Britaniya mətbuatı: Yenidən "incəbelli" olmaq mümkündürmü?

Fotonun müəllifi MIGUEL MEDINA
Image caption Daxili işlər naziri Amber Rudd öz səlahiyyətlərindən istifadə edərək Əsma Əsədi vətəndaşlıqdan məhrum etməyə çağrılır

Bəşər Əsədin arvadı Britaniya pasportundan məhrum ola bilər

"The Guardian" yazır ki, Britaniyanın daxili işlər nazirinə Suriya prezidentinin arvadı Əsma Əsədin Britaniya vətəndaşlığından məhrum olunması məqsədilə çağırışlar edilib.

Buna səbəb Suriya birinci ledisinin sosial mediada Dəməşq rejimini müdafiə edən postlar yazması olub.

Müxalif Liberal Demokrat Partiyasının xarici işlər sözçüsü Tom Brake daxili işlər naziri Amber Rudd-u öz səlahiyyətlərindən istifadə edərək Əsma Əsədi vətəndaşlıqdan məhrum etməyə çağırıb.

Brake deyib ki, Suriyanın birinci ledisi fərdi şəxs kimi yox, Suriya prezidentinin sözçüsü kimi çıxışlar edir.

"Boris Johnson başqa ölkələri Suriya barədə tədbirlər görməyə çağırıb və Britaniya hökuməti Əsma Əsədə deyə bilər: Ya mövqeyindən istifadə etməklə barbar hərəkətlərin müdafiəsinə son qoy, ya da vətəndaşlıqdan çıxarılacaqsan" - deyib Brake.

Müxalifətçinin çağırışına hakim torilərdən, millət vəkili Nədim Zəhavi də qoşulub.

O deyib ki, xanım Əsəd özünü daha çox hərbi cinayətlər törədən rejimin təbliğat maşını kimi aparır.

Beləki Əsma Əsəd bütün dünyanın Suriyada dinc sakinlər üzərinə kimyəvi hücumu pislədiyi bir vaxtda ərinin müdafiəsinə qalxıb.

ABŞ Suriya rejiminə raket zərbələri endirdikdən sonra Əsma Əsədin sosial media hesablarında belə bir mesaj peyda olub: "Suriya Ərəb Respublikasının prezidentliyi bəyan edir ki, Amerikanın etdiyi məsuliyyətsizlikdir və onun uzaqgörən olmadığını, dünya baxışının darlığını, reallığı görə bilməyən siyasi və hərbi korluğunu və qızışdırıcı ucuz təbliğat dalıınca qaçdığını göstərir".

Əsma Əsəd Britaniyada təhsil alıb və 2000-ci ildə Əsədə ərə gedənədək Londonda investisiya bankiri kimi çalışırdı.

"The Guardian" yazır ki, Əsma Əsədin Britaniya vətəndaşlığından məhrum edilməsi onu "vətəndaşlığı olmayan şəxsə" çevirməyəcək, beləki onun ikili vətəndaşlığa malik olduğu düşünülür.

Britaniya vətəndaşlığından çıxmağa kütləvi axın var

Fotonun müəllifi Getty Images
Image caption İrlandiya Xarici İşlər Nazirliyi 2017-ci ilin birinci rübü ərzində Böyük Brityaniya və Şimali İrlandiyadan vətəndaşlıq üçün 51 min 79 müraciət ərizəsi alıb

Lakin "The İndependent" yazır ki, Britaniyada bu ölkənin vətəndaşlığından könüllü imtina etmək istəyənlərin sayı sürətlə artır.

Bunlar Britaniyanın Avropa İttifaqından çıxmaq qərarından - yəni Brexitdən narazı olaraq İrlandiya pasportları üçün müraciət edənlərdir.

Məqalədə deyilir ki, İrlandiya Xarici İşlər Nazirliyi 2017-ci ilin birinci rübü ərzində Böyük Brityaniya və Şimali İrlandiyadan vətəndaşlıq üçün 51 min 79 müraciət ərizəsi alıb.

