Britaniya mətbuatı: Trump niyə Erdoğanı təbrik edən yeganə Qərb lideridir?

Donald Trump Fotonun müəllifi Getty Images
Image caption Bəziləri bu qənaətdədirlər ki, Trump-ın Erdoğana şəxsən zəng etməsinin əsas səbəbi onun Trump Təşkilatı kimi tanınan ailə biznesidir

"The Independent" yazır ki, Donald Trump mayın 16-17-də Ağ Evdə Türkiyə prezidenti Recep Tayyip Erdoğanla ilk görüşünü keçirəcək.

Məqalədə deyilir ki, Trump Erdoğanı, onun səlahiyyətlərini genişləndirəcək referendumdakı qələbəsi münasibətilə təbrik edən yeganə Qərb lideridir.

Təbrik etmək üçün cənab Erdoğana şəxsən zəng etmiş digər ölkə başçıları Qətər, Cibuti və Fəlsətinin Həməs silahlı hərəkatının liderləri olublar.

The New York Times qəzeti yazır ki, bu referendumda Erdoğanın cüzi fərqlə qələbəsi onun ölkə üzərində "avtoritar hakimiyyətini möhkəmləndirmiş olacaq".

Referendumda yer almış ciddi pozuntular artıq ATƏT və Avropa Şurası kimi təsisatlar tərəfindən ciddi tənqid olunub.

Bu təşkilatların ilkin hesabatlarında deyilir ki, səsvermə zamanı "xalis demokratik proses üçün zəruri olan təməl azadlıqlar pozulub".

Bəziləri bu qənaətdədirlər ki, Trump-ın Erdoğana şəxsən zəng etməsinin əsas səbəbi onun Trump Təşkilatı kimi tanınan ailə biznesidir.

Trump ailəsi 2012-ci ildə İstanbulda göydələn tikib.

Həmin vaxt Trump-ın qızı İvanka, İstanbuldakı açılışa şəxsən gəldiyinə görə Erdoğana Tvitterdə təşəkkürünü bildirmişdi.

İki liderin görüşü 28 üzvü olan NATO hərbi alyansının may ayında keçiriləcək sammitindən bir qədər əvvələ planlaşdırılıb.

Onların hər ikisinin Brüsseldə keçiriləcək sammitdə iştirak edəcəyi gözlənilir.

2016-cı ildə seçki kampaniyası zamanı NATO-nu "köhnəlmiş təşkilat" adlandıran Trump, 2017-ci ilin aprelində alyansın baş katibi Jens Stoltenberg-lə görüşündən sonra təşkilatın "daha köhnə olmadığını" bildirmişdi.

21-ci əsrdə, Avropanın ortasında aclıq çəkən Belarus uşaqları

Fotonun müəllifi VIKTOR DRACHEV
Image caption Belarus boyunca uşaq evlərində ölüm aclığı içində olan 100-dək uşaq və yeniyetmə aşkar edilib

"The Guardian" yazır ki, Belarus boyunca uşaq evlərində ölüm aclığı içində olan 100-dək uşaq və yeniyetmə aşkar edilib.

Məqalədə deyilir ki, bu xəbər cəmiyyətdə dərin hiddətə və hökumət tərfindən cinayət işinin açılmasına səbəb olub.

Məlum olub ki, uşaq evlərində yaşayan yeniyetmələrdən bəzilərinin çəkisi 15 kiloqram civarındadır. 20 yaşlı bir gəncin çəkisi isə cəmi 11.5 kilo imiş.

Qəzet yazır ki, Minskdəki uşaq evlərində çəkilmiş fotolar 1990-cı illərdə Rumıniya uşaq evlərindəki vəziyyəti xatlırladır. "The Guardian" yazır ki, bir çox şəkillərin çap edilməsini həssaslıq mülahizələri ilə münasib bilməyib.

Hakimiyyət orqanları uşaqların hansı səbəbdən bu vəziyyətə düşdüklərinin təhqiqatına başlayıb.

Prokurorlar bildirirlər ki, uşaqların bu vəziyyətə düşməsinin əsas səbəbi onların lazımınca yedizdirilməməsi və ya bəzi hallarda heç yedizdirilməməsi olub. Bir neçə uşaq evinin direktorları vəzifələrindən kənarlaşdırılıb.

Lakin uşaq evlərinin nümayəndələri israr edirlə ki, burada söhbət zehni geriliyi olan xəstə uşaqlardan gedir.

"Bu uşaqlar gəzə bilmirlər. Onlar həmişə yataqdadırlar. Onların əzələləri yoxdur, - deyib Çerven uşaq evinin direktoru Ella Borisova - Onların ayaqları kibrit çöpləri kimidir".

Məqalədə deyilir ki, bu rüsvayçılığın üstü uşaq evlərindən biri jurnalistləri xeyriyyə futbol matçı barədə yazmaq üçün dəvət edəndə açılıb.

Bu dəri, bir sümük olan uşaqların fotoları İmena internet jurnalında dərc olunandan sonra belarusları şoka salıb.

Oxuculardan biri bu fotolardakı uşaqları nasist düşərgələrinin məhbuslarına bənzədib.

"Sanki Buhenvald ölüm düşərgəsindəsən. 21-ci əsrdə, Avropanın ortasında xəstə uşaqlar üçün yemək tapılmırmı?" - yazıb oxucu.

