Britaniya mətbuatı: Qadınlarda "sonsuzluğu müalicə edən pəhriz" varmı?

Fotonun müəllifi Alex Wong
Image caption Trump-ın hazırda Deutsche Bank-la iki böyük krediti və iki ipoteka krediti var

Prezident Trump-ın da ödənməmiş ipotekası varmış

"The Guardian" yazır ki, ABŞ senatorlarından biri Almaniyanın ən böyük bankından Donald Trump-ın ödənməmiş kreditlərinə dair təfərrüatların açıqlanmasını tələb edib.

Senator Chris Van Hollen Deutsche Bank-a yazdığı məktubda prezidentin ödənməmiş çoxmilyonluq kreditlərindən ona təzyiq göstərilməsi üçün istifadə edilməyəcəyi barədə zəmanət tələb edib.

Demokrat senator habelə Almaniya bankından Trump-ın kredit üzrə borclarının təkrar strukturlaşdırılması və ya borcların "xarici vahidlərə" satılıb-satılmadığı barədə məlumatların da açıqlanmasını istəyib.

"The Guardian" Wall Street Journal qəzetinə istinadən yazır ki, Trump-ın hazırda Deutsche Bank-la iki böyük krediti və iki ipoteka krediti var və Trump bu kreditlər üzrə 340 milyon dollar borcludur.

Van Hollen Senatın bank işi komitəsinin üzvüdür. O deyir ki, Deutsche və Trump arasında mümkün maraqlar toqquşmasından, habelə bankın özünə dair aparılan bir neçə araşdırmanı, onun müştərisinin ABŞ prezidenti olmasının necə təsirləndirə biləcəyindən narahatdır.

Senator Deutsche Bank-ın Amerika filialının rəhbəri Bill Woodley-ə yazdığı məktubda xəbərdarlıq edir ki, bank özünə aid təhqiqat araşdırmaları əsnasında prezidentin onun müştərisi olması faktından heç bir şəkildə sui-istifadə etməməlidir.

O həmçinin Deutsche Bank-a xəbərdarlıq edib ki, bank maraq toqquşmalarına aid məsələlərin araşdırmadan gizlədilməsi üçün cənab Trump-a şərait yaratmamalıdır.

Deutsche Bank isə bildirib ki, o Trump-ın maliyyə işləri barədə, ümumiyyətlə heç bir şərh vermək niyyətində deyil.

"The Guardian" yazır ki, onda olan məlumata görə hazırda ABŞ-ın Maliyyə Nazirliyi Deutsche Bank-ın Rusiyadan gələn çirkli pulların yuyulmasında iddia olunan rolunu araşdırır.

Van Hollen və Konqresin başqa bir tanınmış demokrat üzvü, xanım Maxine Waters ABŞ-ın baş prokuroru Jeff Sessions-ın bankın Ağ Evlə əlaqələrinin araşdırılmasına tərəfsiz prokuror nəzarəti təşkil edəcəyinə əmin olmadıqlarını ifadə ediblər.

Van Hollen deyib ki, Sessions onun Deutsche Bank-la bağlı bundan əvvəlki məktubuna cavab verməyib.

Bu arada FTB Trump-ın seçki kampaniyası komandası ilə Rusiya rəsmiləri arasında mümkün əlaqələrin araşdırılmasını davam etdirir.

Almaniya bankına gəlincə isə, yanvar ayında Maliyyə Xidmətləri İdarəsinin New York filialı onu 10 milyard dollar çirkli Rusiya pullarının yuyulmasının qarşısını almadığına görə 435 milyon dollar cərimə edib. "Güzgü ticarəti" adlanan bu sxem Moskvadan idarə olunurdu.

Ötən mart ayında Deutsche Bank-ın Rusiyadan gələn çirkli pulların yuyulmasında rolu barədə ikinci qalmaqal qalxıb.

Almaniya bankı bir neçə başqa banklarla birlikdə Rusiyadan gələn 20 milyard dollarlıq çirkli pulun təmizlənməsində iştirak edib. "Qlobal Laundromat" (Qlobal Camaşırxana) adlanan bu sxem 2010-2014-cü illərdə fəaliyyətdə olub.

