Türkiyə referendumu: Trump Erdoğanı təbrik edib

Donald Trump Fotonun müəllifi AFP
Image caption Telefon danışığında Trump-la Erdoğan Suriyadakı vəziyyəti, İslam Dövləti qruplaşmasını da müzakirə edib

Donald Trump Türkiyə prezidenti Recep Tayyip Erdoğanı ona yeni səlahiyyətlər üçün imkan verən referendumda qələbəsi münasibətilə təbrik edib.

ABŞ prezidenti telefon danışığında Amerikanın aprelin 7-də Suriya hökumətinə aid aviabazaya raket zərbələri endirməsini dəstəklədiyinə görə cənab Erdoğana minnətdarlığını bildirib.

Bazar günü Türkiyədə keçirilmiş referendumda seçicilərin 51.4 faizi dəyişiklikləri dəstəkləyib.

Cənab Erdoğan beynəlxalq müşahidəçilərin referendum barədə tənqidlərini rədd edib.

O, müşahidəçilərə "Yerinizi bilin," deyib.

Referendumda hakim partiyanın qələbəsi müxalifət tərəfindən pozuntu iddialarına baxmayaraq Türkiyə seçki orqanı tərəfindən etibarlı hesab edilib.

Avropa liderləri nə deyib?

Almaniya kansleri Angela Merkel bildirir ki, referendumun nəticələri Türkiyə cəmiyyətinin nə dərəcədə parçalandığını nümayiş etdirib.

"...Bu Türkiyə rəhbərliyi və şəxsən prezident Erdoğan üçün böyük məsuliyyət deməkdir".

Avropa Komissiyası bənzər bəyanatla çıxış edib.

Türkiyədə ölüm cəzasının mümkün bərpası ilə bağlı da narahatlıqlar izhar olunmaqdadır.

Bu barədə Fransa prezidentinin administrasiyası və Avropa Parlamentinin başçısı bəyanatla çıxış edib.

Bu addım Türkiyənin Avropa Şurasına daxil olarkən qəbul etdiyi "öhdəliklər və dəyərlərdən" uzaqlaşma olacaq, Avropa Parlamentinin prezidenti Antonio Tajani-nin tvitində deyilir.

Fotonun müəllifi Getty Images
Image caption Türkiyədə müxalifət tərəfdarları küçələrə çıxaraq seçki nəticələrinə etiraz edib

Trump-la telefon danışığı

Ağ Ev bazar ertəsi yayımladığı bəyanatında bildirib ki, prezident Trump türkiyəli həmkarı ilə "Suriya rejiminin aprelin 4-də kimyəvi silah tətbiqinə cavab olaraq Amerikanın fəaliyyətini" müzakirə edib.

Onun sözlərinə görə, iki ölkənin lideri "Suriya prezidenti Bəşər Əsədin məsuliyyətə cəlb edilməsinin vacibliyi barədə razılaşıblar".

Onlar, həmçinin, özünü İslam Dövləti (İD) adlandıran qruplaşma barədə də müzakirə aparıblar.

Vaşinqtonla Ankara arasındakı münasibətlər son vaxtlar bir neçə əsas məsələ üzrə gərgin olub.

Türkiyənin ABŞ-la əsas anlaşılmazlıqlardan biri Suriyada İD qüvvələrilə mübarizə aparan Kürd döyüşçülərini dəstəkləyən Obama administrasiyasının yaratdığı siyasətdir.

Türkiyə Suriya Kürd Xalqının Müdafiə Bölmələrini (YPG) 1984-ci ildən Türkiyənin daxilində döyüşən Kürd PKK qrupu ilə əlaqəli terrorçu qrup kimi nəzərdən keçirir.

İki tərəf arasında münasibət həm də Ankaranın dövlət çevrilişinə cəhddə ittiham etdiyi Pensilvaniya ştatında yaşayan din xadimi Fethullah Gülen-in ekstradisiyasına görə gərgindir.

ABŞ təkid edir ki, bu qərar siyasi yox, məhkəmə qərarı ilə verilə bilər.

Bu barədə daha geniş