Britaniya mətbuatı: Xoruldamağı necə tərgitmək olar?

Fotonun müəllifi Reuters
Image caption Pyotr Levaşov adlı şəxs "Trump-ın qələbəsini təmin etmiş virus proqramını yaratmaqda" ittiham olunduğunu deyir

İspaniyada həbs edilmiş rus haker kimdir?

"The İndependent" yazır ki, Rusiya hakeri olduğu iddia edilən bir nəfər Amerika hakimiyyət orqanlarının orderi ilə İspaniyada həbs edilib.

Maraqlıdır ki, Rusiyanın RT media şəbəkəsi bu həbsin ABŞ prezident seçkisi ilə bağlı olduğunu xəbər verməklə kibertəhlükəsizlik dairələrində təlatüm yaradıb.

İspaniya təhlükəsizlik xidmətinin sözçüsü deyib ki, Pyotr Levaşov adlı bu şəxs ötən həftənin sonunda ABŞ kompüter cinayətləri orderinin əsasında həbs edilib.

Lakin Levaşovun arvadı Rusiyanın RT telekanalına deyib ki, ərinin həbsi 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkisi ilə bağlıdır.

Mariya Levaşova RT telekanalına bildirib ki, silahlı polis gecəyarısı onların Barselonadakı mənzilinə reyd edərək onu və rəfiqəsini saatlarla otaqlardan birində saxlayıb. Həmin müddətdə xəfiyyələr Levaşovu dindiriblər. Bundan sonra polislər Pyotr Levaşovu aparıblar.

Qadın xəbər erib ki, polis məntəqəsindən zəng edən əri ona "Trump-ın qələbəsini təmin etmiş virus proqramını yaratmaqda" ittiham olunduğunu deyib.

Xanım Levaşova bundan artıq heç bir təfərrüat verməyib.

Bu arada KrebsOnSecurity kibertəhlükəsizlik saytı yazıb ki, Levaşov bir neçə kriminal əməliyyatları üçün virus proqramları və saxta antivirus proqramı yaradıb və onun haker ləqəbi Severadır.

Sayt daha sonra yazıb: "Severanın "Waledac spam botnet" virusunu yaratmış kibercinayətkar olduğuna dair dolayısı ilə dəlillər mövcuddur. Bu proqram bir neçə il ərzində 70-90 min kompüteri yoluxduraraq onların bir gündə 1, 5 milyard spam email göndərməsinə səbəb olub".

"The İndependent" yazır ki, ziyanlı kompüter proqramları geniş paylaşıldığından və təkrar-təkrar yazıldığından, bəzən virusu ilk dəfə hazırlamış şəxs də sonralar ondan necə istifadə edildiyini bilməyə bilər.

Barack Obamanın administrasiyası Rusiyanı ABŞ seçkisinə müdaxilə edərək Donald Trump-ın qələbəsinə kömək etməkdə ittiham edib.

Hazırda ABŞ Konqresinin xüsusi komitələri də Rusiya və Trump arasında mümkün əlaqələri araşdırır.

Rusiya rəsmiləri, o cümlədən Vladimir Putin bu iddiaları dəfələrlə rədd ediblər.

Moskva Britaniya nazirini lağa qoyur

Fotonun müəllifi VINCENZO PINTO
Image caption Hazırda G7 qrupu ölkələri xarici işlər nazirlərinin İtaliyada keçirilən görüşündə Britaniya Rusiya üzərinə yeni sanksiyaların qoyulmasına çağırır

"The Mirror" yazır ki, Britaniyanın xarici işlər naziri Boris Johnson Rusiya üzərinə yeni sanksiyaların qoyulmasına çağırır.

Hazırda G7 qrupu ölkələri xarici işlər nazirlərinin İtaliyada keçirilən görüşündə Johnson deyib ki, Rusiya və onun müttəfiqlərinin iki seçimi var.

"Vladimir Putin ya Bəşər Əsədin "zəhərli rejimini" dəstəkləməkdə davam etməli, ya da bütün dünyaya Suriya münaqişəsini bitirməkdə kömək göstərməlidir" - deyib Britaniya naziri.

Boris Johnson deyib ki, yeni sanksiyalar Rusiyanın və Suriyanın hərbiyyə fiqurlarını hədəfləməlidir.

Lakin bu bəyanatın ardınca Moskvadakı diplomatik mənbələrdən sızan məlumatlara görə Rusiya rəsmiləri ABŞ və Birləşmiş Krallıq arasına ixtilaf salmağa çalışırlar.

Onların fikrincə, vəziyyət o qədər ciddidir ki, Borisə vaxt sərf eləməyinə dəyməz və Moskva birbaşa ABŞ-dan münasibət gözləyir.

Bu arada Boris Johnson "The İndependent" qəzetinə bildirib ki, o ABŞ başda olmaqla G7 nazirlərini Rusiyaya qarşı sərt mövqe tutmağa sövq etməyə çalışır.

Məqalədə deyilir ki, Boris Johnson artıq ABŞ dövlət katibi Rex Tillersonla bir saatlıq təkbətək söhbət edib.

Boris Johnson bildirib ki, ABŞ son beş ildə ilk dəfə olaraq Suriyada hərbi hərəkətə keçdikdən sonra oyunun qaydaları dəyişib və Washington-un siyasəti indi bu yeni qaydalara əsaslanmalıdır.

