Britaniya mətbuatı: Məhəbbətin dərmanı tapılıb?

Fotonun müəllifi iStock
Image caption Doktor Sanders deyir ki, elmi tədqiqatın hazırkı surətini nəzərə aldıqda "sevgi iksirinin" qarşıdan gələn on ildə hazır olacağını söyləmək olar.

Qarşılıqsız sevginin dərmanı tapılıb?

"The Metro" qəzeti yazır ki, səni sevməyən birisinə aşiq olmaq özünü odlara atmaq kimidir, amma bir alim deyəsən, bu dərdin də dərmanını tapmağa çox yaxınlaşıb.

Doktor Anders Sandberg Oxford Universitetində hesablama neyrobioluqudur və iddia edir ki, insanların aşiq olmaq xüsusiyyəti insan körpələrinin tamamilə köməksiz olması ilə bağlıdır.

O izah edir ki, məsələn, atın balası doğulan kimi dörd ayağı üstündə dayanır, amma insanın körpəsi tamamilə acizdir.

"Məhz buna görə də təkamül baxımından insanlar övladlarının sağ qalması naminə bir yerdə yaşamağa məcburdurlar, - deyib alim, - İki nəfərdən ibarət sistem oyunu da burdan qaynaqlanır".

Aşiq olmaq və ya vurulmaq sadəcə olaraq beynin dopamin sisteminin oksitosin və vazopressin maddələrini istehsal etməsi nəticəsində yaranır. Bu bir növ stimulyator, dopinq və ya coşdurucu qəbul etmək kimidir.

Buna görə də doktor Sandberg inanır ki, gələcəkdə sevgi iksirini hazırlamaq mümkün olacaq. Onun fikrincə buna oksitosin, vazopressin və CPH maddəsini (karboksipeptidaza) qarışdırmaqla nail olmaq mümkündür.

Bundan sonra bu qarışıq beynin lazımi nahiyəsini təsirləndirməlidir. Bu zaman beynin alın payında gedən təbii proses imitasiya olunacaq. Müəyyən bir kəslə birlikdə olmaq istəyimiz məhz burada formalaşır.

Doktor Sanders deyir ki, elmi tədqiqatın hazırkı surətini nəzərə aldıqda "sevgi iksirinin" qarşıdan gələn on ildə hazır olacağını söyləmək olar.

Lakin buradan belə bir ziddiyyət də ortaya çıxa bilər ki, sizi sevməyən bir adama sevgi iksiri içirtməyiniz hüquqi baxımdan zorlama kimi də qiymətləndirilə bilər.

Doktor Sanders deyir ki, o məsələyə əks tərəfdən baxır. O düşünür ki, bu iksir iki insan arasında münasibətlərin başlanğıcı üçün yox, əksinə, artıq mövcud olan birgəliyin davam etdirilməsi üçün daha çox lazımdır.

"Məsələn bir adamı əvvəlcə sevirsiniz, amma zaman geçdikcə bu məhəbbət öləziyə bilər, - deyir Sandberg, - Sevgi iksiri bizə ölməkdə olan məhəbbətimizi diriltmək üçün zəruridir".

Fotonun müəllifi ALEXANDER NEMENOV/AFP/Getty Images
Image caption Trump administrasiyasının baş katibi Rex Tillerson bu ay Rusiya xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putinlə görüşüb

Trump-ın Rusiya ilə əlaqələrinə dair sübutlar "konkretləşir"

"The Guardian" yazır ki, rəsmi təhqiqata əsasən Donald Trump-la Rusiya arasında iddia olunan əlaqələr barədə dəlillər artıq "daha konkret, daha spesifik və daha inandırıcıdır".

Məqalədə iddia edilir ki, yeni sübut "Trump kampaniyasının adamları ilə Rusiya casusları arasında hakerliklə əldə olunmuş materialdan istifadə məqsədilə müzakirələr olduğunu" təsdiq edir.

Bu da qeyd olunur ki, Rusiya kəşfiyyat əməliyyatçıları ilə Trump-ın kampaniya komandası arasında sözü gedən əlaqələr barədə ilkin məlumatları amerikalı həmkarlarına Britaniya agentləri ötürüblər.

"The Guardian" yazır ki, Britaniya və Avropa kəşfiyyat orqanları ABŞ prezidentinə yaxın adamlarla Rusiya rəsmiləri arasında olan şübhəli "təmasları" hələ 2015-ci ildə Rusiyanın cari müşahidəsi zamanı aşkar ediblər.

CNN telekanalının verdiyi məlumata görə Britaniyanın ən ali kəşfiyyat orqanı Hökumət Kommuniskasiyaları Baş Qərargahı və ya qısaca GCHQ də daxil olmaqla, kəşfiyyat orqanları məxsusi olaraq Trump komandasını hədəfləməslər də, cari iş çərçivəsində qeydə alınmış kommunikasiyalar şübhəli əlaqələr barədə fikir söyləməyə imkan verib.