Ötən ilin müvafiq dövründə belələrinin sayı 30 min 303 idi. Bu isə o deməkdir ki, Britaniyanı tərk edərək İrlandiya Respublikasına vətəndaş olmaq istəyənlərin sayı bir ildə 69 faiz artıb.

İrlandiya ümumilikdə bütün dünyadan həmin dövr ərzində 250 min pasport müraciəti alıb.

İrlaniya Respublikasının xarici işlər naziri Charlie Flanagan deyib ki, kütləvi müraciətlərin arxasındakı əsas faktor Brexit-dir.

Nazir güman edir ki, müraciət edənlərin arasında irland köklərinə malik olanlar da az deyil və onların böyük bir hissəsi Avropa İttifaqının vətəndaşları olaraq qalmaq istəyir.

O həmçinin deyib ki, ötən il 733 min adama İrlandiya pasportu verilib. Bu 2015-ci ildən bəri 42 faiz artım deməkidir.

Maraqlıdır ki, İrlandiya pasportu üçün müraciət edənlərin arasında 10-dan çox Britaniya millət vəkili də var.

Cənab Flanagan deyir ki, o Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasından narahatdır, çünki bu irlandlarla britaniyalılar arasında imzalanmış Mübarək Cümə sazişini təhlükə altında qoya bilər.

Bu sazişə əsasən Şimali İrlandiyanın 1, 8 milyonluq əhalisinin İrlandiya Respublikasının və Avropa İttifaqının vətəndaşı olmaq hüququ var.

"İncə beli" necə qaytarmalı?

Fotonun müəllifi Getty Images
Image caption İncə beli geri qaytarmaq mümkündür

"The Mirror" yazır ki, qolların altından sallanan dəri, insanın mütənasibliyini pozub onu eybəcər hala salan qarın və belin yanlarındakı piy qatları - bunların hamısı qocalmanın əlamətidir, təbii, amma heç də qarşısıalınmaz proses deyildir.

Artıq çəkidən azad olmaq üzrə amerikalı ekspert, doktor Neerav Padliya bildirir ki, bədənimizdəki dəyişiklikləri idarə etmək düşündüyümüzdən qat-qat asandır.

Ekspertin fikrincə, ən ümdəsi artıq çəkinin necə yaranması mexanizmini anlamaq və bununla mübarizəyə başlamaqdır.

Hormonlar belimizi "incəlikdən" necə çıxarır?

Artıq çəki yığmağın sadə elə elmi izahatı belədir ki, otuz yaşdan etibarən həm kişi, həm də qadınlarda hormonların səviyyəsi enir. Bu isə bədənimizdəki metabolizmi, yəni maddələr mübadiləsinin sürətini azaldır. Beləliklə, biz daha az enerji "yandırır", daha çox piy "anbarlayırıq".

Ekspertlər deyirlər ki, bu balansın pozulması 35-55 yaşlarından başlayaraq qadın və kişilərin bel-qurşaq hissəsinə hər il 500-900 qram çəki artırır.

Bu kişilər üçün nə deməkdir?

Kişilərin bədənini mütənasib saxlayan testosteron, yəni kişi hormonudur. Cavanlıqda bu hormon çox olduğuna görə bədən incə və əzələli olur.

Bu ona görə belə olur ki, kişi hormonu piyi tutub bədəndən xaric edir və buna görə də qurşaq hissədə artıq piy yığılmır. Bundan başqa testosteron əzələ tikintisi ilə məşğuldur, metabolizmi sürətləndirir və insulin həssaslığını saxlayaraq diabeti yaxın qoymur.

"Lakin kişilər yaşlandıqca, təxminən 30 yaşdan sonra testosteronun səviyyəsi təbii səbəblərlə hər il təxminən 1 faiz azalır" - deyir doktor Padliya.