Bu sualın cavabını tapmaq mürəkkəbdir. Buradakı uşaqlaırn bəziləri boğazlarına salınmış boru ilə qidalandırılır. Borisova deyir ki, belə qidalandırılan uşaqlar onsuz da normal çəkiyə çata bilmirlər. Çünki onlara yüksək kalorili qidalar lazımdır.

Lakin boru ilə yedizdirilən yüksək kalorili qidalar çox bahadır.

Başqa bir uşaq evinin direktor müavini Marina Fedorençik deyir: "Bu uşaqları bizə burada ömürlük qalmaq üçün gətirirlər. Bunların əksəriyyətini doğulan kimi atıblar. Onların hamısı zehni baxımdan geri qalır. Onların bir çoxu beyin iflicindən əzab çəkir…"

"The Guardian" yazır ki, yüksək kalorili yeməklərlə qidalandırılan uşaqların vəziyyətində yaxşılaşma qeydə alınır, lakin belə qidaları verə bilən uşaq evləri çox deyil.

Məqalədə deyilir ki, səhiyyə işçiləri bu acınacaqlı vəziyyətə hökumətin diqqətini cəlb edə bilməyiblər.

Minsk uşaq evlərindən birində çalışan Aleksi Momotov deyir ki, o, bu xəstə uşaqlar üçün Facebook vasitəsilə pul toplamağa çalışıb. Amma pul verən azdır. İanə toplanan xeyriyyə tədbirlərinə gələn olmur.

Uşaq evlərindən birinin direktoru - Vyaçeslav Klimoviç təqsiri uşaqların özlərinin psixiloji durumunda görür.

Onun fikrincə, uşaqların normal çəkiyə çatmamasının əsas səbəbi onların psixikasının qidalanmaması ilə bağlıdır.

"Onların beyinlərində tamam fərqli proseslər gedir" - deyib Klimoviç.

Lakin uşaq həkimi Pavel Buryukin belə yanaşma ilə razılaşmır. O bildirir ki, həyat səviyyəsini yüksəltməklə hər bir uşağa kömək etməkm mümkündür.

Uşaq pansionatlarından birinin rəhbəri olan Anna Qorçakova düşünür ki, əsas problem ağır şəkildə xəstə olan uşaqlara münasibətdədir.

"Onları yedizdirirlər, lakin onlarla insan yox, bir bitki kimi davranırlar" - deyib həkim.

Stresdən çıxmaq üçün "stres" sözünü tərgidin

Fotonun müəllifi Dan Kitwood
Image caption "Stresliyəm" deyərkən, "ürəyimiz daha sürətlə döyünür, nəfəsimiz daralır, qan təzyiqimiz qalxır, biz belə vaxtlarda normal düşünmək əvəzinə xof və narahatlıqla doluruq"

"The İndependent" qəzetində dərc olunmuş başqa bir yazı insanların həyatını iztiraba çevirən stresdən bəhs edir.

Məqalədə deyilir ki, hətta yaxşı işi olan, uşaqlarını böyüdən və sürətlə dəyişən mühitdə yaşayan uğurlu adamlar da həftədə bir dəfə "stres" sözünü dilə gətirirlər.

Tibb psixoterapevti Seth Swirsky deyir ki, elə təkcə bu sözü işlətməyin özü yaxşı heç nə vəd ertmir.

Doktorun sözlərinə görə, elə yalnız "mən stresdəyəm" kəlməsini dilə gətirməklə insan öz orqanizmindəki mühüm kimyəvi maddələri aktivləşdirə bilər.

"Tək bu sözü deməklə siz yaxşı əhval-ruhiyyə gətirən neyroötürücüləri - adrenalin və kortizolu sıradan çıxara bilərsiniz" - deyir Swirsky .

Həkim bunu belə izah edir: "Ürəyimiz daha sürətlə döyünür, nəfəsimiz daralır, qan təzyiqimiz qalxır, biz belə vaxtlarda normal düşünmək əvəzinə xof və narahatlıqla doluruq".

Alim deyir ki, elə buna görə də biz stresin hissiyyat və təsirlərini azaltmaq üçün bir qədər "düşüncə dilimizə" fikir verməliyik.

Swirsky məşhur hind ayurvediçi ekstrasensi Pratima Rayçurdan misal gətirir.

Onun fikrincə, insan ona pis əhval-ruhiyyə və kədər gətirən sözləri leksikonundan çıxarmağa çalışmalıdır.

Rayçur yazıb ki, bunu şüurluluğun məşqi ilə etmək mümkündür.

"Özünüzdə düşüncə və emosiyalarınıza sahib olmaq qabilliyəti yetişdirin, vərdişlərinizi aydınlaşdırın, neqativliyin hər gün bir qədər sizi tərk etməsinə çalışın və qəlb rahatlığı tapın. Bir müddətdən sonra bu məşq sizin şüurunuzdakı vibrasiyaları dəyişəcək. Son nəticədə siz düşüncələrinizi və onları oyadan emosiyaları da dəyişə biləcəksiniz" - deyib Seth Swirsky .

Məqalədə deyilir ki, son vaxtlarda xüsusilə populyarlaşmış psixoloji metod - şüurluluq və ya zehniyyət metodu fərdin diqqətini indiki zamana cəmləşdirməklə, düşüncələrin mühakiməsiz, yəni daxili təhlilsiz ötüb keçməsinə imkan yaradır.