"The Guardian" yazır ki, bu məlumatlar ABŞ-a "Beş göz" sazişi deyilən qurumun çərçivəsində ötürülüb. Qeyri-rəsmi adı "Beş göz" olan bu alyans yalnız ingilisdilli ölkələrdən - ABŞ, Birləşmiş Krallıq, Avstraliya, Yeni Zelandiya və Kanadadan ibarətdir.

Bir neçə ay ərzində eyni adamları hədəfləyən kəşfiyyat agentlikləri respublikaçıların daxili çevrəsi ilə Rusiya əməliyyatçıları arasındakı kommunikasiyalarda "sistemlilik" aşkar ediblər.

2016-cı ilin yayınadək olan 6 ay müddətində müxtəlif agentliklər məlumatları ABŞ kəşfiyyatına ötürsələr də, amerika xəfiyyələri lənglik göstəriblər.

"Belə görünür ki, ABŞ agentlikləri yatıbmışlar, - deyib bir mənbə "The Guardian" qəzetinə, - Avropa agentlikləri onlara deyirdilər: "cənab Trump-a yaxın adamlarla Rusiya kəşfiyyat agentlikləri arasında davamlı əlaqələr var. Siz buna diqqət yetirməlisiniz".

"Mesaj sadə idi: "Diqqətli olun. Burada nəsə xoşagəlməz şeylər baş verir".

GCHQ qurumunun bu təhqiqatda iştirakı müəyyən ziddiyyətlərə səbəb olub. Çünki prezidentin sözçüsü Sean Spicer bundan əvvəl "Britaniyanın casus agentliyini" Barack Obamanın göstərişi ilə Trump Tower binasına dinləmə qurğusu qoymaqda ittiham etmişdi.

Bu bəyanatı verərkən Spicer Fox News-da heç bir istinadsız verilən məlumata əsaslanmışdı.

Bunun ardınca GCHQ mediaya şərh verməmək adətinə xilaf olaraq bu ittihamların "cəfəngiyyat" olduğunu bəyan etmişdi.

Qurumun sözçüsü bildirdimişdi ki, "bu ittiham axmaqlıqdır və ona fikir verməyinə dəyməz".

Fotonun müəllifi Getty Images
Image caption Türkiyə prokurorluğunun araşdırdığı ABŞ siyasətçiləri və məmurları arasında Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri John Brennan da var.

Erdoğanın prokurorları indi də ABŞ siyasətçilərini araşdırırlar

"The İndependent" yazır ki, Türkiyədə böyük konstitusiya referendumunun ərəfəsində ölkə prokurorluğu ABŞ-ın 17 siyasətçisi, məmuru və aliminin ötən il baş vermiş çevriliş cəhdi ilə əlaqəsini araşdıran təhqiqata başlayıb.

Təhqiqatın subyektləri arasında Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri John Brennan, onun müavini David Cohen və Senatın demokrat azlığının lideri Chuck Schumer də var.

Bu rəsmilər prezident Recep Tayyip Erdoğanı devirməyə çalışan qruplarla işbirliyində ittiham olunurlar.

Barəsində təhqiqat aparılanlardan biri də keçmiş cənubi New York prokuroru Preet Bhararadır.

Türkiyə prokurorları həmçinin ABŞ-dakı Wilson Mərkəzinin Yaxın Şərq direktoru Henri Barkey-ni araşdırırlar.

İstanbulda yerləşən prokurorluq sözü gedən şəxslərin Türkiyəyə səfərlərini, buradakı görüşlərini, habelə onların ABŞ-da yaşayan Fethullah Gülenlə bağlarını araşdırır.

Türkiyə hökuməti ötən ilin iyulunda baş vermiş uğursuz çevriliş cəhdinin arxasında müsəlman vaiz Fethullah Gülenin durduğunu bildirir.

Hazırda prokurorluğun araşdırdığı 17 ABŞ vətəndaşı da cənab Gülenlə birlikdə bu çevrilişin planlaşdırılmasında ittiham olunur.

"The İndependent" qəzetinə telefonla müsahibə verən cənab Barkey deyib ki, sözü gedən 17 nəfərdən heç biri Fethullah Gülenlə əlaqədə olmayıb.

Politoloq bildirib ki, Erdoğan referendumda istədiyi nəticəni əldə etmək üçün anti-Qərb əhval-ruhiyyəsini qızışdırmaqda davam edir.

Bu gün keçirilən referendum Erdoğana məhdudiyyətsiz hakimiyyət səlahiyyətləri verə bilər.

"The İndependent" yazır ki, cənab Erdoğan çevriliş cəhdinin ardınca jurnalistləri və dissidentləri həbs etdirdikdən sonra Qərblə arası dəyib.

Bu barədə daha geniş