"The Guardian" yazır ki, hələ fevral ayında Trump ailəsinin bir neçə üzvünün Deutsche Bank-ın müştərisi olduğu üzə çıxmışdı. Bunlar prezidentin qızı İvanka, onun əri Jared Kushner və Kushnerin anası Seryl Stadtmauer-dir.

Van Hollen deyib ki, həm də prezidentin müşaviri olan Kushner bu bankdan milyonlarla dollarlıq kredit alıbmış.

Deutsche Bank-ın özü bu yaxınlarda bir neçə araşdırmaya başlayıb. Burada Trump-a çox şübhəli şəraitdə verilmiş kreditlərin Rusiya ilə mümkün əlaqələri araşdırılır. Banka yaxın mənbələr heç bir əlaqənin olmadığını bildiriblər.

Lakin öz məktubunda Van Hollen məhz bu məsələyə dair daxili araşdırmanın sənədlərini görmək istədiyini yazır.

Prezidentin maşınına yol verməyən "vətən xaini" olur?

Fotonun müəllifi AFP
Image caption Zambiya müxalifətinin lideri Hakainde Hichilema prezidentin maşın karvanına yol vermədiyinə görə vətənə xəyanətdə ittiham edilib

"The Telegraph" yazır ki, Zambiya müxalifətinin lideri ötən həftəsonu ölkənin rayonlarından birində prezident Edgar Lungu-nun maşın karvanına yol vermədiyinə görə vətənə xəyanətdə ittiham edilib.

Müxalifət lideri Hakainde Hichilema-nın maşın karvanı prezident kortejinin keçməsinə yol verməmişdi. Onların hər ikisi milli mərasimdə iştirak edirdilər.

Ölkə paytaxtı Lusakada oturan baş polis inspektoru Kakoma Kanganja deyib ki, müxalifət lideri Limulunqa yolunda prezident karvanına yol vermək barədə polisin əmrinə tabe olmamaqla prezidentin həyatı üçün təhlükə yaradıb.

"Mən deməliyəm ki, müxalifət liderinin hərəkətləri düşüncəsiz, məsuliyyətsiz və kriminal olub" - Zambiyanın baş polis zabiti deyib.

Polis rəhbəri bunu da vurğulayıb ki, "ölkədə anarxiya yaratmaq istəyənlərin hamısı həbs və məhkum ediləcək".

"The Telegraph" xəbər verir ki, polis çərşənbə axşamının sübh saatlarında müxalifət liderinin Lusaka ətrafındakı evinə gözyaşardıcı qazla hücum etdikdən sonra cənab Hichilema-nı həbs edib.

Milli Tərəqqi Uğrunda Vahid Partiyanın lideri, Lungu-nu prezident kimi tanımaqdan imtina edir və ötən avqustda onun qələbə çaldığı seçkinin nəticələrini tanımayıb.

Cənab Hichilema özünün Facebook səhifəsində yazır ki, "biz bütün gecəni gözyaşardıcı qazla çarpışaraq axırda təslim olduq".

"Biz qandallanmağa razılaşarkən polisə bildirdik ki, bunu vətən naminə edirik. Biz özümüzü iztirab çəkən kütlələr naminə təslim edirik" - müxalifət lideri yazıb.

Hichilema bir daha təkrar edib ki, cənab Lungu-nun Vətənpərvər Cəbhə Partiyası seçkini saxtalaşdırıb.

Vətənə xəyanət cəzası üçün Zambiyada ən azı 15 il iş verirlər.

Xüsusilə ağır hallarda ölüm cəzası də verilə bilər.

Pəhriz uşağa qalmaqda necə kömək edə bilər?

Fotonun müəllifi AFP
Image caption Ekspertlər həmçinin bu qənaətdədirlər ki, PYS olan qadınlar gündə üç dəfə yeməlidirlər

"The İndependent" qəzeti yazır ki, Polikistoz Yumurtalıqlar Sindromu (PYS) - (Polycystic Ovary Syndrome - PCOS) hər on qadından birinin uşağa qalmasında əngəl yaradır.

