Ağ Ev: "Rusiyanın Suriyadakı kimyəvi hücumu gizlətməkdə əli var"

Suriya Fotonun müəllifi Getty Images
Image caption İdlib vilayətindəki Xan Şeyxun qəsəbəsinə hücum nəticəsində 89 nəfər ölüb

Rusiya hakimiyyətinin Suriyanın İdlib vilayətində baş vermiş kimyəvi hücumun nəticələrini gizlətməkdə əli var, Ağ Evin açıqlanmış məxfi hesabatında deyilir.

Amerika kəşfiyyatı və digər mənbələrin məlumatına görə, Suriyanın hökumət ordusu həmyerlilərinin üstünə zarin ilə zənginləşdirilmiş bombalarla zərbə endirib, sənəddə bildirilir.

Ağ Ev hesab edir ki, Rusiya və Suriya dezinformasiya kampaniyası apararaq dünya ictimaiyyətini çaşdırmağa cəhd edib.

Moskva "çoxsaylı, bir-birinə zidd bəyanatlar yayır ki, dünya ictimaiyyəti çaşsın", məruzədə deyilir.

Eyni zamanda nə məruzədə, nə də Amerika məmurlarının çıxışlarında Rusiyanın İdlib vilayətindəki kimyəvi hücum barədə əvvəlcədən məlumatlı olub-olmaması barədə suallara cavab yoxdur.

Məruzənin bir hissəsi Rusiyanın "Suriya ordusunun üsyançıların kimyəvi silah anbarını bombalaması barədə" verdiyi bəyanatları təkzib etməyə həsr olunub.

Sənəddə peyklərdən olan video və təsvirlərə istinad edilir. Bu görüntülərdə bombaların binalara deyil, yollara atıldığını müşahidə etmək olar.

Fotonun müəllifi Reuters
Image caption Qərb qüvvələri Suriya hakimiyyətini ittiham etsə də, onlar bu deyilənləri təkzib edir

İdlib vilayətindəki Xan Şeyxun qəsəbəsinə hava hücumu 2017-ci il aprelin əvvəllərində baş verib. Zərbələr nəticəsində 89 nəfər ölüb.

Videoyazılarda görünür ki, insanlarda zəhərlənmə əlamətləri müşahidə olunur. Suriya kimyəvi silahdan istifadə etdiyini inkar edir.

Aprelin 7-də ABŞ Xan Şeyxuna hücum edən təyyarələrin qalxdığı Suriya aviabazası "Şeyrat"-a raket zərbələri endirib.

ABŞ zərbələrin kimyəvi hücuma cavab olduğunu bildirib. Qərb qüvvələri kimyəvi hücuma görə Suriya prezidenti Bəşər Əsədi cavabdeh sayır.

Vladimir Putin isə aprelin 11-də bəyan edib ki, İdlibdə baş vermiş kimyəvi hücumla bağlı Rusiya və Suriyanın ünvanına ittihamlar eşitmək onun üçün "darıxdırıcıdır".

Bu barədə daha geniş