Britaniya mətbuatı: Türkiyə Əsədin "kimyəvi silah" işlətdiyini sübut edib

Fotonun müəllifi AFP

Türkiyə Əsədin "kimyəvi silah" işlətdiyini sübut edib

"The Guardian" yazır ki, Türkiyənin səhiyyə naziri Suriyanın Xan Şeyxun məntəqəsində kimyəvi hücuma məruz qalanların qan və sidik nümunələrindən zarin qazı izlərinin aşkar olunduğunu bəyan edib.

Nazir bu nəticəni bu məntəqəyə kimyəvi silahla hücum edildiyinin "konkret sübutu" adlandırıb.

Bundan əvvəl, ötən həftə baş vermiş qətliam yerini araşdıran həkimlər və humanitar yardım işçiləri də yaralıları müayinə etdikdən sonra onlara qarşı zarin və bir də əsəbləri iflic edən xlorin qazından istifadə olduğunu bildirmişdilər.

ABŞ Bəşər Əsəd rejimi tərəfindən törədildiyi deyilən kimyəvi hücumun ardınca Suriyadakı hökumət qüvvələrinin hərbi bazasına raket zərbələri endirib.

Sözü gedən kimyəvi hücum qurbanlarının çoxu Suriyada zəruri müalicə müəssisləri olmadığından Türkiyəyə aparılmışdı. Burada keçirilmiş qan və sidik analizləri 80 nəfərin ölümünə hansı kimyəvi zəhərlərin səbəb olduğuna aydınlıq gətirib.

Türkiyənin səhiyyə naziri Recep Akdağ deyib ki, qan və sidik nümunələrində izopropil metil-fosfon turşusu (isopropyl methylphosphonic acid) aşkar olunub. Kimyəvi silahlarda istifadə edilən zarin qazı parçalanarkən məhz bu mürəkkəb maddəyə çevrilir.

Kimyəvi hücumdan sonra Türkiyəyə 30 pasient gətirilib və onlardan bəziləri burada vəfat edib.

"The Guardian" yazır ki, hücum qurbanlarının Türkiyədə keçirilmiş autopsiyasında Dünya Səhiyyə Təşkilatının nümayəndələri də iştirak ediblər. Onlar hücum zamanı zarin qazından istifadə olunduğunu təsdiq ediblər.

Məqalədə deyilir ki, Türkiyədə keçirilmiş analizlərin cavabları heç şübhəsiz Əsəd rejimini ittiham edən Qərb dövlətlərinin hiddətini daha da artıracaq.

Bundan əvvəl ABŞ dövlət katibi Rex Tillerson da Xan Şeyxunda zarin qazından istifadə olunduğuna dair "çox güclü inamın" mövcudluğunu bəyan etmişdi.

O, həmçinin, deyib ki, bu qazın Əsəd qüvvələri tərəfindən işlədildiyinə də şübhə yoxdur.

Suriya münaqişəsində Əsəd rejimini dəstəkləyən Rusiya isə iddia edir ki, guya zəhərli qazlar hökumət qüvvələrinin zərbəsinə məruz qalmış qiyamçı silah anbarlarından sızıb.

"The Guardian" qəzetinin müxbiri kimyəvi hücuma məruz qalan ərazidə olub və Rusiyanın iddialarını təsdiq edən heç bir dəlil tapmadığını yazıb.

Burada atılıb qalmış anbarda isə yalnız boş silos quyuları vardı.

Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı mətbuat konfransında bildirib ki, Qərb və Türkiyənin Suriya hökumətini İdlibdə dinc sakinlərə qarşı zarin qazından istifadədə ittiham etməsi, onun yadına Səddam Hüseynin kütləvi qırğın silahları anbarına malik olması barədə iddiaları salıb.

O deyib ki, 2003-cü ildə ABŞ-ın BMT-dəki səfirləri İraqda tapıldığı iddia edilən nümunələri göstərirdilər.

"Biz bütün bunları görə-görə gəlmişik" - deyib Putin.

"The Guardian" yazır ki, bu kimyəvi hücum ABŞ-ın Suriyaya dair siyasətini dəyişdirib. Bundan əvvəlki administrasiya Əsəd rejiminə qarşı hərbi müdaxiləyə əl atılmasını istəmirdi.

Lakin aprelin 7-də ABŞ Suriyaya 59 Tomahawk raketi ilə zərbə endirib.

ABŞ rəsmiləri bildirirlər ki, onlar Əsəd hakimiyyətdə olduqca münaqişənin siyasi həllini görmürlər.

Fotonun müəllifi Getty Images

Dünyanın "ən cəllad" ölkəsi Çindir

"The Sun" qəzeti yazır ki, Amnesty International təşkilatının yeni hesabatına görə, Çin edamların sayı baxımından dünyada birinci yeri tutur. Onun ardınca İran və Pakistan gəlir.

Məqalədə deyilir ki, hər il dünya hakimiyyətləri minlərlə insan barəsində ölüm hökmü icra edirlər.

