Britaniya mətbuatı: "Fransanın gələcək birinci ledisi" ərindən 25 yaş böyükdür

Fotonun müəllifi Getty Images

"Fransanın gələcək birinci ledisi" ərindən 25 yaş böyükdür

"The Daily Mail" yazır ki, Fransanın potensial birinci ledisi ərindən 25 yaş böyükdür və Emmanuel Macron-a orta məktəbdə dərs deyib.

İndi 64 yaşı olan Brigitte Trogneux bir vaxtlar Macron-a orta məktəbin dram dərnəyində müəllimlik edib.

Məqalədə deyilir ki, aralarında əsrin dörddə biri qədər yaş fərqi olan cütlük, rəy sorğularının nəticələrinə görə, böyük bir ehtimalla Yelisey sarayanın gələcək sakini olacaq. Bu da qeyd olunmalıdır ki, proqnozlar özünü doğrultsa 39 yaşlı Macron, həm də Fransa tarixinə ən gənc prezident kimi yazılacaq.

Qəzet yazır ki, onlar ilk dəfə görüşəndə Macron-un 15 yaşı vardı, lakin elə o vaxt o müəlliməsini mat qoyan bir vəd etmişdi.

"17 yaşında Emmanuel mənə dedi: Nə istəyirsən elə, mən səninlə evlənəcəyəm" - deyib xanım Trogneux Paris Match jurnalına müsahibəsində.

Məqalədə deyilir ki, onların ciddi münasibətləri Macron, xanım Trogneux-ün tamaşa parçalarında oynayandan başlanıb. O vaxt 18 yaşı olan Macron Fransanın şimalında yerləşən Amiens şəhərindəki özəl yezuit məktəbində oxuyurdu.

Həmin vaxtlarda soyadı Auziere olan Brigitte ərdə idi və üç uşaq anasıydı. O dram dərnəyinə başçılıq edirdi, yeniyetmə Emmanuel isə ədəbiyyat aşiqi idi və yazıçı olmaq istəyirdi. Onu dram dərnəyinə də elə bu arzusu gətirmişdi.

Bundan sonra, Emmanuel ali məktəbin son kursunu bitirmək üçün Parisə köçmüşdü, amma müəlliməsi ilə əlaqəsini itirməmişdi.

Macron xatırlayır ki, onlar daim bir-birlərinə zəng edər, saatlarla telefondan asılardılar.

Xanım Trogneux isə bir televiziya sənədli filmində xatırlayırdı: "O yavaş-yavaş mənim bütün müqavimətimi yarırdı. İnanılmaz dərəcədə inadkar və səbirli idi".

Brigitte bunu da yada salır ki, Macron adi bir yeniyetmə deyildi və öz yaşıdı olan qızlarla intim münasibətlərdə olmuşdu.

Məqalədə deyilir ki, sonunda Trogneux ərindən rəsmən boşanaraq Emmanuelə qovuşmaq üçün Parisə köçüb və həmin vaxtdan bəri onlar heç vaxt ayrılmayıblar.

İki sevgili rəsmən 2007-ci ildə evləniblər, Brigitte hərçənd təzə ərinin soyadını götürməyib. O indi məhz Trogneux soyadı ilə ərinin seçki kampaniyasında iştirak edir.

"Yox mən onu gizlətmirəm, - deyib Macron Fransa telekanallarından birinə, - O burada, mənim yanımda, mənim həyatımdadır".

Ötən ay Macronun çıxışından sonra ər-arvad səhnədə öpüşüblər. Macron tərəfdarlarına deyib ki, bu qadına borcludur, çünki onun formalaşıb indiki Macron olmasında Brigitte-in əvəzsiz rolu olub.

O çıxışlarında "əgər seçilsəm" yox, "əgər seçilsək" deyir.

Cənab Macron Parisin Nanterre Universitetində fəlsəfə ixtisası üzrə təhsil alıb və bundan sonra ölkənin elitar Ecole Nationale d'Administration (Milli İdarəetmə Məktəbi) akademiyasına daxil olub.

Bir neçə il dövlət qulluğunda çalışdıqdan sonra Macron Rothschild bankında işə başlayıb.

O, 2012-ci ildə Fransa prezidenti Francois Hollande-ın iqtisadiyyat üzrə müşavirlərindən biri olmazdan əvvəl karyera nərdivanı ilə sürətlə qalxmış və artıq milyonların sahibi olmuşdu.

Bu ilin fevral ayında Macron gözlənilmədən onun barəsində yayılmış dedi-qodu ilə üzləşmişdi.

Bəziləri onun başqa bir kişi ilə arvadına sədaqətsizlik etdiyini deyirdilər. Onun siyasi rəqibləri hətta iddia edirdilər ki, Macron-u "qüdrətli gey lobbisi" dəstəkləyir.