"The İndependent" hökumətdəki mənbələrə istinadla yazır ki, Britaniya və ABŞ Suriya prezidenti Əsədin gələcəyi barədə tam razılığa gəliblər və bu razılaşmaya əsasən Suriyanın gələcəyində Əsədin heç bir rolu olmamalıdır.

Rusiya hökuməti prezident Bəşər Əsədi dəstəklədiyini bir daha təsdiqləyib. Moskva bildirib ki, Suriya hökumətinin iddia edilən kimyəvi hücumla heç bir əlaqəsi olmayıb.

Bu arada ABŞ-ın müdafiə naziri James Mattis bəyan edib ki, Suriyaya raket zərbələri hökumətin hərbi aviasiyasının 20 faizini sıradan çıxarıb.

Mattis deyib ki, Suriya hökuməti bir daha kimyəvi silaha əl atarsa, "ağılsızlıq" etmiş olar.

Xoruldamaq vərdişdir, yoxsa xəstəlik?

Fotonun müəllifi George Marks
Image caption Xoruldamaq cinsi iqtidarsızlıq, yaddaşsızlıq, diabet, yüksək qan təzyiqi və infarkt kimi xəstəlik və hallarla əlaqəli ola bilər

"The Telegraph" oxucularını, özünün yazdığına görə "xoruldayanların xilaskarı" Mike Dilkes-in məsələhətləri ilə tanış edir.

Dilkes bildirir ki, xoruldamaq gülməli bir iş deyil və çox sayda insanın ailəsini və karyerasını məhv etməyə və ən ekstremal hallarda isə adamı öldürməyə qadirdir.

Londondakı St John and St Elizabeth xəstəxanasının həkimi deyir ki, xoruldamaq çox ciddi haldır və müalicə olunmazsa insanın yuxu zamanı boğulması kimi fəsadlara səbəb ola bilər.

Ekspertin fikrincə, xoruldamaq cinsi iqtidarsızlıq, yaddaşsızlıq, diabet, yüksək qan təzyiqi və infarkt kimi xəstəlik və hallarla əlaqəli ola bilər. Bu mənada xoruldamaq heç də "səssiz qatil" sayılmır.

Statistikaya görə yaşı 30-dan yuxarı kişilərin 40 faizi xoruldayır və bunun iki faizi yuxu boğulmaları ilə müşayiət olunur. 65 yaşından yuxarı kişilərin üçdə ikisi xoruldayır ki, bunun artıq 10 faizi yuxu boğulmaları ilə nəticələnə bilər.

Lakin xoruldamaq yalnız kişilərin problemi deyil. Statistikaya görə qadınların beşdə biri xoruldamaqdan əzab çəkir.

Əksər xoruldayanlar bunun onlardan asılı olmadığını desələr də, Dilkesin fikrincə bu, siqaret çəkmək və spirtli içkilər içmək kimi vərdiş hesab olunmalıdır.

Ekspertin fikrincə məhz buna görə də xoruldamağı tərgitmək mümkündür, əlbəttə, söhbət burun və ya boğazdakı artıq ətdən getmirsə…

Dilkes deyir ki, orta xorultunun 60-100 desibel gücündə olduğu nəzərə alınarsa, bu rəqəmin heç olmasa azaldılması insanların bir qədər rahatlıq tapmasına yol açardı.

Alim xoruldamanın aradan qaldırılması üçün üç təmrin təklif edir. Bu təmrinlərin hər biri ağzın və boynun, dilin, yumşaq damaqla boğazın "məşq" etdirilməsini nəzərdə tutur.

Bu təmrinlərdən birində dil ağzın içində yumşaq damağa doğru geri qatlanır və sonra irəli gətirilərək dişlərin arxasına toxundurulur.

Başqa bir təmrin ağzın mümkün qədər çox açılmasını və bu zaman 20 saniyə müddətində "ahhh" səsinin çıxarılmasını tələb edir.

Üçüncü təmrin zamanı dilinizi ağzınızdan mümkün qədər çox bayıra çıxarmalı, bu vəziyyətdə dərindən nəfəs almalı və 30 saniyə müddətində qarqara səsinə bənzər uca səs çıxarmalısınız.

Ekspert deyir ki, bu üç təmrin bir yerdə heç 5 dəqiqə də vaxt tələb eləmir.

Dilkes bildirir ki, insanların yaşlandıqca daha çox xoruldaması ağız və boğaz əzələlərinin getdikcə boşalması ilə bağlıdır. Odur ki, bu əzələləri mümkün qədər "məşq" etdirmək lazımdır. Çünki insan yuxuda olanda bu əzələlər üzərində bütün nəzarətini itirmiş olur.

"The Telegraph" yazır ki, xoruldamanın ekstremal variantlarında pasientlərə cərrahiyyə əməliyyatı məsləhət görülür. Dilkes deyir ki, bu cərrahiyyədə söhbət ilk növbədə yumşaq damağın korreksiyasından gedir.

Amma qaldı daha yüngül xoruldamağa, ekspertin fikrincə bunun qarşısı müxtəlif vasitələrlə alına bilər.

Ekspertin qənaətinə görə, artıq çəkini atmaq da xoruldamanın azalmasına kömək edə bilər.

Dilkes deyir ki, əksər hallarda xoruldamaq başqa neqativ vərdişlərlə sıx bağlıdır.

"Artıq çəkini, siqareti və alkoqollu içkiləri atanlar, daha sağlam həyat tərzi keçirənlər xoruldamaqdan da xilas olurlar, - deyir Dilkes.