Hesabatda qeyd olunur ki, Çində edam olunanların sayı barədə dəqiq məlumat yoxdur, çünki bu rəqəm dövlət sirri sayılır.

2016-cı ilin edamlara dair hesabatında deyilir ki, Çinin ardınca İran, Səudiyyə Ərəbistanı, İraq və Pakistan dünyada ölüm cəzasının ən çox icra edildiyi ölkələrin ilk beşliyinə daxildirlər.

ABŞ 2006-cı ildən bəri ilk dəfə olaraq bu beşlikdən çıxıb.

Buna baxmayaraq Amnesty bildirir ki, Çini çıxmaq şərtilə dünya boyunca 2016-cı ildə icra edilmiş edamlar 37 faiz azalıb.

2016-cı ildə 1032 nəfər edam edilib, halbuki 2015-ci ildə bu rəqəm 1634 idi.

Bu onu göstərir ki, başqa dünya ölkələri edam cəzasından uşaqlaşdıqca, Çin ən yüksək cəza növünə getdikcə daha çox əl atır.

Amnesty International təşkilatının baş katibi Salil Shetty deyir ki, Çin dünyada çox sahələrdə lider olmağa can atır, lakin o edamların sayına görə hər il liderliyini təzələyir.

Buna baxmayaraq keçmişlə müqayisədə Çində də edamların sayı azalıb.

San Francisco-da mənzillənmiş Dui Hua insan haqları təşkilatının məlumatına görə, Çində ötən il 2 min insan edam edilib. Bu rəqəm 10 il əvvəl təxminən 6500 idi.

Ekspertlər deyirlər ki, Çində edamların azalması beynəlxalq birliyin tənqid və təzyiqləri altında baş verib.

Çin habelə edam olunmuş şəxslərin orqanlarının xaricdəki pasientlərə satılmasına görə kəskin tənqid olunur.

Pekin bu praktikanı rəsmən 2015-ci ildə ləğv edib, lakin Amnesty International təşkilatının Şərqi Asiya direktoru Nicholas Bequelin deyir ki, bu praktikaya son qoyulub-qoyulmadığını dəqiqləşdirmək mümkün deyil.

Dui Hua təşkilatının icraçı direktoru John Kamm bildirir ki, edamların sayı Çin üçün milli rüsvayçılıq mənbəyi olaraq qalır.

2016-cı ildə İranda 567, Səudiyyədə 154, İraqda 88, Pkaistanda 87, Misirdə 44, ABŞ-da 20, Somalidə 14, Banqladeşdə 10, Malayziyada 9 edam olub.

Fotonun müəllifi Getty Images

İnsanı "normallıqdan çıxaran" 7 cəhət

"The İndependent" yazır ki, normal insan olmaq asan iş deyil.

Məqalədə deyilir ki, "biz, 7 milyard insan bu dünyada qaynaşırıq və hamının bir-birinə uyğunlaşması çox çətin məsələdir".

Lakin AsapScience YouTube kanalından olan "dahilər" dünya əhalisi arasında əksəriyyətlə müqayisə olunmaq üçün 7 göstəricini müəyyən ediblər.

1. Dilinizi ağzınızın içində boru kimi yuvarlaq edə bilirsinizmi?

Müəlliflər iddia edirlər ki, siz bunu bacarmırsınızsa, deməli qətiyyən normal deyilsiniz. Maraqlıdır ki, dünyadakı insanların 65 faizlə 85 faizi arası bunu edə bilir.

"Əhsən belə hünərə" - yazır "The İndependent".

2. Qırmızı tükünüz varmı?

Əgər qırmızı tükünüz varsa, siz dünyanın 7 milyardlıq əhalisinin 0, 5 faizini təşkil edən çox kiçicik qrupa daxilsiniz.

3 . Ağıl dişiniz varmı?

Əgər hələ də ağıl dişiniz qalırsa, siz yenə də azlıqdasınız. Dünya əhalisinin 65 faizinin ağıl dişi çıxarılıb.

4. Solaxaysınızmı?

LiveScience saytının məlumatına görə, dünya əhalisinin yalnız 15 faizi solaxaydır.

5. Evlisinizmi?

"Əgər evli deyisinizsə, - yazır qəzet, - deməli bir o qədər də normal deyilsiniz. Çünki bu dünyada hər beş yetkin yaşda olan insandan dördü evlidir.

6. Fevral ayında doğulmamısınız ki?

Məqalədə deyilir ki, fevral dünyaya gəlmək üçün çox da populyar ay deyil. Bəşər övladının böyük əksəriyyəti avqust və sentyabr aylarında doğulur.

7. Süd içirsinizmi?

Bir stəkan südü sonradan əziyyət çəkməmək şərtilə içə bilirsinizmi? Əgər bilirsinizsə, "anormalsınız". Dünya əhalisinin 75 faizi laktoza dözümsüzdür. Adi dillə desək, orqanizmləri südü qəbul etmir.