Bu xəstəlik təkcə sonsuzluğa səbəb olmur, həm də hirsutizm (kişilər kimi tüklənmə), ziyillənmə, kökəlmə kimi simptomlar yaradır. Bu isə ürək qüsurları və diabet kimi xəstəliklərə tutulma riskini yüksəldir.

Buna baxmayaraq alimlər PYS-nin yaranma səbəblərini hələ də tam bilmirlər.

Bu sindrom yumurtalıqlarda natamam kisəciklərin yaranması, aybaşıların nizamsızlığı və ya itməsi və testosteron hormonunun normanı aşması ilə müşayiət olunur.

Bu pozuntularla bağlı qadının orqanizmində insulinə müqavimət yarana bilər. İnsulin hormonu isə qanda şəkərin parçalanmasını təmin edən əsas komponentdir və onun işindəki pozuntu diabet xəstəliyinə yol açır.

Bununla belə, insanın həyatını mənfiyə doğru dəyişən bu hal çox az öyrənilib. Bəlli olan budur ki, qadınların təxminən dörddə üçü bu sindroma malik olduğindan xəbərsizdir.

Məqalədə deyilir ki, simptomlar qadından-qadına fərqlənsə də, onlaırn müalicəsində sağlam pəhriz və çəkiyə nəzarət böyük rol oynaya bilər.

Lakin bu sağlam pəhrizin özünün nədən ibarət olduğu indiyədək çoxsaylı suallar yaradıb. Bəziləri bunun veqan dieti olduğunu deyirlər. Yəni söhbət aşağı doymuşluğu olan yağlar və yüksək vitaminlərlərlə zəngin qidalardan gedir. Bəziləri isə deyirlər ki, PYS-li qadınlar karbohidratların qəbulunu ümumiyyətlə dayandırmalıdırlar.

Amma ekspertlərin fikrincə PYS üçün pəhriz olduqca sadədir.

Buna "sağlam pəhriz" də demək olar. Bol meyvə-tərəvəz, yağsız ətlər, aşağı yağlılıqlı və aşağı şəkərli qida və içkilər...

Ekspertlər həmçinin bu qənaətdədirlər ki, PYS olan qadınlar gündə üç dəfə yeməlidirlər. Arada kalorisi çox aşağı olan qəlyanaltılar da ola bilər.

Ekspertlərin fikrincə Gİ dietlər - yəni qlikemik indeksli və ya şəkərinə nəzaərət olunan pəhrizlər PYS simptomlarının azaldılmasında müstəsna rol oynaya bilər. Beləki Gİ pəhrizlər orqanizmin insulinə reaksiyasını artırır.

Ekspetlər bunu belə izah edirlər: PYS-dən əzab çəkən qadınlarda orqanizm insulinə müqavimətli olur. Bu isə orqanizmdəki insulinin çoxluğuna gətirib çıxarır. İnsulin isə testosteronun səviyyəsini qaldırır və beləliklə, ziyillənmə və tüklənmə kimi simptomlara yol açır.

Bu mənada glikemik indeksi yüksək olan xəmir qidalardan və kartofdansa, qara düyü, yağsız ət və balıqla qidalanmaq daha faydalıdır.

Ekspertlər sürətlə arıqladan qidalardan da çəkinməyi tövsiyə edirlər. Başlıca məqsəd şəkərin miqdarını nəzarətdə saxlamaqdır. Odur ki, əslində qadağan olunan qidalar yox, limiti olan qidalar var.

Hər şeydə olduğu kimi yeməkdə də əndazəni gözləmək lazımdır.

Bir sıra ekspertlər bildirirlər ki, qadınlar qanda insulinin miqdarına nəzarətə kömək edən tibbi vasitələrdən, preparatlardan da faydalana bilərlər. Lakin bu, həkim məsləhəti ilə edilməlidir.