Suriya münaqişəsi: G7 Rusiya və Əsədə qarşı birgə mövqe axtarışındadır

A civil defence member breathes through an oxygen mask, after what rescue workers described as a suspected gas attack in the town of Khan Sheikhoun Fotonun müəllifi EPA
Image caption Suriyada çərşənbə günü baş verən kimyəvi hücum nəticəsində 89 nəfər həyatını itirib

Bazar ertəsi günü İtaliyada keçiriləcək G7 görüşündə Suriya münaqişəsində birgə mövqe axtarışının əsas mövzu olacağı gözlənilir.

Xarici işlər nazirləri Rusiyanı Suriyanın prezidenti Bəşər Əsəddən özünü uzaqlaşdırmasına necə təzyiq göstərəcəklərini müzakirə edəcəklər.

ABŞ-ın müttəfiqləri, bundan başqa, ABŞ-ın Suriyaya dair siyasəti barədə daha aydın mövqe gözləyirlər.

Bazar günü ABŞ Dövlət Katibi Rex Tillerson Rusiyanı sərt tənqid edib.

Cənab Tillerson Rusiyanın çərşənbə günü Suriyanın Xan Şeyxun şəhərində 89 nəfərin ölümü ilə nəticələnən kimyəvi hücumun qarşısını ala bilməkdə uğursuz olduğunu deyib.

Dövlət katibi həmçinin Suriya hökumətinin sahib olduğu hərbi bazaya qarşı zərbələrdən sonra ABŞ-ın Suriyaya dair "hərbi mövqeyində heç bir dəyişiklik" olmadığını bildirib.

O, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın məğlubiyyətinin ABŞ-ın "ilk prioriteti" olduğunu vurğulayıb.

Cənab Tillerson bu sözləri ABŞ-ın Birləşmiş Millətlər Təşkilatı (BMT) səfirinin Suriyada Bəşər Əsədin prezident olduğu halda sabitliyi bərpa etməyin mümkün olmadığını dediyindən bir gün sonra paylaşıb.

"Əsədin Suriya hökumətinin rəhbəri olarkən bölgədə sülhü heç təsəvvür edə bilmirik", ABŞ-ın BMT səfiri Nikki Haley NBC kanalınını "Meet the Press" verilişində deyib.

Lakin bundan bir həftə əvvəl o, Bəşər Əsədin dəyişilməsinin ABŞ üçün əsas prioritet olmadığını bildirmişdi.

Rusiyaya necə təzyiq göstərmək olar?

BBC-nin diplomatik müxbiri James Robbins növbəti iki gün ərzində G7 liderlərinin prezident Putini prezident Əsədə göstərdiyi hərbi dəstəyə son qoymağa və siyasi keçidi reallaşdırmağa yönələn danışıqları sürətləndirməyə cəlb etmək üçün birgə arqumentlər axtaracağını deyir.

Birləşmiş Krallıq xarici işlər naziri Boris Johnson-un Moskvanın bu tələbləri qəbul etmədiyi halda Rusiyaya qarşə yeni sanksiyaların tətbiq edilməsinə yönələn çağırış etməyi gözlənilir.

Hazırda Avropa İttifaqı (Aİ) və ABŞ Krımın Rusiya tərəfindən ilhaqı və şərqi Ukraynada yaşanan böhrana görə Rusiyaya qarşı bir neçə sanksiya tətbiq ediblər.

Bu sanksiyalar Rusiyaya rəhbərlik edən elita ilə əlaqəsi olan şəxslər, bizneslər və əsas iqtisadi sektorları hədəfləyiblər.

Cənab Tillerson G7 görüşündən sonra Moskvaya müttəfiqlərinin dəstəklədiyi güclü tələblər siyahısı ilə getmək istəyir.

G7 Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq, ABŞ və Aİ-dən ibarətdir.

Bu barədə daha geniş