Britaniya mətbuatı: Türkiyənin dostları kədərlənməlidirlər, amma…

Fotonun müəllifi EPA

Trump Erdoğanı təbrik, Dövlət Departamenti isə tənqid edib

"The Guardian" yazır ki, Donald Trump Türkiyədə referendumun nəticələri elan edildikdən bir neçə saat sonra Recep Tayyip Erdoğana zəng edərək onu qələbə münasibətilə təbrik edib.

Bundan əvvəl, beynəlxalq müşahidəçilər Türkiyədə keçirilmiş referendum səsverməsində insanların təməl haqlarının pozulduğu barədə ilkin hesabatlar veriblər.

Erdoğanın referendumda qalib gəlməsi ona məhdudiyyətsiz hakimiyyət səlahiyyətləri verəcək.

"The Guardian" yazır ki, Trump-ın "qələbə təbriki" nəinki Avropa təsisatlarının referendum barədə ilkin rəyləri, hətta ABŞ-ın öz Dövlət Departamentinin bəyanatı ilə ziddiyyət təşkil edir.

ABŞ Dövlət Departamentinin hesabatında Erdoğana vətəndaşların təməl haqlarına hörmət göstərilməsi üçün çağırış edilir, təşviqat kampaniyası ərzində baş vermiş bir sıra pozuntulardan bəhs olunurdu.

Ağ Ev Trump-ın telefon söhbətinin mətnini açıqlayıb. Bu mətndən bəlli olur ki, Trump Erdoğanı təbrik etdikdən sonra, iki lider Suriyadakı vəziyyəti, ABŞ-ın Suriyaya raket zərbələrini müzakirə ediblər. Onlar belə bir məsələdə razılığa gəliblər ki, "Suriya prezidenti Bəşər Əsəddən məsuliyyət tələb edilməsi zəruridir".

Ağ Evdən verilmiş stenoqramın mətni bundan əvvəl Erdoğanın ofisindən Anadolu agentliyinə verilmiş məlumatla üst-üstə düşüb.

Ağ Evdə verilən gündəlik brifinq zamanı prezidentin sözçüsü Sean Spicer Dövlət Departamentinin hesabatını yada salmış və bildirmişdi ki, o, yekun hesabat hazırlananadək heç bir konkret fikir söyləyə bilməyəcək.

Avropa liderləri Türkiyə referendumunun ardınca bu ölkədə demokratiyanın gələcəyindən narahatlıq ifadə ediblər. Onlardan bəziləri ehtiyatla, bəziləri isə açıq şəkildə referendumun keçirilməsi tərzindən və nəticəsindən xoşlanmadıqlarını bildiriblər.

Avstriya kansleri Christian Kern deyib ki, bu referendumla Türkiyənin Avropa İttifaqına üzvlük arzuları dəfn olunub.

"Biz yeni zəmanəyə daxil oluruq" - deyib kansler.

Donald Trump Erdoğanla fevralın əvvəllərində də telefon söhbəti etmiş və Türkiyəni İslam Dövləti adlanan təşkilatla mübarizədə ABŞ-ın güclü NATO müttəfiqi adlandırmışdı.

Bununla belə, "The Guardian" yazır ki, ABŞ və Türkiyənin Suriya siyasətlərində strateji fərqlər mövcuddur.

Ankaranın narazılığına baxmayaraq ABŞ Suriya kürdlərini müttəfiq hesab etməkdə davam edir.

Fotonun müəllifi AFP

Türkiyənin dostları kədərlənməlidirlər, amma…

Britaniyanın keçmiş xarici işlər naziri William Hague "The Telegraph" qəzetində dərc edilmiş məqaləsində yazır ki, Türkiyə və Britaniyanın Avropa İttifaqı ilə münasibətləri haradasa bənzəyir. Bu mənada hər ikisi NATO üzvü olan bu ölkələr həm də imperiya keçmişinə malikdirlər.

Hague yazır ki, "iki düşərgə üçün heç də eyni şərait yaratmayan bu referendumda türklər kiçik səs çoxluğu ilə Erdoğana və ola bilsin ölkələrinin avtiokratiyaya çevrilməsinə üstünlük veriblər".

"İstənilən kənar, lakin Türkiyəyə dost müşahidəçi üçün bu heç də yaxşı xəbər deyil" - yazır Hague.

Məqalədə deyilir ki, bir vaxtlar öz ölkəsini firavanlığa aparan eyni adam indi onu dözümsüzlüyün, parçalanmanın və repressiyanın dalanına sürükləyir.

Hague-in fikrincə, bunun nəticəsi zəifləmiş iqtisadiyyat, qanunun aliliyinin tükənməsi olacaq.

Siyasətçi yazır ki, güclü mərkəzləşdirilmiş dövlətdə dünyəvi və dindar türkləri, üstəlik kürdləri barışdıracaq siyasət yürütmək asan olmaya bilər.

Hazırda on minlərlə insanın repressiyaya məruz qaldığı və həbsxanalara salındığı bir vaxtda referendumdakı 51 faiz səs prezidentə ölkəni istədiyi kimi idarə etmək imkanı verəcək.

Hague yazır ki, bütün bunlar Türkiyənin xaricdəki dostlarını bərk narahat etməyə bilməz, lakin digər təfədən buna adi bir hadisə kimi də baxmaq olmaz.

