Britaniya mətbuatı: Daha bir qorxulu kəşf: Kimsə sizin səsinizlə danışa bilər

Smartphone Fotonun müəllifi Getty Images
Image caption CandyVoice telefon aplikasiyası istənilən mətni sizin səsinizlə oxuyacaq.

"The Economist" yazır ki, CandyVoice adlı fransız şirkəti insan səsini klonlaşdıran kompüter proqramı yaratmağa müvəffəq olub.

Məsələn, fransızca və ya ingiliscə 160-dək sözü səsyazan qurğuya oxusanız, bundan sonra CandyVoice telefon aplikasiyası istənilən mətni sizin səsinizlə oxuyacaq.

"The Economist" yazır ki, bu yolla quraşdırılmış nitq qulaqda bir az "sintetik" və ya süni səslənə bilər, amma Candy Voice şirkətinin rəhbəri Jean-Luc Crébouw deyir ki, onun firması alqoritmləri günü-gündən inkişaf etdirir və son nəticədə nitqin təbii səslənişinə nail olunacaq.

Bu arada bir sıra başqa şirkətlər də konkret insanın səsini "düzəltməyi" bacardıqlarını bəyan ediblər.

Məsələn, Carnegie Mellon Universitetinin Dil Texnologiyaları İnstitutu bildirir ki, onun Festvox proqramı ingiliscə və Hindistanda ən çox danışılan dörd dildə işləyə bilər.

Çinin Baidu şirkəti isə bildirir ki, ona insanın səsini olduğu kimi "səsləndirmək" üçün onun tələffüz etdiyi 50 cümlə kifayətdir.

"The Economist" yazır ki, son vaxtlaradək belə tədqiqatları xərçəng və ya cərrahiyyə əməliyyatı üzündən səsini itirmiş insanlara dəstək üçün işlədiklərini bildirirdilər.

Səsin sintetik surətini yaratmaq həm bahalı, həm də uzun proses idi. Belə proqramların hazırlanması üçün çox sayda söz və ifadələrin ayrı-ayrı intonasiya və emosiya ilə dəfələrlə yazılması lazım gəlirdi.

Məsələn, Belçikanın Acapela Group şirkəti bildirir ki, o hər hansı bir fərdin səslərindən ibarət belə bankın yaradılması üçün səkkiz saat səsyazma keçirməli olur.

Belə proqramı almaq üçün 3 min avro xərcləmək lazım gəlir. Bu hələ ucuzudur. Başqa şirkətlər proqramı daha baha qiymətə satırlar və üstəlik bəzən günlərlə səsyazma studiyasına ayaq döymək lazım gəlir.

Amma bundan sonra belə olmayacaq. Yaradılmış kompüter proqramı beş millisaniyə uzunluğundakı səs parçalarını ən müxtəlif kombinasiyalarda işlədə bilir.

Başqa sözlərlə indi səsinizin surətini çıxarmaq üçün minlərlə sözü mikrofona oxumağınıza ehtiyac yoxdur. Sizin səs zərrəciklərinizdən mətn yazısı əsasında bütöv bir nitqinizi hazırlaya bilərlər.

Yeni texnologiyadan tərsinə də istifadə etmək olar. Məsələn arvad öz səsini kor ərinin monitoruna verə bilər və ya Facebook istifadəçisi hər hansı postu onun müəllifinin səsi ilə eşitmək imkanı qazanar.

Bu da mümkündür ki, idarə rəisi öz səsini robotlara versin. Hər halda Tel-Əvivdəki VivoText səsklonlama firmasının rəhbəri Gershon Silbertin gözləntiləri belədir.

VivoText artıq gələn il tamamilə yeni aplikasiya hazırlamağı düşünür. Bu proqramın istifadəçiləri öz söz və ifadədlərinə sürət, sevinc və kədər çalarlıarını verə biləcəklər.

Yəni sizin neytral səslə oxuduğunuz mətni bu proqram sizin əvəzinizdən daha hüznlü və ya daha həyəcanlı səsləndirə bilər.

Amma "The Economist" yazır ki, bu yeni texnologiyaların həm də böyük təhlükəsi ola bilər. Kimsə sizin, məsələn YuoYube-dakı səsinizi klon edib öz məqsədləri üçün sui-istifadə edə bilər.

Məsələn Birminghamin Alabama Universitetindəki alimlərə səsin klonlaşdırılması üçün Festvox-dan istifadə etməklə internetdən çıxarılmış 5 dəqiqəlik nitq kifayət edib.

Bundan sonra klonlaşdırılmış səsin təbii səsə nə dərəcədə bənzədiyini yoxlamaq üçün xüsusi proqramdan istifadə ediblər.

Belə proqramlardan bank hesablarına səslə giriş verən banklar istifadə edirlər ki, kiminsə səsini yamsılayan saxtakar hesaba girə bilməsin.

