazlarla zəhərlənmə Suriya hökumət aviasiyasının bombardmanı zamanı qiyamçıların zəhərli qazları hazırladığı emalatxananın dağılması nəticəsində baş verib.

Birləşmiş komandanlıq habelə bəyan edib ki, raket zərbələri onun Suriyanı "azad etmək" missiyasını dayandırmayacaq.

Bu da əlavə edilir ki, Suriyanın şimalında ABŞ-ın hərbi kontingentinin mövcudluğu qanunsuz "işğal" deməkdir.

Putin və İran prezidenti Həsən Ruhani kimyəvi hücumun obyektiv araşdırılmasına çağırıblar.

ABŞ-ın dövlət katibi Rex Tillerson deyib ki, Moskva Suriyanın kimyəvi silahının məhv edilməsi barədə 2013-cü il razılaşmasına əməl etməyib.

ABC telekanalının This Week proqramına müsahibəsində cənab Tillerson deyib ki, Əsədin kimyəvi silahlarının məhv edilməsi üçün məsuliyyəti məhz Moskva üzərinə götürmüşdü.

Bununla belə cənab Tillerson Rusiyanı sözü gedən kimyəvi hücumda bilavasitə ittiham etməyib.

Lakin o deyib ki, ABŞ Rusiyanı özünün Suriya siyasəti barədə təkrar düşünməyə çağırır.

O bildirib ki, məhz bu siyasətə görə hər dəfə bir dəhşətlıi hadisə baş verəndə, Rusiya da məsuliyyətə bulaşmış olur.

Fotonun müəllifi Getty Images

Həsən Ruhani prezidentliyini itirə bilərmi?

"The Guardian" yazır ki, İranda daha bir qızğın prezident seçkisi gözlənilir, çünki yarışa ölkənin qüdrətli mühafizəkar ruhani xadimlərindən biri qoşulub.

Onun ölkənin mötədil prezidenti Həsən Ruhaniyə çox ciddi rəqib olacağı proqnozlaşdırılır.

Məqalədə deyilir ki, namizədlərin rəsmi qeydiyyatı çərşənbə axşamı başlanacaq, lakin ali rəhbər Əli Xamneyiyə yaxın olduğu deyilən Ebrahim Rəisi gözlənilmədən seçkiyə qatılacağını bəyan edib.

O bu barədə verdiyi bəyanatda deyir ki, əvvəlcə prezident seçkisinə qoşulmağa çox da həvəsli olmayıb, lakin sonradan bunun onun "dini və inqilabi" borcu olduğu qənaətinə gəlib.

Amma onun belə deməsinə baxmayaraq, Rəisinin hətta Xamneyiyə varis ola biləcəyi barədə söhbətlər artıq bir ildir ki, dövriyyə edir.

Rəisinin prezidentliyə namizədlik verməsi İranda bir çox təhlilçiləri düşünməyə vadar edib. Belə bir fiqurun ikinci müddətə prezident seçilmək istəyən liberal Həsən Ruhaninin qabağına çıxarılması nə məna daşıyır?

Ruhaniyə qədər prezident olmuş dörd nəfər iki müddət üçün hakimiyyətdə olublar, lakin indi Rəisinin namizədliyi Ruhani üçün bu seçkinin heç də rahat olmayacağını göstərir.

Bəzi başqa şayiələrə görə, Ruhaninin namizədliyinin təsdiqinə maneə yaradılacağı mümkündür.

Rəisinin bazar günü internetlə yaydığı bəyanatda deyilir ki, onun məqsədi İran iqtisadiyyatını xilas etməkdir.

Rəisi bildirir ki, İslam Respublikası dörd onillikdə böyük uğurlar qazansa da, idarəçilikdəki nöqsanlar və buna görə də işsizlik və biznesin inkişafına əngəllər kimi problemlər həllini tapmayıb.

Bu arada İranın keçmiş mühafizəkar prezidenti Mahmud Əhmədinejad özünün keçmiş müavini Həmid Bağeyinin namizədliyini dəstəklədiyini deyib. Halbuki 2015-ci ildə qeyri-müəyyən ittihamlarla həbs olunmuş Bağeyinin seçkiyə buraxılıb-buraxılmayacağı bilinmir.