Macron Radio France stansiyasının baş direktoru Mathieu Gallet-lə aralarındakı homoseksual münasibətlərə dair şayiələri lağa qoyaraq rədd edib.

Fotonun müəllifi SPL

Piylənmə böyrək xərçənginə səbəb ola bilər

"The Guardian" yazır ki, nüfuzlu xeyriyyə fondlarından birinin apardığı araşdırma Britaniyada piylənmənin böyrək xərçənginin əsas səbəbkarlarından biri olduğunu aşkar edib.

Hesabatda deyilir ki, piylənmə Birləşmiş Krallıqda son 10 ildə əlavə olaraq 20 min nəfərdə böyrək xərçənginin yaranmasına səbəb olub.

Birləşmiş Krallığın Cancer Research fondu bildirir ki, böyrək xərçəngi halları son onillikdə 40 faiz artıb.

Piylənmə və artıq çəki bütün böyrək xərçəngi hallarının 25 faizinə baiskar sayılır. Daha bir 25 faiz də siqaret çəkmək vərdişi ilə bağlıdır. Lakin siqaret çəkənlərin sayı azalsa da, piylənməyə məruz qalanların sayı artmaqda davam edir.

Fond bildirir ki, 2035-ci ilədək böyrək xərçəngi, xərçəng xəstəlikləri arasında ən sürətlə artanı olacaq.

Böyrək xərçəngi yaranmağa başladığı dəqiqədən növbəti on il ərzində insanı öldürə bilir. Bu xəstəlik 50 yaşdan cavan olanlarda nadir sayılır və vaxtında diaqnoz qoyularsa, müalicəsi cərrahiyyə yolu ilə mümkündür.

Lakin bəla da burasındadır ki, böyrək xərçənginin ilkin simptomları olmur və o aşkar ediləndə adətən iş-işdən keçir.

Britaniyada hər il 11900 böyrək xərçəngi diaqnozu qoyulur və bu xəstəlikdən hər il 4300 nəfər vəfat edir. Kişilər böyrək xərçənginə qadınlardan az qala iki dəfə çox tutulurlar.

Səhiyyə kampaniyaçıları narahatdırlar ki, adamların əksəriyyəti böyrək xərçəngi ilə piylənmə arasındakı əlaqə barədə heç nə bilmir.

Məqalədə deyilir ki, böyrək xərçənginin ilk simptomları, əgər belə simptomlar ümumiyyətlə varsa, sidikdə qan, qabırğaların aşağısında aramsız ağrı və bədənin yan tərəfinin şişməsidir. Böyrək xərçəngi diaqnozu bir çox hallarda başqa səbəblərlə götürülən sidik analizləri zamanı qoyulur.

Dünya Xərçəng Araşdırmaları Fondundan Sarah Toule deyir ki, adamların sağlam çəkiyə malik olması hər il 25 min yeni xərçəng halının qarşısını ala bilərdi.

Xanım Toule deyir ki, sağlam çəkini saxlamaq sadədən də sadədir. Bunun üçün istehlak edilən kaloriləri azaltmaq və hər gün azı 30 dəqiqə idman etmək lazımdır.

Fotonun müəllifi Getty Images

Soyuducunun da başa düşmədiyi dil kimə lazımdır?

"The İndependent" qəzetində dərc edilmiş məqalədə deyilir ki, dilçilik ekspertləri island dilinin müasir cəmiyyətdə ölüb gedə biləcəyi barədə xəbərdarlıq ediblər.

Məqalədə deyilir ki, ölkədə ingilis dilindən istifadənin genişlənməsi, turizmdə və elektron cihazların idarə olunmasında ingilis dilinin aparıcı rolunun artması ana dilində danışan islandların sayını 400 min nəfərə endirib.

İslandiya Universitetindən iqtisad professoru Asgeir Jonsson deyir ki, öz unikal dili olmadan ölkə zəka axını ilə üzləşə bilər.

"Baxın, əhalisi İslandiya qədər olan bir ingilis şəhərində daha az alim və sənətçi var. Çünki onların hamısı paytaxta axışıblar" - deyir alim.

Asgeir Jonsson bildirib ki, problemi kəskinləşdirən kompüter proqramlarının ingiliscə "danışmasıdır".

Alim deyir ki, indi hətta səslə idarə olunan soyuducu, robot və başqa cihazlarla da ingilis dilində danışmaq lazım gəlir.

Həmin Universitetdə dil eksperti işləyən Eirikur Rognvaldsson şikayətlənir ki, uşaqlar məktəbdə island dilinə elə də fikir vermirlər.

"İsland dili adamların gündəlik həyatında rolunu itirir" - deyib professor Rognvaldsson.

Professorun fikrincə, indi uşaqların dilaçma dövründə onlarla ana dilində daha az danışırlar.

Bu isə onları gələcəkdə kifayət qədər island sözü bazasına malik olmaqdan məhrum edir.

Əlaqəli mövzular