Qırğızıstan prezidentinin qızı qalmaqallı fotolardan sonra sosial şəbəkələrdən yoxa çıxıb

İnstagram və Facebook loqotipləri Fotonun müəllifi Getty Images
Image caption Aliya Şaqiyevanın Facebook və İnstagram-dakı hesabları qəfildən silinib

Qırğızıstan prezidentinin kiçik qızının Facebook və İnstagram-dakı hesabları ləğv edilib.

Hər iki sosial şəbəkədə gender bərabərliyi və feminizmi dəstəkləyən Aliya Şaqiyeva qadınlara seksual obyekt kimi yanaşılmasına qarşı çıxıb.

Aprelin 14-də Şaqiyeva yeni doğulmuş oğlunu əmizdirdiyini əks etdirən fotonu paylaşıb.

"Mən körpəm ac olan zaman istənilən yerdə - ticarət mərkəzində, maşında və ya parkdakı oturacaqda rahatlıqla sinəmi aça bilərəm. Mən bu yolla patriarxal cəmiyyət tərəfindən narahat çərçivələrə salınmış körpəsini doyuran analara nümunə olacağam", - deyə Aliya şəklin altında yazıb.

Şaqiyevanın paylaşımı Mərkəzi Asiya və Rusiya kütləvi informasiya vasitələrində geniş yayılıb.

Sosial şəbəkə istifadəçilərinin bir qismi prezident qızını "qeyri-təvəzökarlıqda" ittiham ediblər.

Aliya Şaqiyevanın özü dəfələrlə paylaşımlarında sosial şəbəkə istifadəçilərinin aqressiv şərhləri ilə qarşılaşdığını xatırladıb.

Onu həmçinin müsəlman ölkəsi prezidentinin qızına yaraşmayan davranışda qınayıblar.

Çərşənbə axşamı günü isə Şaqiyevanın Facebook və İnstagram hesabları silinib.

Daha sonra Şaqiyeva Rusiyanın "VKontakte" sosial şəbəkəsində yeni səhifə açıb.

"Dürüstlük kimsəyə lazım deyil", - yazan Şaqiyevə bu səhifənin onun sosial şəbəkədə tək hesabı olacağını qeyd edib.

Aliya Şaqiyeva Qırğızıstan prezidenti Almazbek Atambayevin kiçik qızıdır.

Qrafik-rəssam olan Aliyə Rerixin adını daşıyan Sankt-Peterburq incəsənət texnikumunda və Qırğızıstan İncəsənət Akademiyasında təhsil alıb.

O, qəsdən atasının deyil, anasının soyadından istifadə etdiyini yazıb.

Şaqiyeva 2016-cı ildə, Daun sindromlu uşaqlara kömək məqsədilə xeyriyyə fonduna 200 min som (2900 USD) köçürüb. Prezidentin qızı bu pulu öz rəsm əsərlərinin satışından əldə etdiyini bildirib.

Bundan sonra onun qohumluq əlaqələri barədə məlumat üzə çıxıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş