Britaniya mətbuatı: Qaçqın uşaqlar Avropaya çatmaq üçün "bədənlərini satırlar"

Fotonun müəllifi Getty Images
Image caption Yunanıstandakı miqrant uşaqların "seksual istismarı epidemiya şəklini alıb"

Qaçqın uşaqlar Avropaya çatmaq üçün bədənlərini satırlar

"The Guardian" qəzetində dərc olunmuş məqalədə deyilir ki, Harvard Universitetinin hazırladığı hesabata görə Yunanıstandan Qərbi Avropaya gəlmək istəyən kimsəsiz qaçqın uşaqlar qaçaqmalçıların haqqını ödəmək üçün bədənlərini satmğa məcbur edilirlər.

Universitetinin insan haqları və sağlamlıq mərkəzindən doktor Vasileya Diqidiki və professor Jacqueline Bhabhanın hazırladıqları hesabatda bildirilir ki, Yunanıstandakı miqrant uşaqların "seksual istismarı epidemiya şəklini alıb".

Hesabatda izah edilir ki, Suriya, Əfqanıstan və Pakistan da daxil münaqişə zonalarından qaçan və Yunanıstanda ilişib qalan miqrant uşaqlar onları Avropaya keçirməli olan insan alverçilərinin haqqını ödəyə bilmirlər.

Nəticədə bu uşaqlardan bəziləri Avropaya səfərlərinin pulunu ödəmək üçün bədənlərini satmaq məcburiyyətində qalırlar.

Hesabat müəllifləri bildirirlər ki, dünya innən belə bu uşaqların iztirablarına biganə qalmamalıdır.

Hesabatda həmçinin qeyd olunur ki, miqrant uşaqla cinsi əlaqənin qiyməti təxminən 15 avrodur. Digər tərəfdən bu uşaqlara müştəri düşənlərin böyük əksəriyyəti 35 yaşdan yuxarı olan şəxslərdir.

İnsan qaçaqmalçıları miqrantların Avropaya çatdırılması üçün minlərlə avro pul alırlar və bu səbəbdən də bir çox uşaqların bədənlərini satması onlara çox da kömək etmiş olmur.

Yunanıstan uşaq müdafiəsi agentlikləri bidirirlər ki, onlar təkcə 2016-cı ildə 5174 kimsəsiz miqrant uşaq barədə göndəriş alıblar.

Hesabatda deyilir ki, seksual istismara məruz qalan uşaqların böyük əksəriyyəti məhz bu risk qrupuna daxil olanlardır.

2016-cı ildə qeydə alınmış 5 mindən artıq hamisiz miqrant uşaqdan yalnız 190-ı ilin sonunadək Avropa ölkələrinə transfer edilib.

Hesabatda bu da qeyd olunur ki, kimsəsiz qaçqın uşaqlar miqrant düşərgələrində zorlama, zorla evləndirmə və şantaj kimi cinayət hərəkətlərinə hədəf olurlar.

Qorbaçov deyir ki, "dünya müharibəyə hazırlaşır"

Fotonun müəllifi Getty Images
Image caption "Vəziyyətin bundan da ağır ola biləcəyinə inanırmı" sualına cavab olaraq Qorbaçov "hər şey ola bilər" deyib

"The İndependent" qəzeti yazır ki, SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov dünyanın, sürətlə Rusiya və Qərb arasında yeni Soyuq müharibəyə doğru getdiyini bildirib.

"Sovet İttifaqının çökməsinə görə" Nobel Sülh mükafatına layiq görülmüş 86 yaşlı keçmiş sovet lideri ABŞ və onun müttəfiqlərini nüvə silahlarına dair sülh razılaşmalarından uzaqlaşmaqda ittiham edib.

"Siyasətçilərin və yüksək vəzifəli hərbi personalın dili getdikcə daha çox davakarlaşır - deyib Mixail Qorbaçov Almaniyanın Bild qəzetinə, - Böyük güclər arasındakı münasibətlər pisləşməkdə davam edir. Bu elə bir təəssürat yaradır ki, dünya müharibəyə hazırlaşır".

"Vəziyyətin bundan da ağır ola biləcəyinə inanırmı" sualına cavab olaraq Qorbaçov "hər şey ola bilər" deyib.

"The İndependent" yazır ki, keçmiş sovet lideri bütün dünyada yüksələn gərginlik barədə ötən ildən bəri bir neçə dəfə xəbərdarlıq edib.

O deyib ki, Rusiya və ABŞ arasında silahlanma yarışı yenidıən "tam sürət" alıb. O deyib ki, bunun əsas səbəblərindən biri də Şərqi Avropada NATO qoşunlarının yerləşdirilməsidir.

Qorbaçov bildirib ki, o Donald Trump-ın bundan əvvəl NATO barədə verdiyi bəyanatı bölüşdürür. Trump seçki kampaniyasında NATO-nu "nimdaş" təşkilat adlandırmış və demişdi ki, sülh və daha yaxşı əlaqələr naminə Qərbə hərbi yox, siyasi ittifaq lazımdır.

"The İndependent" yazır ki, Trump o vaxtdan bəri bu bəyanatında dediyi fikrilərdən tamamilə əl çəkib.

Rusiyanın Ukraynanın şərqindəki separatçı hərəkatı qızışdırmasının və ona hərbi avadanlıq və canlı qüvvə ilə dəstək verməsinin ardınca, həm Rusiya, həm də NATO indiyədək bir-birinə görünməmiş yaxınlıqda genişmiqyaslı hərbi manevrlər keçiriblər.

Qorbaçov Krımda və Ukraynanın şərqində Rusiya qoşunlarının olması barədə söhbətləri "təbliğat" adlandırıb.