Məhz bu cihaz FestVoxda klonlaşmış səsi tanımaqda çətinlik çəkib və onu cəhdlərin 80 faizində aldatmaq mümkün olub.

Bu səbəbdən də Festvox proqramını yaradanlardan Alan Black narahatlığını ifadə edib. O deyib ki, belə bir aplikasıyanın yaradılamasından sonra "səs kimliyi" ilə işləyən mühafizə proqramlarının əhəmiyyəti qalmır.

Məqalədə deyilir ki, bu proqramla məsələn məhkəmədə kiminsə "saxta səsi" ilə ifadə verilə bilər.

Bir sıra vəkillər yeni proqramı "nəhəng dezinformasiya vasitəsi" hesab edirlər.

Bu da qeyd olunur ki, New Mexico-dakı Los Alamos Milli Laboratoriyasında müharibə zamanında istifadə üçün "düşmən ölkə liderinin" səsinin klonlaşdırılması kimi proqramlar üzərində iş gedir.

"The Economist" yazır ki, əlbəttə, belə proqramlara qarşı proqramlar üzərində işləyən firmalar da var.

Məsələn, Photoshop kimi proqramların istehsalçısı kimi tanınan Adobe şirkəti bildirir ki, o səsin "vizual görüntüsü" ilə saxtakarlığı aşkar edə biləcək proqram üzərində işləyir. Belə proqramlar hər hansı nitqin səsindəki saxtakarlığı üzə çıxaracaq.

Lakin məqalədə deyilir ki, bu, elə də böyük təsəlli deyil.

"Tamamilə təbii səslənən sözlərin süni şəkildə, istər düşmən olsun, istərsə də iş həmkarı - başqalarının ağzından asanlıqla çıxarıldığı dünyada yaşamağın müsibətini göz önünə gətirin" - yazır "The Economist".

Fotonun müəllifi NASA/ Getty Images

Yer orbiti "zir-zibillə" doludur

"The Telegraph" yazır ki, hazırda insan tərəfindən yaradılmış peyklərin 750 min təhlükəli qırıntısı Yerin orbitində dövrə edərək kosmik uçuşların gələcəyi üçün hədə təşkil edir.

Avropa Kosmos Agentliyi (The European Space Agency - ESA) peyk əməliyyatçılarına və kosmos agentliklərinə orbitdə dolaşan istifadəsiz peyk modullarının "yığışdırılmasına" çağırıb.

"The Telegraph" yazır ki, bu qırıntılar Beynəlxalq Kosmik Stansiyaya təhlükə yaradır, çünki iri qırıntılar kosmik stansiya ilə toqquşa bilər.

ESA-nın rəhbəri doktor Holger Krag Almaniyada keçirilmiş Avropa Kosmik Tullantılar Konfransında etdiyi çıxışında deyib ki, hazırda missiyalarının sonunda atılmalı olan peyklərin yalnız 60 faizi lazımınca idarə olunur.

Alimin fikrincə, məhz buna görə də kosmosdakı "zir-zibilin" tez bir zamanda təmizlənməsi barədə düşünmək lazımdır.

O qeyd edir ki, bu işi görmək üçün ildə, artıq işləməyən 10 peykin orbitdən çxıarılmasına ehtiyac var.

"The Telegraph" yazır ki, 1957-ci ildən bəri 5250 kosmik raket buraxılıb. Bu raketlər Yerin orbitinə 23 min izlənilən obyekt çıxarıb.

Bunlardan yalnız 1200-ü hazırda işləyən peyklərdir. Qalanları heç bir fayda verməyən qırıntıdır.

Bundan başqa bir çox partlamış və ya sıradan çıxmış kosmik gəmilərdən ölçüsü 1 santimetrdən böyük olan 750 min qırıntı tökülüb. Lakin orbitdə ölçüsü 1 millimetrdən böyük olan 166 milyon qırıntı var.

Doktor Krag deyib ki, kosmik şəraitdə bu kiçik qırıntılar güllədən iti uçur və istənilən işlək peyk qurğusuna dəyməklə onu dağıda bilər.

Söhbət həyati əhəmiyyət daşıyan telekommunikasiya, hava, naviqasiya, radioteleyayım və iqlimə nəzarət peyklərindən gedir.

Cənab Krag xəbərdarlıq edib ki, Sentinel və Galileo kimi naviqasiya peyklərinin sıradan çıxması müasir cəmiyyəti təhlükəli şəkildə təsirləndirə bilər.

Alim deyib ki, "ölü peyklərin" orbitdən çıxarılması vaxtı gəlib çatıb.

"The Telegraph" yazır ki, ESA kosmosdakı tullantılara nəzarət etmək üçün hazırda Kosmik Situasiya Xəbərdarlığı (Space Situational Awareness - SSA) adlanan proqram üzərində işləyir.

Lakin ESA-nın baş direktoru Jan Woerner bildirir ki, kosmik agentliklər Yer orbitini mümkün qədər təmiz saxlamağa çalışmalıdır.

Əlaqəli mövzular