Keçmiş Britaniya naziri bu qənaətdədir ki, Türkiyədə keçirilmiş refrendum və onun nəticəsi bütün dünyada baş verməkdə olan müəyyən təbəddülatları əks etdirir.

Hague yazır ki, "siyasi millətçilik yenə də yüksəlişdədir, çünki qlobalizm, terror və miqrant axını kimi faktorlar adamları güclü, hətta lap proqnozlaşdırılmayan liderlərə üz tutmağa sövq edir və bu mənada Birləşmiş Ştatlara baxmaq kifayətdir".

Bu həm də onu göstərir ki, informasiya əsrinin sübh şəfəqləri liberal demokratiyaya təntənə qazandıra bilməyib. Əksinə avtoritarlıq sosial medianın imkanlarından daha mütəşəkkil və daha tədbirli istifadə edir.

William Hague yazır ki, Türkiyənin insan haqları və demokratiyada Avropa standartlarından getdikcə uzaqlaşması Avropa İttifaqının özünün cazibəsini itirməsindən xəbər verir.

Avropanın cazibəsi öləzidikcə, Çin və onun İpək Yolu layihəsi daha cazibəli görünür.

"İndi artıq heç də bütün yollar Qərbə aparımır" - yazır Hague.

Keçmiş nazirin fikrincə, Avropanın Türkiyə ilə düzgün olmayan kollektiv rəftarsızlığı faciəvi nəticələr verib. Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi illərlə Avropa paytaxtlarında, xüsusən də Paris, Afina və Nikoziyada əngəllənib.

Hague-in fikrincə, məhz buna görə də Türkiyə referendumuna təkcə türklərin öz qərarı kimi yox, həm də bu ölkənin xaricindəki dünyanın iflası kimi baxılmalıdır.

Hague yazır ki, Türkiyədəki referendumdan sonra da bu ölkə Avropa üçün mühüm müttəfiq olaraq qalacaq və elə buna görə də Ankaraya arxa çevirilməməlidir.

"Türklər öz talelərini bir adama həvalə ediblər. Biz britaniyalılar heç vaxt belə bir şeyə yol verməzdik. Amma buna baxmayaraq, bizim yenə də Türkiyə ilə ortaq cəhətlərimiz çoxdur. Biz bu həftə onlar üçün kədərlənməliyik, lakin eyni zamanda ticarətimizi, müttəfiqliyimizi, anlaşma və dostluğumuzu da onlar üçün açıq saxlamalıyıq" - yazır Hague.

Fotonun müəllifi SPL

Tezliklə insanın beynini "oxuyan" cihaz olacaq

"The İndependent" yazır ki, alimlər insanın beynini, daha doğrusu beynindəkiləri sözün əsl mənasında oxuyan cihaz icad etməyə yaxındırlar.

Ekspertlər deyirlər ki, insanın beyin dalğalarını qeydə alan bu cihaz "özünəqapanma sindromu" olan bir çox insanların "dilini aça bilər".

Bu da qeyd olunur ki, sistem sıfırdan doqquzadək rəqəmləri 90 faizlik uğurla tanıya bilir. Yapon dilindəki birhecalı sözləri tanımaqda isə cihazın uğuru 67 faizdir.

Buna baxmayaraq Yaponiyadakı Toyohaşi Texnoloji Universitetinin alimləri inanırlar ki, adamların düşüncələrini oxuyub başqalarına ötürən cihazlar yaxın gələcəkdə mümkün olacaq.

Onlar deyirlər ki, smartfon aplikasiyası ilə "asanca işləyən" cihaz qarşıdan gələn beş ildə istehsal edilə bilər.

Bu tədqiqat zamanı elektroensefaloqram cihazından (EEG) danışan insanın beyin dalağalarını qeydə almaq üçün istifadə olunub.

Bundan sonra beyin dalğaları rəqəmlər və hecalarla "maşınla öyrənmə" prinsipi əsasında tutuşdurlub. Bu prinsipdən süni zəkanın inkişaf etdirilməsi üçün geniş istifadə olunur.

Məhz bu təhlil əsasında bəlli olub ki, yeni cihaz sıfırdan doqquzadək rəqəmləri insan beynindən 90 faiz uğurla oxuya bilir.

Eyni zamanda dalğaların təhlili nəticəsində 18 birhecalı yapon sözünü 80 faiz uğurla müəyyən etmək mümkün olub.

Bu tədqiqat zamanı danışmaqda olan insanın beynindəkilərini oxumağa cəhd edilmilşdi, lakin indi alimlər insanın demədiyi, amma düşüncəsində olan fikirləri oxumağa səy edəcəklər.

Alimlər deyirlər ki, bu cihaz kommunikasiya qabiliyyətinə görə əlil insanların beynini - yəni onların istəklərini oxumaqda kara gələ bilər.

Tədqiqatçılar bunu da bildirirlər ki, daha az elektrodlarla və smartfona bağlanmaqla işləyən cihazlar yaxın beş ildə reallıq olacaq.

Bu ilin əvvəllərində başqa bir tədqiqatdan aydın olmuşdu ki, insan rəsmən ölmüş sayılandan 10 dəqiqə sonra da onun beyin fəaliyyəti davam edir.

Bu da qeyd olunur ki, ölmüş insanın beynindəki dalğalar dərin yuxuda olan insanın beyin dalğalarına bənzəyir.