Britaniya mətbuatı: Avropada Pasxa: Dirilən İsa, qaçan Məryəm və üç metrlik qayğanaq

Fotonun müəllifi Thinkstock

Kanada çətənəni leqallaşdırır

"The Guardian" yazır ki, Kanada hökuməti "çətənənin qeyri-müntəzəm istehlakını" tənzimləyən qanunun 2018-ci ilin iyulunadək qəbul olunacağını bəyan edib.

Məqalədə deyilir ki, "qəbulu çoxdan gözlənilən bu qanunla" Kanada narkotik maddə olan çətənədən istifadəyə tam icazə verən ilk G7 üzvü olacaq.

Kanadanın liberal hökuməti 90 illik qadağanın ləğvini nəzərdə tutan iki qanun layihəsi təqdim etmişdi.

Hökumət bildirirdi ki, onilliklərlə davam edən qadağaya baxmayaraq gənclərin 30 faizi də daxil olmaqla kanadalılar bütün dünyada çətənədən ən çox istifadə edən əhali sayılır.

Qanun Avropada marixuana kimi tanınan kənaf və ya çətənə bitkisi yarpaqlarının çəkilməsini leqallaşdırmaq, ciddi tənzimləmək və onun əldə olunmasını məhdudlaşdırmaq məqsədi güdür.

Qanun leqallaşdırmanın məsuliyyətini federal və yerli hökumətlərin arasında bölüşdürür.

Məsələn Ottava çətənənin istehsalına, lisenziyalaşdırmaya və ölkənin marixuana ilə təhlükəsiz təchizatına cavabdehdir.

Çətənənin pərakəndə satışı əyalətlərin hökumətlərinə həvalə olunur.

Federal hökumətin qərarına görə, çətənədən istifadə üçün minimum yaş həddi olaraq 18 yaş nəzərdə tutulur.

Satışa əvvəlcə qururdulmuş və yaşıl çətənə, daha sonra çətənə yağı buraxılacaq, bunun ardınca isə çətənəli qidalara icazə veriləcək. Marixuanadan tibbi məqsədlərlə istifadə Kanadada bundan əvvəl də qadağan deyildi.

Çətənənin marketinqi və reklamı sərt qaydalarla həyata keçiriləcək. Məsələn içərisində çətənə olan qutuların sadə və şəkilsiz olması nəzərdə tutulur.

Kənafın gənclər arasında reklamı ciddi qadağan edilir.

Çətənəni özü əkmək istəyənlərə yalnız dörd şitil yetişdirmək icazəsi veriləcək.

Kanadalıların üstlərində 30 qramadək quru çətənə gəzdirməsinə icazə veriləcək.

Hələlik çətənəyə hansı prinsiplərlə və nə qədər qiymət qoyulacağı açıqlanmayıb.

2013-cü ildə hakimiyyətə gələndən bəri baş nazir Justin Trudeau belə bir mülahizə yürüdürdü ki, leqallaşdırma çətənə çəkmək adətinin uşaqlar arasında yayılmasını azaldacaq və onu kriminal elementlərin inhisarından çıxaracaq.

18 yaşından aşağı uşaqların üstündən 5 qramdan az çətənə tapılması onları cinayət məsuliyyətindən azad edəcək.

"The Guardian" yazır ki, qanunun qəbulu uzun yol keçəcək və hökumət onun təfərrüatlarını senat və parlament komitələri ilə müzakirə etməli olacaq.

Bəzi təhlilçilərin fikrincə, bu münvalla leqallaşdırma yalnız 2019-cu ildə baş verəcək.

Çətənənin leqallaşdırılmasının ölkəyə ildə 5 milyardla 7 milyard Kanada dolları arasında mənfəət gətirəcəyi gözlənilsə də, ölkə qanunun qəbul edilməsinə münasibətdə ikiyə bölünüb.

Əyalət nazirlərindən bəziləri qanunun icrası mexanizmlərindən narahatdırlar. Məsələn, çətənənin təsiri altında olan sürücülər barədə nə kimi ölçülər götürüləcəyi hələlik tam aydın deyil.

Çətənənin leqallaşdırılması Kanada və ABŞ arasında da müəyyən ziddiyət yarada bilər. ABŞ-ın 8 ştatında çətənədən istifadənin leqallaşdırılması prosesinə başlansa da, Trump administrasiyası Ədliyyə Nazirliyinə ondan istifadənin məhdudlaşdırılması üçün tədbirlər hazırlamağı tapşırıb.

Əgər Kanada-ABŞ sərhədindən hər gün 400 min insanın keçdiyi nəzərə alınarsa, bu, o qədər də sadə məsələ deyil.

Fotonun müəllifi PA

Britaniya naziri müxalifəti "mərdüməzar" adlandırıb

"The Telegraph" qəzeti isə yazır ki, Britaniya hökuməti pivə barlarının bağçalarında və şüşəbəndlərində siqaretin qadağanı barədə London meriyasının təklifini rədd edib.