"The Guardian" yazır ki, islahatpərəstlərin yenə də hazırkı prezident Həsən Ruhaninin namizədliyini dəstəkləyəcəyi bəllidir. Hər hansı media ilə ünsiyyəti qadağan olunmuş keçmiş prezident Xatəmi belə bir dəstəyi artıq ifadə edib.

"The Guardian" qəzetinin yazıdığına görə, islahatpərəstlər hər ehtimala qarşı özlərinin daha bir ehtiyat namizədlərinin olmasına çalışırlar. Deyilənlərə görə, Ruhani bu ideyanın qəti əleyhinədir.

Rəisinin özünə gəlincə isə, o bütün müsəlman dünyasında ən böyük xeyriyyə təşkilatı olan Astan Qüds Rəzavi fondunun rəhbəridir.

56 yaşlı ruhani xadimin başçılıq etdiyi bu fond müqəddəs Məşhəd şəhərinin baxıcısıdır.

O İran tarixində ən repressiv sityasətçilərdən biri sayılır. Rəisi 1988-ci ildə minlərlə dissidentin edamına hökm verən 4 şəriət hakimindən biri olub. Bu prosesdəki "xidmətlərinə" görə Ruhulla Xomeyni onu Tehranın baş prokuroru təyin etmişdi.

Hazırda ev dustağı olan müxalifət lideri Mehdi Kərrubinin oğlu Məhəhmmədtağı Kərrubi deyib ki, prezidentliyə kimin seçilməsindən asılı olmayaraq bu şəxsin ölkənin növbəti ali rəhbərinin təyinatında böyük rolu olacaq.

O deyib ki, Ruhaninin hakimiyyətdən getməsini istəyənlər də onun məhz bu prosesdən kənarlaşdırılmasına çalışırlar.

"Qorxuram ki, elə buna görə də Ruhani heç seçkiyə buraxılmasın" - deyib Kərrubi.

Kərrubinin irəli sürdüyü ikinci versiya budur ki, ola bilsin, Rəisinin namizədliyini verməklə sadəcə olaraq onun populyarlığını artırmaq və Xamneyiyə varisliyini hazırlamaq istəyirlər.

Fotonun müəllifi Getty Images

Güləşçiləri "əzik qulaqdan" xilas edəcək kəşf

"The Telegraph" qəzetinin güləşçilərə və bir çox başqa idman növləri ilə məşğul olanlara şad xəbəri var.

Qəzet yazır ki, Şimali İrlandiyadan olan bir ana idmançıları Qərbdə "gülkələmi qulağı" deyilən bəladan qurtarmaq üçün vasitə ixtira edib.

Söhbət reqbi, boks və güləş idmançılarının qulaq seyvanlarının əzilib tanınmaz vəziyyətə düşməsinin qarşısının alınmasından gedir.

Şimali İrlandiyada diş həkimi işləyən Brenda Phillips idmançıların qulaqlarının eybəcər hala düşməməsi üçün silikon qulaq qapaqları icad edib.

Bu vasitədən artıq bəzi reqbiçilər, cüdoçular və güləşçilər istifadə edirlər.

Reqbiçi oğulun və xokkeyçi qızın anası olan xanım Phillips deyir ki, əzik qulaq təkcə estetik baxımdan eybəcər olmaqla qalmır, bu həm də idmançıya fiziki iztirablar verə bilər.

Bu ideya 23 yaşlı reqbiçi Connor-un və 25 yaşlı xokkeyçi Naominin anasının beyninə qəfil gəlib. Stomatoloq öz-özünə düşünüb: Əgər xokkeyçilərin başlarını qoruyan dəbilqələr, boksçuların dişlərini qoruyan süni damaqlar varsa, güləşçi və reqbiçilərin qulaqlarını qoruyan vasitə niyə olmasın?

Xanım Phillips inanır ki, silikon qulaqlar güləşçilərin, reqbiçilərin, boksçuların, kriketçilərin və su poloçuların qulaqlarını həm zədələrdən, həm də eybəcərlikdən xilas edə bilər.

Phillips ixtirasının kütləvi tətbiqi üçün patent idarəsinə müraciət edib.