Azərbaycanın hərbi xərcləri "36 faiz azalıb, Rusiya dünyada 3-cü yerə yüksəlib"

Rus tankları Fotonun müəllifi AFP

2016-cı ildə neft ixrac edən ölkələr arasında Azərbaycanın hərbi xərcləri 36 faiz azalıb, Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatları İnstitutu (SİPRİ) illik hesabatında bildirir.

Bu rəqəmə görə, ölkə hərbi xərclərini kəskin azaldan neft ölkələri sırasında ilk beşliyə daxil olub.

SİPRİ AMEX proqramının araşdırmaçısı Dr. Nan Tian BBC Azərbaycancaya bildirib ki, bu faizi 2016-cı ilin Dövlət Büdcəsində müdafiəyə ayrılan xərclər əsasında, 2015-ci ilə nisbətdə təyin edib.

"Böyük azalma çox azalmış "başqa xərclər"ə görədir. Adətən bu xərclərin əlavə satınalma və ya xüsusi layihələrə ayrılmalar büdcəsi olduğu güman edilir. 2017-ci ildə bu xərclər yenidən bərpa edilib", Dr. Tian müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, bu hesabatda təkcə silahların alınmasına ayrılan büdcə deyil, həmçinin maaşlar, təqaüdlər və hərbçilərə sosial xidmətlər, hərbi araşdırmalar və inkişaf, hərbi yardım üçün ayrılan maliyyə də aiddir.

O həmçinin əlavə edib ki, neft gəlirlərinin azalması və əlaqəli iqtisadi problemlər bir çox neft ixrac edən ölkələrdə hərbi xərclərin kəskin azalmasına səbəb olub.

İqtisadi təhlilçilər bundan əvvəl BBC Azərbaycancaya bildiriblər ki, hərbi büdcəyə ayrılmalar manatın son iki ildə "97 faiz devalvasiyaya uğramasını" nəzərə alaraq hesablanmalıdır.

2016-cı ildə Azərbaycan, Ermənistan və Gürcüstanda hərbi xərclər azalsa da, Azərbaycanda xərclərin azalma dərəcəsi digər Qafqaz ölkələrindən 6 dəfə çox olub.

Gürcüstan və Ermənistanda hərbi xərclər 5 faiz azalıb.

Ermənistanın 2016-cı il hərbi xərcləri 430 milyon dollar təşkil edib. Gürcüstanın hərbi xərcləri isə 315 milyon dollara enib.

Rusiya dünyada III yerə yüksəlib

2016-cı ildə neft qiymətlərinin aşağı düşməsi və iqtisadi sanksiyalara baxmayaraq Rusiya hərbi xərclər sahəsində dünya üzrə 3-cü yerə yüksəlib.

SİPRİ-nin hesabatına görə, Rusiya 2016-cı ildə hərbi xərclərini 5,9 faiz artıraraq 69,2 milyard dollara yüksəldib.

Rusiyanın hərbi xərcləri Sovetlər İttifaqı dağıldıqdan sonra ilk dəfə olaraq ən yüksək səviyyəyə çatıb.

Rusiya 2016-cı ildə Səudiyyə Ərəbistanını keçərək üçüncü yerdə qərarlaşıb.

Xüsusilə neft qiymətlərinin düşməsindən təsirlənən Səudiyyə Ərəbistanı hərbi xərclərini 2016-cı ildə 30 faiz azaldaraq 63,7 milyars dollar səviyyəsində saxlayıb.

ABŞ yenə də birincidir

Siyahının ilk iki sırasında dəyişiklik yoxdur.

Belə ki, ABŞ 611 milyard dollarla ən çox hərbi xərclərə sahib olmaqda davam edərkən, ötən il hərbi xərclərini 5,4 faiz artıran Çin 215 milyard dollarla ikinci yerdədir.

SİPRİ 2016-cı ildə xəclərini 1,2 faiz artıran ABŞ-ın uzun müddətdir davam edən mərhələli düşmə trendini tərsinə çevirdiyini ifadə edib.

"ABŞ-daki siyasi dəyişiklikdən sonra ölkənin hərbi xərclərinin hansı istiqamətə yönələcəyini təxmin etmək çətindir",- deyə SİPRİ-nin direktoru Aude Fleurant belə münasibət bildirib.

ABŞ-ın 2016-cı ildəki hərbi xərcləri, sırada ondan sonra gələn 8 ölkənin xərclərinin ümumu toplamından daha artıq olub.

Türkiyə iki pillə geriləyib

SİPRİ-nin hesabatına görə, Türkiyənin hərbi xərcləri 2016-cı ildə 5,7 faiz azalaraq 14,9 milyard dollar təşkil edib.

2016-cı ildə iki pillə geriləyərək 17-ci yerdə qərarlaşan Türkiyənin önünə keçən ölkələr İspaniya və Kanada olub.

Əlaqəli mövzular