Bütün bunlar kişinin orta hissəsinə piy yığır, bu isə eybəcərlik bir yana, həm də ürək xəstəliyinin və diabetin riskini artırır.

Bu qadınlar üçün nə deməkdir?

Fertil (münbit) yaşlarında olan qadının orqanizmində progesteron və ostrogen hormonlarının zərif balansı mövcuddur. Ostrogen piy toxumasının inkişafına cavabdehdir, lakin gənc yaşlarında progesteron hormonunun çox olması balansın pozulmasına imkan vermir.

35 yaşdan sonra hər iki hormonun səviyyəsi enir və menopauzaya gedən yol başlanır.

Doktor Padliya izah edir ki, progesteronun enmə sürəti daha yüksək olduğundan meydanı genişlənən ostrogen bel hissəsinə piyin yığılmasında daha fəal olur.

Hər iki cins üçün

Bu hormon azalması həm kişilədə, həm də qadınlarda əzələ kütləsinin azalmasına səbəb olur. Lakin bədəndə qlükozanın ən böyük istehlakçısı əzələ toxuması olduğundan ondan istifadə də azalır, "yeyilməmiş qalan qlükoza" bədənin bel hissəsində piy şəklində qalaqlanır. Əzələ toxumasının az alması həm də o deməkdir ki, orqanizm karbohidratları yaxşı emal edə bilmir və artıq çəki yaranır.

Bel-qurşaq hissədəki artıq çəki ilə mübarizənin 5 yolu

1. Daha çox protein və daha az karbohidrat qəbul edin

Protein əzələ tikintisi ilə məşğuldur. Odur ki, yaşlanma səbəbi ilə azalan əzələni əlavə proteinlə qidalandırın.

Necə: Hər bir yeməklə protein qəbul edin. Proteinin sağlam mənbələri bunlardır: qoz-fındıq, tumlar, ağartı və yağsız ət.

Karbohidratlardan imtina edin: Yəni ağ çörək və vermişel-makaronu az yeyin. Qara çörək daha yaxşıdır, çünki o qlükozanı yavaş-yavaş buraxır və artıq çəkiyə daha az xidmət edir.

2. Əzələlərinizi işlədin

Əzələniz çox olduqca, siz hətta idmansız da daha çox kalori yandıra bilirsiniz. Odur ki, yaşlandıqca, necə deyərlər, "fiziki müqavimət hərəkətləri" edin. Yəni hər halda bir azca idman hərəkətlərinə vaxt tapın.

Necə: Həftədə iki-üç dəfə ağırlıq qaldırma təmrinləri həm kişilər, həm də qadınlar üçün faydalıdır. Ağırlığı elə seçin ki, 12 dəfə qaldırmaqla əzələniz yorulsun.

3. Stresdən xilas olun

Orta yaşlar həm də stres yaşlarıdır - uşaqlar, yaşlı valideynlər, iş-güc... Bu öz yerində, amma ekspertlər deyirlər ki, bədəninizin orta hissəsində yığılan artıq piy də stres hormonu kortizolun miqdarını artırır.

4. Ayağa qalxmaq üçün hər imkandan istifadə edin

Uzun müddətdə oturaq həyat tərzi lipoprotein lipaza adlanan fermentin miqdarını azaldır. Halbuki bu ferment bədənin orta hissəsini "əritməyə" xidmət edir. Ayaq üstdə durarkən biz oturduğumuz vaxtlardan iki dəfə çox kalori yandırırıq.

Necə: Sadəcə ayağa durmaq üçün bəhanə axtarın. İctimai nəqliyyatda gedərkən, telefonla danışarkən ayaq üstdə durmağa adət edin.

5. Yuxusuzluğun iştahanızı pozmasına yol verməyin

Bizim yuxu və yatmaq keyfiyyətimiz orta yaşlardan etibarən azalmağa başlayır. Az yatdıqca, iştaha artır və daha çox yemək istəyirik. Normal yatın ki, normal da qidalanasınız.

Əlaqəli mövzular