Lakin o Vladimir Putinə etibar etdiyini söyləsə də, əlavə edib ki, Rusiya hələlik demokratiyadan çox uzaqdır.

"The İndependent" yazır ki, Qorbaçovun bu qeydləri Rusiyanın dövlət mediasında anti-ABŞ təbliğatının kəllə-çarxa çatdığı vaxtda səslənib.

Buna qədər cənab Trump-a mədhiyyələr yağdıran Rusiya dövlət mediası valı çevirib.

Donald Trump-ın Bəşər Əsəd qüvvələri üzərinə raket zərbələri, Əfqanıstana "bombalar anası" adlı nəhəng mərminin atılması və onun Barack Obamanın siyasətini davam etdirməsi, Moskvanın ABŞ-la münasibətlərin yaxşılaşacağına olan ümidlərinin üstündən xətt çəkib.

Trump-ın nüvə silahı daşıyan gəmilərdən ibarət armadanı Şimali Koreya sahillərinə göndərməsindən sonra isə Kremlin məddahlarından olan televiziya aparıcısı Dmitri Kiselyov ABŞ prezidentinin Kim Jong Un-dan daha təhlükəli olduğunu deyib.

Rusiyanın əsas həftəlik televiziya xəbər proqramı "Vesti Nedeli"nin son buraxılışında Kiselyov deyib ki, dünya ilə nüvə müharibəsi arasında bir tük qədər məsafə qalıb.

O bazar günü apardığı proqramda bildirib ki, bu gərginlik iki şəxsin - Donald Trump-ın və Kim Jong Un-un qarşıdurmasının nəticəsidir.

"Hansı daha təhlükəlidir? Əlbəttə Trump" - demişdi Kiselyov.

Bu arada Rusiyada keçirilən son rəy sorğusu göstərib ki, bu ölkədə cənab Trump-a mənfi münasibət bəsləyənlərin sayı bir ayda 7 faizdən 39 faizə qalxıb.

Poçt göyərçinləri "biliklərini" gələcək nəslə necə ötürürlər?

Fotonun müəllifi Getty Images

"The Telegraph" qəzetində Henry Bodkin yazır ki, indiyədək geniş yayılmış inama baxmayaraq quşlar, ən azı poçt göyərçinləri "quşbeyin" deyillər.

Yeni elmi tədqiqat poçt göyərçinləri kimi tanınan göyərçin növünün insanlara düşünüldüyündən daha çox bənzədiyini göstərib.

Oxford Universiteti alimlərinin apardığı eksperimentdən aydın olub ki, poçt göyərçinləri bu planetdə insanlardan başqa həyat təcrübəsi və müdrikliyini toplayıb gələcək nəsillərə ötürə bilən yeganə canlı varlıqlardır.

Alimlər deyirlər ki, bir çox heyvanlar öz balalarına ov etmək kimi bir sıra vərdişləri aşılasalar da, onlar insanlar kimi kollektiv şəkildə daha da təkmilləşə bilməyiblər.

Lakin poçt göyərçinlərinin müşahidəsi göstərib ki, bu quşlar özlərinin naviqasiya qabiliyyətlərini zaman içində artırmağa qabildirlər.

Bunu isbat etmək üçün alimlər poçt göyərçinlərini ayrı-ayrı cütlər şəklində spesifik marşrutla səfərə göndəriblər. Bundan sonra cütlüklərdəki təcrübəli göyərçinlərdən biri təcrübəsiz göyərçinlə əvəz edilib. Bu təcrübəsiz quş, söhbəti gedən marşrutla əvvəllər heç vaxt uçmamışdı.

Bu eksperimentdən məqsəd poçt göyərçinlərinin öz bilik və bacarıqlarını başqa göyərçinlərə öyrədə bilib-bilməməsini araşdırmaq idi.

Təcrübə göstərib ki, təcrübəsiz göyərçinin qoşulduğu cütlər hər dəfə marşrut üzrə hərəkəti daha sürətlə və daha səmərəli qət ediblər.

Poçt göyərçinləri mənzil başına çatmaq məqsədilə istiqamət, yüksəklik və məkanı müəyyən etmək üçün maqnit sahəsindən istifadə edirlər.

Təcrübə göstərib ki, göyərçinlərdən tərtib edilən ən son cütlər verilən tapşırığı, bundan əvvəl tək və ya tərkibi heç vaxt dəyişməyən dəstə ilə uçan göyərçinlərdən daha səriştəli yerinə yetiriblər.

Təcrübəni aparan alimlərdən doktor Takao Sasaki deyib ki, göyərçinlər də insanlar kimi öz "həyat təcrübələrini" yeni nəslə ötürmək qabiliyyətinə malikdirlər.

Bununla belə, Oxford alimlər komandası bu qənaətdədir ki, "vərdiş və biliklərin toplanması" kimi fenomen insanlarda və göyərçinlərdə fərqli şəkildə ifadə olunur.

İnsanlar bilikləri gələcək nəsillərə ötürərkən, bu, mədəniyyət və davranışı daha da mürəkkəbləşdirir. Məsələn sənaye və kənd təsərrüfatı fəaliyyətinin təkamülü bunu göstərir.

Bundan fərqli olaraq poçt göyərçinlərinin ötürdüyü bilik və vərdişlər son nəticədə səmərəliyi artırsa da, davranışın daha da mürəkkəbləşməsinə gətirib çıxarmır.

İndi Oxford alimləri poçt göyərçinlərində olan "təcrübənin toplanması mədəniyyətinin" başqa heyvan növlərində də olub-olmadığını öyrənmək barədə düşünürlər.

Məsələn müəyyən primatlar arasında "biliklərin toplanması mədəniyyətinin" mövcudluğu məsələsi ciddi müzakirə olunur.

Əlaqəli mövzular