Parisdə hücum: digər şübhəli polisə gəlib

Police secure the Champs-Elysees in Paris Fotonun müəllifi Reuters

Parisdə Yelisey prospektindəki hücumda şübhəli bilinən ikinci şəxs Belçika polisinə gəlib.

Cümə axşamı Parisdə silahlı hücumçu bir polis nəfərini öldürdükdən və iki polisi yaraladıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Onun ailəsinin üç üzvü polisə aparılıb, Reuters rəsmi mənbələrinə əsasən yazır.

Bundan əvvəl, polis silahlı şəxsin maşınındakı sənədlər əsasında onun kimliyinin müəyyənləşdirildiyini deyib, lakin Fransa rəsmiləri hələlik onun adını açıqlamayıb.

Yerli kütləvi informasiya vasitələri bildirirlər ki, 39 yaşlı bu şəxs şəhərin ətrafında yaşayırdı və potensial islamçı radikal kimi dəyərləndirilirdi.

Prezident Francois Hollande təhlükəsizlik kabinetinin iclasını çağırıb. Bazar günü Fransa prezident seçkilərinin ilk turunu keçirməyə hazırlaşır.

Cənab Hollande bildirib ki, o, hücumun "terrorla əlaqəli" olduğuna əmindir. O həmçinin əlavə edib ki, təhlükəsizlik qüvvələri xalqın tam dəstəyinə malikdir və öldürülən polislər üçün matəm tutulacaq.

Özünü İslam Dövləti adlandıran qrup hücumun onun "döyüşçüləri" tərəfindən həyata keçirildiyini bildirib.

Fotonun müəllifi Reuters
Image caption Hadisədən sonra küçədə gəzənlər əllərini qaldıraraq polisə əllərinin boş olduğunu göstərib

Yelisey Bulvarında nə baş verib?

Bakı vaxtilə təxminən 22:00-da bir avtomobil polis avtobusunun yanında dayanıb və bir şəxs maşından düşərək polisə avtomat silahla atəş açıb, Daxili İşlər Nazirliyinin sözçüsü Pierre-Henry Brandet bildirib.

Həmin şəxs zabiti öldürdükdən sonra qaçmaq istəyib və bu zaman iki başqa zabiti yaralayıb. Daha sonra o, təhlükəsizlik qüvvələri tərəfindən güllələnib.

Gördüklərindən dəhşətə gəlmiş şahid sonradan bildirib ki, silah səsi eşidənlər təşvişlə hadisə yerini tərk etməyə çalışıb.

Yelisey Bulvarı tam təxliyə olunub.

Dünya şöhrətli və böyük sayda ziyarətçiləri olan bu prospekt uzun müddətdir ki, potensial hədəflərdən biri idi, BBC müxbiri Hugh Schofield Parisdən məlumat verir.

Gecə Parisin şərqindəki Chelles əyalətində axtarış aparılıb, polis kiminsə silahlının hücum planları barədə məlumatlı olub-olmadığını öyrənmək istəyib.


Hadisənin seçkilərə nəticələri -Təhlil - BBC müxbiri Katya Adler

Hesab edilə bilər ki, təhlükəsizlik, miqrasiya və islamçı fundamentalizm məsələlərini diqqət mərkəzinə çəkən Marine Le Pen hadisədən daha çox faydalana bilər.

Lakin narahatçılıq keçirən seçicilər onun əvəzinə daha təcrübəli mühafizəkar siyasətçi, sabiq baş nazir François Fillon-da üz tuta bilər.

İndiyədək seçki rəqabətində 4 namizəd demək olar ki, baş-başa gedir və milyonlarla seçici kimi dəstəkləyəcəyinə dair qərar verməyib.

Hücumun səsvermə nəticələrinə təsirini proqnoz etmək çətindir.

Lakin mərkəzçi sol qüvvələrin nümayəndəsi Emmanuel Macron və ifrat solçu Jean-Luc Mélenchon-a aydın olmalıdır ki, onları təhlükəsizlik və xarici siyasət sahəsində ağırçəkili siyasətçi hesab edənlərin sayı o qədər də çox deyil.