Britaniya pablarında və barlarda siqaret çəkmək çoxdan qadağandır, amma bu barların həyətlərində və bağçalarında zərərli adətlə sərbəst məşğul olmaq mümkündür.

Britaniya nazirlərindən Marcus Jones hiddətlə bəyan edib ki, onsuz da siqaret qadağasından sonra barların müştərisiz qalaraq bağlanması kütləvi şəkildə davam edir və indiki təklif pabların ümumiyyətlə kökünü kəsə bilər.

Nazir təklifi verən müxalif leyboristlərini "mərdüməzar" adlandırıb.

Fotonun müəllifi Hobbycraft/john Lewis/ Marks and Spencers

Pasxanın qəribə adətləri

"The İndependent" qəzeti katoliklərin dörd gün davam edəcək Pasxa bayramına, aprelin 14-də- Mübarək cümə günündə start verib.

Məqalədə dünyanın müxtəlif ölkələrində yer alan ən qəribə Pasxa mərasimlərindən söz açılır.

Filippində könüllü çarmıxa gərilmə

Mübarək cümə günündə Filippin katolikləri İsa peyğəmbərin çarmıxa çəkilməsinin teatrlaşdırılmış mərasimini keçirirlər. Mömin katoliklər özlərini şallaqlayır və nəhəng taxta xaçları bellərində daşıyırlar. Amma mərasim özünün kulminasiyasına azı üç mömin könüllünün mismarlanaraq çarmıxa çəkilməsi ilə çatır. Kilsə belə şəbih tamaşalarına müsbət yanaşmır, ölkənin Səhiyyə Nazirliyi isə möminləri özlərini çarmıxa çəkərkən steril mismarlardan istifadəyə və tetanusdan peyvənd olunmağa çağırır.

Yeni Zelandiyada dovşan qırğını

Bütün dünyada toppuş dovşanlar baharın müjdəçisi kimi əzizlənsə də, Yeni Zelandiyanın Mərkəzi Otaqo rayonunda onları əkinlərin ziyanvericisi hesab edirlər. Məhz buna görədir ki, əsası 26 il əvvəl qoyulmuş mərasimdə ovçulara 24 saat ərzində dovşan ovlamaq icazəsi verilir. Təbiidir ki, yarışın qalibi daha çox dovşan öldürmüş ovçu sayılır. Hazırkı rekord 23 min öldürülmüş dovşandır.

Korfuda saxsı qabların sındırılması

Yunanıstanın Korfu adasında Pasxa şənbəsinin kilsə zəngləri çalınan kimi sakinlər əllərinə düşən saxsı qabları balkonlarından küçəyə vızıldadırlar. Onların inamına görə, bu qabları ölümün başına çırpırlar. Deyilənlərə görə, korfulular bu adəti Yeni il gecəsində evlərindəki köhnə əşyaları pəncərədən küçəyə atan venesiyalılardan götürüblər.

Xiosda "kilsələrarası raket zərbələri"

Yunanıstanın başqa bir adası - Xiosda Pasxa gecəsi iki kilsə bir-birilə əsl "raket zərbəsi" mübadiləsinə başlayır. "Raket müharibəsi" və ya yerli dildə "rouketopolemos" Müqəddəs Mark və Panagiya Ereytani kilsələri arasında baş verir. Dindarlar bir-birindən 400 metr aralıda olan kilsələrdən fişəng atırlar. Ertəsi gün səhər kilsələrin zənglərindəki fişəng izləri hesablanır. Zənginə daha çox fişəng dəymiş kilsə təbii ki, məğlub elan edilir.

İtaliyada Bakirə Məryəmin qaçışı

La Madonna Che Scappa və ya "Qaçağan Madonna" tamaşası Pasxa bazar günü Sulmonada başlanır. Adamlar Dirilmiş İsanın, müqəddəslər İoan və Pyotrun fiqurlarını yürüş edərək San Filipo kilsəsinə daşıyır və burada "dirilmə" müjdəsini lorettalı Məryəmə çatdırırlar. Bu xəbəri eşidən Məryəm əvvəlcə sakitcə kilsədən çıxır, sonra isə sürətlə "oğluna" tərəf qaçır. İştirakçılar bu anı alqışlar və fişənglərlə salamlayırlar.

Fransada nəhəng qayğanaq

Fransada Ho qəsəbəsinin qədim ənənəsinə görə burada hər il Mübarək bazar ertəsində bütün min nəfərlik əhalini doyuracaq nəhəng qayğanaq bişirilir. Bunun üçün qəsəbə aşpazları 5 min yumurtadan, 50 kiloluq qaxac olunmuş doniz əti didməsindən, soğan və sarımsaqdan eni 3 metrə çatan qayğanaq bişirirlər. Bu ənənənin cəmi 30 yaşı olsa da, bəzi ağsaqqallar onu tarixi hadisə ilə bağlayırlar. Guya Napoleon bu yerlərə gələndə qoşunu üçün nəhəng qayğanağın bişirilməsini əmr edibmiş.

Əlaqəli mövzular