ABŞ Assange-a qarşı ittiham təqdim etməyə hazırlaşır

Assange Fotonun müəllifi PA
Image caption Assange 2012-ci ildən Ekvadorun Londondakı səfirliyində qalır.

ABŞ hakimiyyəti Wikileaks portalının yaradıcısı Julian Assange-a qarşı ittiham təqdim etmək imkanlarını nəzərdən keçirir. Bu barədə ABŞ kütləvi informasiya vasitələri məlumat yayıb.

Ədliyyə naziri Jeff Sessions-ın verdiyi məlumata görə, Assange-in həbs edilməsi yeni ABŞ administrasiyasının prioritetlərindən birirdir.

Dünən rəsmilər Assange və məxfi sənədləri dərc edən portalın digər əməkdaşlarına qarşı tədbirlərin hazırlanması barədə bir neçə KİV-ə məlumat veriblər.

ABC-nin məlumatına görə, hakimiyyət hələ ki, mümkün tədbirləri müzakirə edir.

Lakin SNN-in məlumatına görə, ABŞ hökuməti Assange-ın həbs olunaraq ekstradisiya edilməsi üçün artıq iddia hazırlayır.

Ötən həftə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mike Pompeo Wikileaks-i Rusiyanın kömək etdiyi düşmən kəşfiyyat xidməti kimi xarakterizə edərək Assange-ı fırıldaqçı adlandırıb.

Amma ABŞ prezidenti Donald Trump seçkiqabağı kampaniyası zamanı fəaliyyətinə görə bu qrupu təqdir etmişdi.

Ötən ilin oktyabr ayında Wikileaks portalı 2 min elektron sənədi dərc edib.

Dərc edilən sənədlər arasında prezidetliyə namizəd Hillary Clinton və onun seçki qərargahının başçısı John Podesta-nın yazışmaları da olub.

Demokrat Partiyasının nümayəndələri məhz bu sənədlərin Hillary Clinton-un məğlub olmasına səbəb olduğunu iddia edirlər.

ABŞ kəşfiyyat xidmətinin qənaətinə görə, demokratların elektron poçtuna müdaxilənin arxasında Rusiya dayanıb və Wikileaks prezident seçkilərinin nəticələrinə təsir göstərmək və Trump-a seçkilədə qalib gəlmək üçün bundan istifadə edib.

Rusiya rəhbərliyi ABŞ-dakı prezident seçkilərinə müdaxilə barədə ittihamları rədd edir.

2012-ci ildən Ekvadorun Londondakı səfirliyndə qalan Assange-ın sözlərinə görə, yazışmaların dərc edilməsində məqsəd seçkilərin nəticələrinə təsir göstərmək olmayıb.

Julian Assange İsveçə ekstradisiya edilməkdən yayınmaq üçün Ekvador səfirliyinə sığınıb.

O, seksual cinayətlərdə ittiham olunur.

ABŞ Ədliyyə Nazirliyi hazırda Chelsea Manning kimi tanınan amerikalı hərbçinin oğurladığı diplomatik sənədlərin Wikileaks portalında dərc edilməsindən bəri Assange-ə qarşı istintaq aparır.

Lakin Barack Obama prezidentliyi dövründə Ədliyyə Nazirliyi Assange-a və Wikileaks-ə qarşı konkret ittihamların qaldırılmasının çətin olacağını bəyan etmişdi.

Trump administrasiyası isə daha kəskin mövqe tutub.

Güman edilir ki, Ağ Evin mövqeyinə mart ayında Wikileaks-in MKİ tərəfindən istifadə olunan haker vasitələri barədə dərc etdiyi məlumatlar təsir edib.

Bu barədə daha geniş